• şənbə, 20 Aprel, 11:08
  • Baku Bakı 14°C

Bakı-Qazax dəmir yolu reysi ləğv edilməliydimi?

22.11.13 08:38 5584
Bakı-Qazax dəmir yolu reysi ləğv edilməliydimi?
Dəmir yolunda qatarların hərəkətində yenilik edilib. Belə ki, Dövlət Dəmir Yolları QSC-dən mətbuata verilən məlumata görə, dekabrın 1-dən etibarən Bakı-Qazax sərnişin qatarı reysi ləğv ediləcək.
QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib ki, qeyd edilən reysin ləğv olunması sərnişin daşımalarında iqtisadi səmərəliliyin artırılması, təsərrüfata çəkilən xərclərin azaldılması, sərnişinlərin rahatlığının təmin edilməsi və onlara göstərilən xidmət səviyyəsinin daha da yaxşılaşdırılması məqsədilə həyata keçirilir: “Dekabrın 1-dən Bakı-Qazax-Bakı sərnişin qatarı ləğv edilərək Bakı-Ağstafa-Bakı sürət qatarının marşrutu Qazax stansiyasınadək uzadılacaq və “Bakı-Ağstafa-Qazax-Bakı sürət qatarı” adlandırılacaq. Qatar 10 vaqondan ibarət olacaq və sərnişin axını olarsa, qatara əlavə fakultativ vaqonlar qoşulacaq. Bakı-Qazax-Bakı sərnişin qatarı Bakıdan axırıncı dəfə 30 noyabr 2013-cü ildə, Qazaxdan geriyə isə 1 dekabr 2013-cü ildə yola düşəcək”. Dəyişiklik zamanı tariflərin dəyişib-dəyişməyəcəyinə gəlincə, N.Əzməmmədov bildirib ki, Bakı-Tiflis qatarında gedişhaqlarında dəyişiklik edilib: “Bu, beynəlxalq reys sayılır, Böyük Kəsiyədək tariflərdə dəyişiklik olmayacaq”.
Qeyd edək ki, reysin ləğv olunması əhali arasında birmənalı qarşılanmayıb. Həmin istiqamətdə tez-tez dəmir yolu nəqliyyatından istifadə edən vətəndaşlar qərardan narazıdırlar. Bildirilir ki, Bakı-Qazax dəmir yolu reysinin ləğvi bu istiqamətdə sıxlığa, sərnişinlərin qatardan istifadəsində problemlər yaranmasına səbəb olacaq.
İqtisadçı ekspert Pərviz Heydərovun fikrincə, ümumiyyətlə, Azərbaycanda nəqliyyat sahəsində ümumi bir strategiya hazırlanmasına ehtiyac var: “Bu gün nəqliyyat sektorunda görülən işlər və həyata keçirilən layihələr vahid mexanizm təşkil etmir. Ayrı-ayrı nəqliyyat növləri və yaxud vasitələri üzrə iqtisadi rentabellik səviyyəsi dəqiq hesablanmır. Ona görə də hər hansı bir marşrut üzrə qərar çıxarılarkən bəzən bu, düşünülməmiş xarakter daşıyır. Bakı-Qazax qatar reysinin ləğv edilməsi kimi addımlar da bu qəbildəndir. Bunun iqtisadi səmərəsini təbii ki, Dövlət Dəmir Yolu İdarəsi daha yaxşı bilər. Ancaq söhbət, ölkənin mühüm bir regionundan, xüsusən də paytaxtdan uzaq rayondan və bölgədən getdiyi üçün bu məsələ ilə əlaqədar addımı təkcə adıçəkilən quruma aid məsələ də hesab etmək olmaz. Odur ki, qərar müvafiq iqtisadi əsaslandırma tələb edir. Əgər burada sərnişindaşımada rentabelsizlikdən söhbət gedərsə, bizcə, bu, yenə reysin dayandırılması üçün əsas vermir”.
ADDYİ mətbuat katidi Nadir Əzməmmədov isə qəzetimizə açıqlamasında bildirdi ki, vətəndaşların narahatlığına əsas yoxdur: “Vaqonların sayı eyni olacaq. Sıxlıq olsa, əlavə vaqon qoşulacaq. Odur ki, vətəndaşlar narahat olmasınlar”. O ki qaldı iqtisadi əsaslandırmaya, mətbuat katibinin sözlərinə görə, hər hansı reyslə bağlı qərar veriləndə, mütəxəssislər tərəfindən yola uyğun olaraq qatarın təsnifayı keçirilir: “Hazırda biz o yolla hərəkət edən qatara 20 vaqon qoşa bilmərik. Çünki orada döngələr var, üstəlik, hazırda təmir gedir”.
Qeyd edək ki, Bakı-Qazax reysinin qiymətləri digərlərinə nisbətən daha aşağı idi. N.Əzməmmədovun sözlərinə görə, bundan sonra kim istəsə, bir qədər bahalı olan Bakı-Ağstafa reysindən istifadə edər, kim də istəsə, ucuzlaşdırılan Bakı-Tiflis reysindən: “Lakin nəzərə almaq lazımdır ki, Bakı-Tiflis reysində yalnız Böyük Kəsiyə qədər olan biletlər ucuzlaşdırılıb”.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər