Bakı “şopinq” şəhərinə çevrilir
Azərbaycan Prezidenti İlham Əliyev 2017-ci il oktyabrın 15-dən noyabrın
15-dək Bakı şəhərində keçiriləcək ticarət festivalı ("shopping festival”) ilə
bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki,
Azərbaycanda turizmin inkişafı istiqamətində görülən işlərin davamı olaraq,
2017-ci il oktyabrın 15-dən noyabrın 15-dək Bakı şəhərində ticarət festivalının
("shopping festival”) təşkili məqsədilə Azərbaycanın 2017-ci il dövlət büdcəsində
nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Mədəniyyət və
Turizm Nazirliyinə bir milyon manat ayrılsın. Maliyyə
Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək
tapşırılıb.
Bu
artıq ölkəmizdə keçiriləcək ikinci "Şopinq festival”dır. Bəs görəsən bu
festivalın keçirilməsi bizə nə
qazandırır? Alıcılıq qabiliyyətinin artırılması üçün hansı tədbirlər görülməlidir?
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq
koitəsinin üzvü, millət vəkili Vahid Əhmədov deyir ki, Azərbaycanın
tanınması və yerli məhsulların təbliği baxımdan "şopinq festival”ların keçirilməsi
çox böyük əhəmiyyət kəsb edir. Bundan başqa, "Şopinq festival”ı həm də ölkəyə
gələn turist axınının sayını artırır ki, bu da bizim strategiyamızın əsas hədəfidir:
"Təsadüfi deyil ki, ilk festivalın təşkilindən sonrakı aylar ərzində Azərbaycana
gələn turistlərin sayında böyük artım müşahidə olundu. "Şopinq festival”ının
turizmdən başqa iqtisadi cəhətdən də faydası çoxdur. Birinci ticarət festivalından
sonra ticarət dövriyəmizdə müsbət saldo yarandı. Turistlərin alış-veriş etməsi
üçün geniş imkanları yaradılır ki, bu da ölkə büdcəsinə xeyli gəlir gətirir.
Düzdür, birinci dəfə üçün təcrübəmiz az idi. Ona görə də müəyyən çatışmazlıqlar
var idi. Növbəti ticarət festivalında daha təcrübəliyik. Hesab edirəm ki, bu dəfə
də ölkəyə gələn turistlərin və gəlirlərin sayında artım olacaq”.
Turizm üzrə ekspert Könül Nuriyevadeyir ki, daha çox gəlir əldə etmək üçün daha çox çalışmaq lazımdır: "Prezidentin sərəncamı əsasında ölkədə ikinci dəfə belə ticarət
festivalının keçirilməsi nəzərdə tutulub. Ümumiyyətlə, bildiyiniz kimi, bir çox
dünya ölkələrində belə ticarət festivalları keçirilir. Festivalın keçirilməsində əsas məqsəd
ölkəyə daha çox turist cəlb etməkdir. Kütləvi turizm inkişaf etdikcə, ölkəyə
daha çox valyuta axını cəlb olunur. Azərbaycanda təşkil olunan "Şopinq festival”
Qafqazda və Orta Asiyada ilk dəfə Azərbaycanda keçirilib. Yəni belə demək
olarsa, təcrübə ilk dəfə Azərbaycanda sınaqdan keçirilir. Bu isə nəinki Qafqaz
ölkələri, hətta fars körfəzi ölkələrindən də ölkəmizə marağın yaranmasına gətirib
çıxardı. Birinci dəfə keçirilən "Şopinq festival”da bunun şahidi olduq. Dünya
Turizm Təşkilatı öz saytında dünyada keçirilən bu festivalların ölkənin turizm
gəlirlərini 30 faizə qədər artıra biləcəyini qeyd edir. Təşkilat, həmçinin
sözügedən ölkələrin problemləri və inkişaf perspektivləri ilə də maraqlanır. Bu
mənada hesab edirəm ki, belə bir turizm festivalının ölkəmizdə keçirilməsi yüksək
qiymətləndirilməlidir. Əgər bunu yaxşı təşkil edə bilsək, daha çox gəlir əldə
etmiş olarıq. Çünki mövcud iqtisadi şərtlər daxilində, yəni neft gəlirlərinin
azaldığı bir dövrdə bu festival turizmin inkişafında böyük rol oynayacaq. Hətta
bu barədə strateji yol xəritəsində də qeyd olunub. Göründüyü kimi, artıq ikinci
təcrübədir. Ona görə də bu dəfə daha yaxşı hazırlaşmalıyıq. İlk növbədə bazara
daha keyfiyyətli və daha çox tələbat olan məhsullar çıxarmalıyıq. İnfrastrukturun yenilənməsi ilə festivalların
daha yaxşı təşkil olunması üçün müəyyən işlər görülməlidir. Çünki əgər turistləri
cəlb etmək istəyiriksə, onlara yüksək keyfiyyətli xidmət göstərməliyik. Əsas məsələ
turistləri yaxşı qarşılamaq və keyfiyyətli məhsulları bazara çıxarmaqdır”.
"Modern Marketing
Group” şirkətinin təsisçisi, marketoloqYusif Vəliyevdeyir ki, turistləri cəlb etmək üçün
marketinq işini düzgün şəkildə qurmaq vacibdir: "Turizm
festivalları birbaşa olaraq turizm sektorunun inkişafı üçün nəzərdə tutulub.
İlk dəfə bu ildən keçirilməyə başlayan festivalın əsas məqsədi də elə budur.
Amma qeyd etməliyəm ki, ilkin mərhələdə tam
istənilən effekti almaq mümkün deyil. Bu festivallar keçirildikcə, artıq Bakı hissə-hissə
"şopinq” şəhərinə çevriləcək. İstər İstanbul, istər Dubay kimi şəhərlərdə bu təcrübə
artıq yaşanıb. Yəni birinci dəfə tam istənilən nəticəni əldə etmək mümkün
olmayıb. Ticarət festivalı ənənəvi hal aldıqdan sonra artıq festivalın
marketinq dəyərindən söhbət gedə bilər. Qeyd etdiyimiz kimi, əsas məqsəd ölkəyə turist axınını gücləndirməkdir. Çünki bu
axın turizm sektoru ilə yanaşı, digər sektorlara da öz təsirini göstərir. Amma
təəssüflər olsun ki, bəzi çatışmayan məqamlar da var. İlk növbədə PR işinin
qaneedici səviyyədə aparılmadığını qeyd etməliyik. Bu festival daha çox gəlmə
turistlər üçün nəzərdə tutulub. Ona görə də bu festivalın böyük marketinq siyasətinin
qurulmasına ciddi ehtiyac var. Əgər biz "Made in Azerbaijan” brendindən
danışırıqsa, bazara rəqabətə davamlı məhsulları təqdim etməliyik. Düzdür,
festivalda daha çox xarici markalar təmsil
olunur. Amma xarici markalarla yanaşı, yerli şirkətlərin də aktiv rol oynaması
burada son dərəcə önəmli məsələdir. Bu şəkildə həm də yerli biznesin inkişafına
təkan verə və yerli məhsulların xarici bazarlara çıxışını təmin edə bilərik. Bunun
üçün isə "Şopinq festival”ın özünün marketinq strukturunun düzgün istiqamətdə
qurulması çox vacibdir”.
Şəbnəm Mehdizadə