AZE | RUS | ENG |

Bakı restoranlarının zirzəmilərində saxta araq sexləri ARAŞDIRMA

Bakı restoranlarının zirzəmilərində saxta araq sexləri ARAŞDIRMA
Hər il təkcə Bakıda araqdan 500-ə yaxın adam zəhərlənsə də, dövlət qurumları mağazalarda saxta araq “tapa bilmir”...

“Restoran və kafelərdən boş butulkaları ucuz qiymətə alırdıq, həm də zibilliklərdə gəzən “bomj”larla da əlaqəmiz var idi. Onlar boş butulkaları gətirir, əvəzində pul alırdılar. Amma butulkanı həm də səhv etmirəmsə, Cəlilabad, ya Masallıda butulka istehsalı ilə məşğul olan fabrikdən də gətizdirirdilər. Restoranlardan yığdığımız butulkaları sexdə işləyən qadınlar əllə yuyurdular və içərisinə öz istehsal etdiyimiz arağı doldurur və Rusiyadan gətirilən araq adı altında satırdıq. Amma öz müəssisəmizin də adı ilə buraxdığımız araqlar olurdu”.

Bunu bizimlə söhbətində Bakı ətrafında qanuni fəaliyyət göstərən araq sexlərindən birində 2 il əvvəl çalışan Anar bildirdi.

“Butulkaları restoranlardan alırıq”
Butulkaları sexə və hazır məhsulu maşınlara daşımaqla məşğul olan Anarın sözlərinə görə, hazırlanan araq böyük dəmir çəlləyə yığılır, buradan da aparat vasitəsilə butulkalara doldurulurdu: “Daha sonra maşın arağın etiketini və qapağını vururdu. Amma bəzi markaların qapaqlarını biz özümüz vururduq”.

Anar deyir ki, araq şüşələrini elə hazırlayırmışlar ki, kənardan baxan alıcı bunun Rusiyada istehsal olunmadığından şübhələnə bilməzdi: “Restoran və kafelərdən aldığımız butulkaların etiketləri üstündə hazır idi. Üstündə hansı məlumat lazımdırsa, AzStandartın nömrəsinəcən hamısı var idi. Bundan başqa, etiketi olmayan butulkaların da üzərinə vurmaq üçün hazır etiketlər alırdıq. Bunu da çox professional səviyyədə hazırlayırdıq”.

Anar hazırladıqları məhsulun müştərilərinin restoran və kafelər olduğunu dedi: “Müdirimizin restoran və kafelərlə yaxşı əlaqələri var. Mən biləni, araq mağazalara verilmirdi”.

“Araq ən az istehlak olunan məhsuldur, nə ondan yapışmısız?”
Qəzetimizin dünənki sayında ötən ilin 11 ayı ərzində 464 nəfərin Bakı Şəhər Təcili Tibbi Yardım Stansiyasına alkoqol zəhərlənməsi ilə müraciət etdiyini yazmışdıq. Həmçinin qeyd etmişdik ki, İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzi istehsal müəssisələri, satış obyektlərində monitorinqlər apararaq saxta yollarla məhsulların hazırlanmasının və istehlakçılara çatmasının qarşısını almaqla məşğuldurlar. Ancaq təəssüflər olsun ki, Kənd Təsərrüfatı Nazirliyi sözügedən sahədə apardıqları son monitorinqin nəticələrini mətbuata verməkdən imtina etdi. Bunu yalnız ilin sonunda edə biləcəklərini dedilər.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bizimlə söhbətində nazirlik yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin ümumilikdə ərzaq məhsulları üzrə reydlər apardığını bildirdi. A.Əliyev də konkret rəqəm söyləmədi, hansı müəssisələrin saxta araq istehsal etdiklərini, nə qədər arağın bazardan çıxarılıb-çıxarılmadığı barədə məlumat verə bilməyəcəyini dedi: “Araq ən az istehlak olunan məhsuldur, nə ondan yapışmısız? Biz arağın ümumi ərzaq məhsulları içərisində xüsusi çəkisini hesablamırıq.”

A.Əliyevin dediyi kimi, araq həqiqətən də ərzaq bazarında ən az istehlak olunan məhsullardandır. Ancaq bu məhsulun restoranlarda, kafelərdə kütləvi zəhərlənmələrə, hətta ölümə səbəb olduğunu nəzərə alıb problemi ictimailəşdirməyi qərara almışıq.

Arağın standartı
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) ictimaiyyətlə əlaqələr sektorunun müdiri Fazil Talıblı qəzetimizə açıqlamasında spirtli içkilərin satış bazarına həmişə dövlət nəzarətinin həyata keçirildiyini dedi. O, komitə yanında texniki tənzimləmə və standartlaşdırma üzrə dövlət nəzarəti xidmətinin spirtli içkilər bazarında da yoxlamalar apardığını bildirdi: “Məhz son dörd ay ərzində 14 araq müəssisəsində, şərab zavodlarında dövlət nəzarəti tədbirləri həyata keçirilib. Onlardan altısı Bakının payına düşür. Məlumat üçün bildirim ki, götürdüyümüz hər bir nümunədən laboratoriyaya verilib və nəticələr hər birində müsbət çıxıb. Yalnız müəssisələrdən üçündə məhsulun üzərində istehsal tarixi qeyd edilmədiyinə görə iradnamə verilib. Bu iradlar bir ay ərzində aradana qaldırılıb”.

SMPDK sözçüsü ölkəmizdə istehsal olunan arağın standartlarından da danışdı: “Standart tələb edir ki, arağın xarici görünüşü şəffaf olmalı, tərkibində kənar cisimlər olmamalı, dadı və aromatı araq məhsullarına xas olmalıdır. Arağın ekstra növlərində spirtin həcmi 38-56 faiz, lyuksda 40 faiz olmalıdır. Təbii ki, araq məhsullarının üzərində istehsal tarixinin yazılması da mütləqdir. Lakin yararlılıq müddəti deyil, tövsiyə olunan zəmanət müddəti şüşənin üzərində qeyd oluna bilər. Araq məhsullarının konkret yararlılıq müddəti 1-2-3 il göstərilmir, yəni bu müddət tələb kimi qoyulmur. Zəmanət müddəti araq məhsullarında beş il müəyyənləşdirilib. Yəni beş il ərzində araq istehlakının həyata keçirilməsi tövsiyə olunur”.

Dövlət qurumları bir-birini təkzib edir
F.Talıblı bildirdi ki, araq butulkasının etketində istehsalçı müəssisənin adı, yerləşdiyi yer, arağın adı, istehsal tarixi, keyfiyyət haqqında sənədin nömrəsi olmalıdır.

Sektor müdirinin fikrincə, arağın qiymətinin keyfiyyətinə təsiri yoxdur: “Biz ucuz arağın keyfiyyətsiz, standartlara cavab verməməsi barədə fikirləri inkar edirik. Qiyməti bazar tənzimləyir. Bizim yoxlamalar zamanı keyfiyyət əsas götürülür. 2 manat 30 qəpiyə təmiz etil spirtiylə hazırlanmış arağın satılması mümkündür”.

Qeyd edək ki, qəzetimizin dünənki sayında Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzi Dequstasiya Komissiyasının sədri Sabir Vəliyev bildirib ki, 2-3 manata satılan spirtli içkilər araq deyil, tünd içkidir: “Əgər bu qiymətə olan içkinin üzərində onun tünd içki deyil, araq olduğu yazılırsa, deməli, saxtadır. Heç vaxt 2-3 manata araq olmaz. Çünki etil spirtinin özünün qiyməti bahadır. Araq emal edəndən sonra isə onun xərcləri etil spirtinin üzərinə gəlir. Buna görə də 0.5 litrlik arağın qiyməti 4-5 manatdan aşağı olmamalıdır”.

Restoranlar da araq hazırlayır
Onu da deyək ki, araşdırmamız zamanı bəlli oldu ki, standartlara cavab verməyən, tərkibində zəhərlənməyə səbəb olan maddələrin çox olduğu araqların böyük hissəsi restoranların zirzəmilərində fəaliyyət göstərən sexlərdə hazırlanır. Buna görə də araqdan kütləvi zəhərlənmələr restoranlarda baş verir. Hətta bu sexlərdə istehsal edilən araqların bazara çıxarıldığı da deyilir.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sözçüsü Fazil Talıblı isə şadlıq evlərinin zirzəmilərində araqların istehsal edilməsinə bir-iki il bundan əvvəl rast gəlindiyini və qarşısının alındığını dedi: “Hazırda belə bir şey yoxdur. Apardığımız son dörd ay ərzində elə bir fakt aşkar olunmayıb. Biz istehlakçılara müraciət edirik ki, əgər hər hansı fakt varsa 963 saylı “qaynar xətt” xidmətimizə müraciət etsinlər”.

