• cümə, 26 Aprel, 17:19
  • Baku Bakı 23°C

Bakı sivilizasiyaların harmoniyası olacaq

04.05.17 09:30 945
Bakı sivilizasiyaların harmoniyası olacaq
Prezident İlham Əliyevin 2011-ci il 27 may tarixində imzaladığı fərmanla Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu hər iki ildə bir dəfə keçirilir. Bu fərmandan irəli gələrək, 7-9 aprel 2011-ci ildə Bakıda I, 29 may - 1 iyun 2013-cü ildə II, 18-19 may 2015-ci ildə III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib. Azərbaycan Prezidentinin himayəsi ilə keçirilən bu Forum YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, BMT-nin Dünya Turizm Təşkilatı, Avropa Şurası, İSESKO-nun birgə tərəfdaşlığı ilə təşkil edilən yeganə platformadır. 4-6 may 2017-ci il tarixlərində isə ölkəmizdə IV dəfə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil ediləcək. Daha əvvəl keçirilən forumların uğurlu nəticəsi və hər il genişlənən mütərəqqi təcrübəyə əsaslanan IV Bakı Forumu öz növbəsində mədəniyyətlər və sivilizasiyalar arası gərginliklərin aradan qaldırılması, davamlı inkişaf və inklüziv cəmiyyət məsələlərinin müsbət dinamika üzrə inkişafını təmin etmək və başqa bu kimi ali məqsədlərin həll olunması üçün səy göstərəcək, beynəlxalq aləmdə sülh və əmin-amanlığın möhkəmlənməsinə, istər etnik-mədəni, istərsə də dini-siyasi sferada konstruktiv ideyaların reallaşması və yayılması prosesinə öz töhfəsini verəcək.

Mövzu ilə bağlı "Kaspi” qzəetinə açıqlamasında millət vəkili Aydın Mizəzadə bildirib ki, Azərbaycan artıq beynəlxalq tədbirlərin keçirildiyi bir ölkə kimi tanınır: "Bu, həm təşkilatçılıq baxımından, həm də Azərbaycanın özünün keçirtdiyi hər hansı tədbirlə əlaqədar təqdim edəcəyi müsbət təcrübə ilə bağlıdır. Bu gün mədəniyyətlərarası dialoq və sivilizasiyaların harmoniyası ən aktual məsələlərdən biridir. Dünyada bir çox ölkələr bu məsələlərin böhranını yaşayır. Azərbaycan isə əksinə, bu sahədə çox böyük uğurlar əldə edib. Bir çox ölkələr və beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdırlar. Hesab edirəm ki, Azərbaycan artıq özünün inkişaf etmiş dövlət quruculuğu təcrübəsi ilə digərlərinə nümunə ola biləcək bir ölkə imici yaradıb. Həmçinin, Azərbaycan sözün əsl mənasında artıq mədəniyyətlərin qovuşduğu ölkədir. Müasir dünyanın problemləri də məhz sivilizasiyaların bir-biri ilə harmoniya şəklində yaşaması ilə mümkündür. Bir çox dövlət başçılarının, vaxtı ilə mühüm siyasi vəzifə tutmuş insanların, ziyalıların, tanınmış şəxslərin tədbirə gəlişi isə Azərbaycanın artan nüfuzunun növbəti göstəricisi olur”.

A.Mirzəzadə qeyd edib ki, IV Bakı Forumu vasitəsilə Azərbaycanın dünyaya mesajı sülhün, təhlükəsizliyin qorunması, insan faktoruna diqqətin artırılması, beynəlxalq hüququn ciddi şəkildə qorunmasına riayət edilməsi kimi məsələlər olacaqdır: "Dünyanın xilası harmoniyada, hüququn aliliyində və mədəniyyətlərə hörmətlə yanaşılmasındadır”.

Milli Məclisin deputatı Rasim Musabəyov bildirib ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanda keçirilən ənənəvi tədbirdir və ölkəmiz bu toplantıya aktiv şəkildə ev sahibliyi edir: "Bu tədbirə nüfuzlu siyasətçilər, tədqiqatçılar, ziyalılar toplaşır və dünya üçün çox aktual olan problemlər müzakirə edilir. Nəzərə almaq lazımdır ki, dünyada təlatümlü dövrdür, sivilizasiyalar arasında gərginlik artır, çarpışmalar baş verir. Azərbaycan da dünya sivilizasiyalarının kəsişməsində yerləşir. Ölkəmizin şimalında xristian dövləti, cənubunda isə müsəlman dövləti yerləşir. Mədəniyyətlərarası gərginlik artarsa, bu, bizim üçün də təhlükələr vəd edər. Azərbaycan belə dialoqun keçirilməsində və problemin dinc yolla həllində maraqlıdır. Yəni, ölkəmiz həm daxili sabitliyi saxlamaq, həm də ətrafımızda əlverişli mühit yaratmaq üçün bu tədbirə ev sahibliyi etməkdə maraqlıdır”.

Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə bildirib ki, Mədəniyyətlərarası Dialoq Forumunun Bakıda keçirilməsi artıq ənənəvi hal alıb: "Çox gözəl bir imkandır ki, Azərbaycan öz təcrübəsini, tarixi ənənəsini dünya ilə bölüşsün. Çünki Azərbaycanda artıq uzun iləərdir ki, fərqli dinlərin, etnik qrupların birgə qarşılıqlı hörmət və əməkdaşlıq sistemi formalaşıb. Bizim fikrimizcə, bu, çox böyük dəyərdir ölkəmiz üçün çox əhəmiyyətlidir. Dünyanın bir sıra bölgələrində islamafobiya, antisemitizm artmağa doğru gedir. Düşünürəm ki, məhz Azərbaycan təcrübəsi bu istiqamətdə çox gözəl bir nümunə ola bilərdi”.

A.Mollazadə əlavə edib ki, budəfəki Bakı Forumunda dinlərin qarşılıqlı hörmət ənənəsi, millətlərin mədəni münasibətləri, mübadiləsi müzakirə mövzusu olacaq: "Bir neçə dəfə bu istiqamətdə Forum baş tutub. Sadəcə olaraq, indi əhatə dairəsi genişlənib, yeni üzvlər foruma qatılır. Bu mənada Forumun çox önəmli olduğunu qeyd edir və onu mühüm hadisə kimi qiymətləndirirəm”.

Millət vəkilinin sözlərinə görə, Bakı Forumu vasitəsilə dünyaya veriləcək mesaj ondan ibarət olacaq ki, tolerantlıq sahəsində mühüm irəliləyişlər sivilizasiyaları xilas edə bilər: "Bilirik ki, Avropada tolerantlıq anlayışı nifrətin dözümlülüklə əvəz olunması kimi başa düşülür. Lakin Azərbaycanda bu anlayış qarşılıqlı hörmət və əməkdaşlıq təcrübəsidir. Bizim nümunəyə əsaslansaq, bu, sivilizasiyaların, o cümlədən dünyanın xilası ola bilər”.
Bəxtiyar MƏMMƏDLİ

banner

Oxşar Xəbərlər