• cümə, 29 Mart, 02:43
  • Baku Bakı 7°C

Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı

11.09.17 18:31 2174
Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı
"Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında təhsilin keyfiyyəti başlıca prioritet kimi qeyd olunub” - Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfransında səslənən bu fikirlər 2016-2017-ci tədris ilinin "Ümumi təhsildə keyfiyyət ili kimi” səciyyələnməsində rol oynadığını bir daha diqqətə çatdırdı.
Təhsil naziri Mikayıl Cabbarov, nazirliyin struktur bölmə rəhbərləri, Bakı şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və əməkdaşları, məktəb direktorları, müəllimlər, məzunlar və media nümayəndələrinin iştirak etdiyi konfransda 2016-2017-ci tədris ilində əldə olunan uğurlara nəzər salındı. Tədris ili ərzində BŞTİ-nin əldə etdiyi uğurları əks etdirən videoçarx nümayiş olunduqdan sonra Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva hesabat məruzəsi ilə çıxış edərək, ötən dərs ilinin paytaxtın təhsil həyatında bir sıra uğurlarla yadda qaldığını vurğuladı. Əldə olunan nailiyyətlərin müqayisəli təhlilini aparan idarə müdiri ümumi təhsilin müxtəlif istiqamətləri üzrə görülmüş işlərə diqqət çəkərək, perspektiv məsələləri diqqətə çatdırdı. BSTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin 2017-2018-ci tədris ilinə tam hazır olduğunu və növbəti dərs ilində daha yüksək nailiyyətlər qazanacaqlarına əminliyini ifadə edən M.Vəliyeva bu il Azərbaycanın tədris sistemində keyfiyyət ilinin təmin olunması ilə bağlı həyata keçiriləcək tədbirlərlə əlaqədar Təhsil Nazirliyinintədbirlər planı təsdiq etdiyini qeyd etdi. Belə ki, Fəaliyyət planında təhsilin bütün əsas istiqamətləri, məktəb idarəetməsində ən müasir texnologiyalardan, yanaşmalardan istifadə, təmayülləşmə, məktəblərdə mütəmadi olaraq şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi, kadr təminatı, məktəb mühitinin yaxşılaşdırılması, məktəb sənədləri ilə iş və digər bütün keyfiyyətə təsir edən sahələr üzrə işlərin görülməsi nəzərdə tutulur: "Bakı şəhər Təhsil İdarəsi həmin fəaliyyət planı əsasında il ərzində məktəblərin fəaliyyətini istiqamətləndirəcək”. Müəllimlərin işə qəbulu üzrə müsabiqədən söz açan idarə müdiri Bakı şəhəri üzrə 1349 vakansiya təqdim edildiyini bildirdi. Belə ki, bu günə qədər 651 nəfər müəllim müvafiq işlə təmin edilib. 275 müəllimin Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində iş yeri dəyişdirilib: "Paytaxtın təhsil müəssisələrində çalışan müəllimlərin orta həftəlik dərs yükü 18,8 saat təşkil edir. Ötən tədris ilində 54 müəllim təhsilin inkişafında xüsusi xidmətlərinə görə müxtəlif mükafatlarla təltif olunub”.İdarə müdiri bu il ümumi orta təhsil səviyyəsində (IX sinif) məzunların buraxılış imtahanlarında göstərdikləri nəticələrə toxunaraq ötən illə müqayisədə irəliləyiş (4,75%) əldə olunduğunu bildirdi: "XI sinfin buraxılış imtahanlarında da məzunların göstəricilərində artım müşahidə olunub. Qəbul nəticələrinə gəlincə, bu il keçirilən qəbul imtahanlarında məzunlara iki dəfə qəbul imtahanı vermək imkanının yaradılması ümumilikdə qəbul imtahanlarının nəticələrinin artmasına şərait yaradıb və bu, Bakı şəhərində də özünü göstərib. Bu il idarənin tabeliyində fəaliyyət göstərən məktəblərin məzunları arasında 5 nəfər maksimum nəticə göstərərək, 700 bal toplayıb. Eyni zamanda, 500-600 bal arası nəticə göstərənlərin sayı da kifayət qədərdir”. İdarə müdiri ölkəmizdə son 3 ildə I sinfə qəbulun elektron sistem vasitəsilə həyata keçirilməsinin bir çox məsələnin həllinə müsbət təsir etdiyini qeyd etdi: "Hazırda Bakı məktəblərinin yalnız 15 faizində şagird sıxlığı müşahidə edilir. Həmin məktəblərdə də uşaqların qəbulu mikro-ərazi prinsipi əsasında aparılır. Bundan əlavə, uşağın bacı-qardaşı həmin məktəbdə oxuyursa, valideynlərə problem yaratmamaq üçün həmin uşaqlar da bu məktəblərə yerləşdirilir. Bakının 85% məktəbində isə heç bir sıxlıq müşahidə olunmur, nəticədə mikro-ərazi prinsipi tətbiq edilmir. Valideynlər uşaqlarını istədikləri məktəbə yerləşdiriblər”. M. Vəliyeva artıq 45 mindən çox uşağın məktəblərə sənədlərini təqdim etdiyini bildirdi: "Bu il 46 mindən çox uşağın yeni tədris ilində I sinfə qəbulu proqnozlaşdırılır”.