“Bunu da aşkarlamaq bizim işimiz deyil”
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qida gigiyenası bölməsinin rəhbəri İmran Abdullayev də istehsal müəssisələrində və mağazalarda apardıqları reydlər zamanı saxta araqlarla rastlaşmadıqlarını dedi: “Hələ ki, satışda olan araqların tərkibində hansısa maddənin normadan kənar olması hallarına rast gəlməmişik. Standartlara cavab verməyən araqlar çox vaxt evlərdə, həyətlərdə kustar üsulla gizli hazırlanır. Bizim haqqımız yoxdur ki, insanların şəxsi həyatyani sahələrinə, evlərinə girib axtarış aparaq. Bu cür yolla istehsal edilən məhsullarda etiketlər saxta yolla düzəldilir, butulkaların forması fərqli olur və s. Bunu da aşkarlamaq bizim işimiz deyil. Bunun üçün Kənd Təsərrüfatı Nazirliyində bir neçə nazirliyin də qatıldığı Mərkəzi Dequstasiya Komissiyası yaradılıb”.

İ.Abdullayev araq hazırlanması zamanı saxtakarlığa iki halda yol verildiyini dedi: “Birincisi, gizli olaraq fəaliyyət göstərən sexlər kustar üsulla spirtli içkilər hazırlayırlar. İkincisi, qanuni fəaliyyət göstərən müəssisələrin istehsal etdikləri məhsullar normalara cavab vermir. Hər iki halda məhsul standartlara uyğun olmadığından saxta sayıla bilər”.

Metil spirtindən hər il 400 nəfər ölür
İ.Abdullayev adi alıcının saxta araqla əsl arağı müəyyənləşdirməyinin çətin olduğunu dedi: “Mağazalarda vizual olaraq saxta arağı müəyyənləşdirmək çox çətindir. Yalnız professional istehlakçı spirtin iyindən onun saxta olub olmadığını hiss edə bilər. Biz isə labarator analizlər nəticəsində buna qərar verə bilərik. Hər şey arağın tərkibinə qatılan spirtdən asılıdır. Araq etil (yeyinti) spirtindən düzəldilir. Zəhərlənməyə səbəb olan araqları əsasən yeyinti deyil, ucuz başa gələn texniki spirtdən hazırlayırlar. Tərkibində etil olan hər bir şeydən spirt hazırlamaq mümkün olduğundan hətta neft məmulatlarından da spirt alırlar. Digər bitkilərdən, ağaclardan alınan metil spirti isə toksiki təsirə malikdir. Tərkibində metil spirti olan arağı içən zaman gözü kor edə bilər”.

Qeyd edək ki, metil spirtindən Rusiyada hər il təxminən 400 nəfər həyatını itirir.

İ.Abdullayevin sözlərinə görə, standartlara cavab verməyən içkilərdə istifadə olunan su yumşaldılmır, siviş yağları, metanol, aldehidlər normaya salınmır, məhsul kömürdən keçirilmir. Zəhərlənmələrdən sığortalanmaq üçün arağı normal fəaliyyət göstərən marketlərdən almaq lazımdır. Küncdə-bucaqda olan marketlərdən ucuz qiymətə satılan araqlara aldanmaq lazım deyil”.

Saxta araqlar beyini pozur
Toksikoloq Sənubər Baxşıyev araqdan zəhərlənmələrin genefondumuza təsirindən danışdı. Bildirdi ki, zəhərlənmələr zamanı xüsusilə cavan nəslin müxtəlif orqanları sıradan çıxır: “Saxta araqlar ilk növbədə qaraciyərdə zəhərlənmə verir, başda ağrılara səbəb olur, mədəyə, ürəyə, böyrəklərə təsir göstərir. Texniki spirtdən hazırlanan içkilər beyinə təsir göstərir, beyin pozuntularına gətirib çıxarır”.

Sonda araşdırmamızı ümumiləşdirərək qeyd edək ki, İqtisadi İnkişaf Nazirliyi saxta araqlarla bağlı qəzetimizə heç bir məlumat vermədi, Dövlət Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi apardıqları monitorinqlərə əsaslanaraq müəssisələrdə standartlara uyğun olmayan məhsulların istehsal edilmədiyini dedi, Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzi də apardıqları monitorinqlər nəticəsində bazarda gigiyenik tələblərə cavab verməyən məhsulların olmadığını bildirdilər. Bəs görəsən, istehsal müəssisələri standarta cavab verən məhsul istehsal edir, bazarlarda keyfiyyətli məhsullar satılırsa, araqdan zəhərlənənlər tərkibi müəmmalı olan içkini haradan alıb içir?
Lalə Musaqızı

Araşdırmanın birinci hissəsi ilə burada tanış ola bilərsiniz - http://www.kaspi.az/news.php?id=743

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8876
GEL 1 1 Gürcüstan larisi 0.583
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0559
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.7369
KWD 1 1 Küveyt dinarı 5.5865
TRY 1 1 Türkiyə lirəsi 0.3056