• çərşənbə axşamı, 16 aprel, 16:02
  • Baku Bakı 19°C

“Bakı Qafqazın ən gözəl şəhəridir”

19.05.18 09:00 1841
“Bakı Qafqazın ən gözəl şəhəridir”
Son illər tək regionun deyil, dünyanın ən əsrarəngiz, gözəl məkanlarından birinə çevrilən Azərbaycan artıq diqqəti özünə cəlb etməkdədir. Təzadlar şəhəri kimi ad çıxaran Bakı ilə bağlı dünya mediasında saysız-hesabsız məqalə, reportajlar təqdim edilməkdədir. Azərbaycanı artıq turizm ölkəsi kimi qələmə verən nəşrlər buranı hər mənada gözəl və sərfəli bir məkan kimi təsvir edirlər.
Qardaş ölkənin çoxminlik oxucu auditoriyasına malik "Haberturk” nəşrində dərc edilən "Səyahət kitabçası: Bakı, Azərbaycan səyahət və nəqliyyat yerləri barədə bunları bilmək lazımdır” başlıqlı məqalə də bu qəbildəndir. Müəllif yazır ki, Bakı Xəzər dənizinin sahillərində yerləşib. Qafqazın ən böyük və gözəl şəhəri, Azərbaycanın paytaxtıdır: "Bakının ən mühüm tarixi və turistlər üçün cəlbedici yerlərini turist bələdçisi vasitəsilə tapa bilərsiniz. Bakını üç əsas hissəyə bölmək olar: qədim, sovet dövrü və müasir. Qədim hissə İçəri Şəhər adlanır. Bu hissə YUNESKO tərəfindən Dünya İrsi Siyahısına salınıb”. Daha sonra müəllif Bakının tarixi və turistik yerlərini nəzərdən keçirib. İlk olaraq Şirvanşahlar sarayı barədə məlumat təqdim edilib.
"Şirvanşahlar sarayının Şirvanşahlar sülaləsinin şahı İbrahim Xəlilullahın dövründə XV əsrdə tikildiyi bildirilir. Saray şəhər divarlarının arxasında yerləşir və Bakının ən möhtəşəm strukturlarından biridir. 2000-ci ildə Qız Qalası ilə birlikdə YUNESKO-nun Dünya İrsi Siyahısına daxil edilib. XII əsrdə eyni sülalə tərəfindən tikilmiş qədim qala şəhəri düşmən hücumlarından qorumaq məqsədi güdüb. Şirvanşahlar sarayında 52 otaq var. Saray divarları içərisində şah ailəsinə həsr olunmuş gözəl bir məscid və məzar var. Şirvanşahlar sarayı iki hissədən ibarətdir. Üst mərtəbə padşahın və ailəsinin şəxsi istifadəsi üçün qorunub, alt mərtəbə isə qonaqların hökumət tərəfindən yerləşdiyi yer kimi istifadə edilib. 1964-cü ildən bəri muzey olaraq xidmət edir. Əminliklə sizin buranı görməyinizə dəyər”, - deyə məqalə-reportajda vurğulanıb.
Sonra daha bir tarixi yer – Qız Qalası barədə məlumat verilir: "Bu 29 metr yüksəklikdəki daş tikili Bakının ən qədim tarixi simvoludur. Buranı Bakının və Köhnə şəhərin mənzərələrində görə bilərsiniz. İçəri Şəhərin cənub hissəsindən, Bakının köhnə şəhər divarlarından dənizə baxanda qaranlıq və sirli bir görünüşü var. Tarix bir sirrdir. Qız qalasının nə vaxt və hansı məqsədlə inşa edildiyi, adının mənşəyi tam məlum deyil. Bəzi tarixçilər 4-6-cı əsrdə, bəziləri isə 11-ci əsrdə tikildiyini bildirir. Binanın 8 mərtəbəli və 16 metrlik yanğın qülləsi və ya müşahidə qülləsi olması haqqında hekayələr var”.
Daha sonra Heydər Əliyev Mərkəzi barədə ətraflı məlumat verilir: "Bura 101 min kvadratmetrlik ərazini əhatə edən mədəniyyət mərkəzidir. Heydər Əliyev Mərkəzi 2007-ci ildə Zaha Hadid tərəfindən hazırlanıb. Bu əsər müasir, qeyri-adi və futuristik arxitekturası ilə Azərbaycan cəmiyyətinin gələcəyə istiqamətli yanaşmasının da bir simvolu olaraq görülməkdədir. Mərkəz dünya memarlığı adına da böyük əhəmiyyətə malikdir. Mədəniyyət mərkəzi şəhər mərkəzinə yaxındır”.
Daha sonra sovet dövründə inşa edilən Fəvvarələr Meydanından söhbət açılıb: "Adını meydan boyunca sıralanmış onlarla bulaqdan alıb. Meydan, xüsusilə iş saatlarından sonra və həftə sonları ictimai görüşmə yeridir. Meydanda bir çox butik, restoran, mağaza və otel var. Fəvvarələr Meydanı bir çox ictimai festival, şou və qeyd etmələrə ev sahibliyi edir. Meydan 2010-cu ildə təmir edilib”. Ardınca Xalça Muzeyi barədə məlumat verən müəllif bu muzeyin dünyanın ilk və ən böyük xalça muzeyi olma xüsusiyyətinə sahib olduğunu qeyd edir. Muzeyin Azərbaycanın məşhur rəssamı Lətif Kərimov tərəfindən inşa edildiyi və 1967-ci ildə açıldığı bildirilib. Dünyada əhəmiyyətinə görə fərqlənən muzeyin şəhərin mərkəzində - dənizin yaxınlığında, Mikayıl Hüseynov küçəsində yerləşdiyi bildirilib.
"Bakıya 30 kilometr məsafədə, Abşeron yarımadasının Suraxanı qəsəbəsinin cənub-şərq hissəsində isə Atəşgah məbədi yerləşir. "Atəş sözü odun atəşi deməkdir. 16-18 əsrdə təbii qazın çıxdığı, bir zamanlar əbədi sönməz atəşlərin yandığına inanılan bir atəş məbədidir. Məbədin ən erkən quruluşu 1713-cü ilə aiddir. Bir hissəsi 1810-cu ildə hind taciri tərəfindən tikilib.
Daha sonra qeyd edilir ki, Bakıda avtobus, metro xidmətləri mövcuddur. "Bunlar ucuzdur və xidmətlərin keyfiyyəti dəyişir, nəqliyyat şəbəkəsi çox genişdir. Bakı metro olan yeganə şəhərdir. Metro istifadəsi asandır və stansiyalar ümumiyyətlə təmiz və təhlükəsizdir. Qatarlar hər iki və ya üç dəqiqədən bir işləyir. Qiymətlər məsafənin uzunluğundan asılı deyil və ucuzdur. İki əsas xətt və iki kiçik əlavə xətt var. Hazırda 20-dən artıq stansiya saat 06:00-dan 01:00-ə qədər fəaliyyət göstərir. Metrodan istifadə etmək üçün xüsusi kart almaq lazımdır. Cib telefonlarının metro stansiyalarında şəbəkə əhatəsi var. Avtobuslarda tariflər sürücü və ya nəzarət qurğusuna nağd və ya kart vasitəsilə ödənilir. Avtobuslar 06:00 ilə 23:00 arasında işləyir”.
Azər
banner

Oxşar Xəbərlər