Məktəbəhazırlıq qruplarına gəlincə, elektron qaydada həyata keçirilən qəbulda uşaqların sayı 65% təşkil edir: "Ötən ildəki təcrübədən bu il də istifadə olunacaq”. İdarə müdiri BŞTİ-nin "Təhsili dəyərə çevirək” adı altında 25 müxtəlif layihə həyata keçirdiyini qeyd etdi.
Konfransda çıxış edən təhsil naziri Mikayıl Cabbarov təhsil sahəsindəki uğurlardan və mövcud problemlərin həlli istiqamətində atılacaq addımlardan danışdı. «Ümumi təhsildə keyfiyyət ili» elan edilmiş növbəti tədris ilinin fəaliyyət baxımından daha zəngin olacağını vurğulayan nazir, Azərbaycanda sentyabrın 15-də 60-a yaxın modul məktəb istifadəyə veriləcəyini, bu ilin sonuna kimi 100 modul məktəbin istifadəyə verilməsinin planlaşdırıldığını bildirdi: "Ümumilikdə yeni tədris ilinə hazırıq. Tədris ilinə hazırlıq məqsədi ilə yay aylarında bütün lazımi və zəruri işlər həyata keçirilib”. Nazir dərslik məsələsinə toxunaraq Azərbaycanın qanunvericiliyinə uyğun olaraq, hər bir dərsliyin istifadə müddətinin 4 il olduğunu və 4 ildən bir həmin dərsliklərin çap edildiyini qeyd etdi: "Hər il qanunvericiliyə uyğun olaraq, həm yeni dərsliklər, həm də 4 illik istifadə müddəti tamam olan dərsliklərin çapı həyata keçirilir”. M.Cabbarov bu il əldə edilən ən mühüm nəticələrdən birinin müəllim peşəsi nüfuzunun tam bərpasının olduğunu qeyd etdi. Belə ki, bu, müəllimlərin işə qəbul imtahanlarında iştirak edən namizədlərin sayından da bəllidir: "Bu il 49 min namizəd müsabiqəyə qatılıb, 2013-cü ildə isə bu rəqəm 14 minə yaxın idi. Müəllimlik ixtisaslarını seçən abituriyentlərin ballarının da artdığını müşahidə edirik. Əgər əvvəllər 500-600 balla müəllimlik ixtisasına gedən abituriyentlər yox idisə, bu gün yüksək balla həmin ixtisasları seçənlərin sayı yüzlərlə ölçülür”.
Nazir qeyd etdi ki, Azərbaycanda qəbul və buraxılış imtahanlarının yeni formatda keçirilməsi ilə bağlı aparılan fəaliyyət Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzinin birgə gördüyü işdir: "Bu birgə işin zərurəti Azərbaycanın məktəblərində 9 il öncə yeni məzmunlu proqramın - kurikulumun tətbiqi ilə əlaqələndirilib. Eyni zamanda, bu layihənin əsas məqsədi gənclərin, məktəb məzunlarının bilik və bacarıqlarının qiymətləndirilməsi prosesini daha da təkmilləşdirmək, asanlaşdırmaq və şəffaf etməkdir. Bu istiqamətdə işlər daim həyata keçirilir”. Nazir sentyabrın 9-da Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və təhsil nazirinin müavini, DİM-in Direktorlar Şurasının üzvü Ceyhun Bayramov və digər təhsil ekspertlərinin iştirakı ilə işçi görüşlər keçirildiyini bildirdi: "İctimaiyyət bu proses üzrə görülən işlərdən məlumat alacaq”.
95 nömrəli tam orta məktəbin direktoru Fuad Babayev müəllimlərin işə qəbulunda şəffaflığın təmin edilməsinin təhsilin ümumi keyfiyyətinə təsir etdiyini, 108 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Əzət Balayeva diaqnostik qiymətləndirmənin müəllimlərin peşəkarlığının artmasında rol oynadığını qeyd etdilər. 162 nömrəli tam orta məktəbin məzunu və bu il ali məktəblərə qəbul imtahanlarında 700 bal toplayan, Bakı Ali Neft Məktəbinin birinci kurs tələbəsi Mahirə Əsədzadə çıxış edərək yüksək bal toplayıb tələbə adı qazanmaq üçün əzmlə çalışmağın vacibliyini vurğuladı.
Konfransın sonunda ümumi təhsil müəssisələrinin qızıl və gümüş medala layiq görülən məzunları qiymətli hədiyyələrlə mükafatlandırıldılar.

Təranə Məhərrəmova



banner

Oxşar Xəbərlər