• cümə axşamı, 28 mart, 15:10
  • Baku Bakı 16°C

"Bakı Ümumdünya Ekspo Sərgisinə ev sahibliyi etmək qüdrətindədir"

19.04.18 21:58 1067
"Bakı Ümumdünya Ekspo Sərgisinə ev sahibliyi etmək qüdrətindədir"
Bakı 2025-ci ildə Ümumdünya Ekspo Sərgisinə ev sahibliyi etmək qüdrətindədir.
AZƏRTACxəbər verir ki, bu fikri Beynəlxalq Sərgilər Bürosunun qiymətləndirmə missiyasının rəhbəri Cai-Çul Çoy missiyanın Bakıya səfərinin yekunlarına dair mətbuat konfransında deyib.
Aprelin 16-dan ölkəmizdə səfərdə olan Beynəlxalq Sərgilər Bürosunun qiymətləndirmə missiyası səfərini başa vurub. Nümayəndə heyəti yüksək vəzifəli hökumət nümayəndələri və 2025-ci ildə Beynəlxalq Sərgilər Bürosunun Ümumdünya Ekspo Sərgisinə ev sahibliyinə Bakı şəhərinin namizədliyi üzrə İşçi Qrupunun üzvləri ilə görüşlər keçirib.
Maliyyə naziri vəzifəsini icra edən, 2025-ci ildə Beynəlxalq Sərgilər Bürosunun Ümumdünya Ekspo Sərgisinə ev sahibliyinə Bakı şəhərinin namizədliyi üzrə İşçi Qrupunun sədri Samir Şərifov dedi ki, qiymətləndirmə missiyası, həmçinin Milli Məclisin üzvləri, elm və təhsil, gənclər və biznes sektorunun nümayəndələri ilə Bakının namizədliyinə dair müzakirələr aparıb.
Bildirildi ki, nümayəndə heyəti "Ekspo 2025” Bakı sərgisi üçün ayrılan əraziyə də baş çəkib. 295 hektar sahəni əhatə edən ərazi hava limanına yaxın, şəhərin şərq hissəsində yerləşir və paytaxtın genişləndirilməsi planının bir hissəsidir. Baş plana uyğun olaraq, geniş yaşıllıq zolağına malik olacaq və "Ekspo 2025” sərgisi üçün ayrılan bu ərazi gələcəkdə dünyanın ən müasir şəhər parklarından birinə çevriləcək. Orada, həmçinin Azərbaycanın müstəqillik dövründə əldə etdiyi inkişafı əks etdirən sərgi mərkəzi və Bakı şəhərinin yeni yaşayış qəsəbəsi yerləşəcək.
Samir Şərifov dedi ki, 2025-ci ildə Ümumdünya Ekspo Sərgisinə Bakının ev sahibliyi etməsi ölkəmizin, mədəniyyətimizin və insan kapitalımızın dünya miqyasında daha yaxşı tanıdılmasına vacib töhfə verəcək. Bu sərgi Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, birinci Avropa Oyunları, Formula 1 Qran-Prisi və bir çox başqa irimiqyaslı tədbirlərə uğurla ev sahibliyi etməsindən sonra Azərbaycan üçün bu istiqamətdə atılan növbəti addım olacaq. Bu, müstəqilliyimizi bərpa etdikdən sonra ölkəmizin nail olduğu tərəqqini daha da möhkəmləndirəcək.
İşçi Qrupunun sədri vurğuladı ki, son on ildə Azərbaycan Ekspo hərəkatının qürurlu iştirakçısı olub. Azərbaycan öz nailiyyətlərini nümayiş etdirmək və Bakıya gəlib sərgidə təmsil olunacaq ölkələr arasında qlobal bilik və təcrübələri bölüşmək üçün dünyanın bütün qitələrini təmsil edən geniş auditoriyanı cəlb etməyə hazırdır. "Ekspo 2025” Ümumdünya Sərgisinə Bakı şəhərinin ev sahibliyi etməsi şəhərimizin, ümumiyyətlə, Azərbaycanın inkişafını sürətləndirəcək. Milli İnkişaf Strategiyamıza uyğun olaraq, Ümumdünya 2025-ci il Sərgisi layihəsi biznes imkanlarının yaradılması, yeni tərəfdaşlıqların qurulması, turizmin inkişaf etdirilməsi və yeni iş yerlərinin açılması vasitəsilə iqtisadiyyatımızın şaxələndirilməsinə də töhfə verəcək.
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, ölkəmizin Beynəlxalq Sərgilər Bürosundakı nümayəndə heyətinin rəhbəri Elçin Əmirbəyov dedi ki, Azərbaycan Ekspo hərəkatının fəal üzvüdür. Ölkəmiz 18 il ərzində beynəlxalq sərgilərdə fəal iştirak edib. Son üç sərgidə Azərbaycanın milli pavilyonları müxtəlif nominasiyalar üzrə yüksək mükafatlara layiq görülüb.
Elçin Əmirbəyov qeyd etdi ki, Azərbaycan hökuməti və ölkənin biznes sektoru Bakının namizədliyini tam şəkildə dəstəkləyir. Azərbaycanın iqtisadi gücü və sabitliyi sayəsində Ümumdünya "Ekspo 2025” Bakı layihəsi bütün sərgi iştirakçıları və qonaqlar üçün möhtəşəm təcrübə vəd edir. O, sərgi üçün təklif edilən mövzudan da danışdı. Qeyd etdi ki, bu mövzu "İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” mövzusudur. Bu mövzu həm ümumbəşəri xarakter daşıyır, eyni zamanda, Azərbaycan üçün müstəsna əhəmiyyət kəsb edir. Ona görə ki, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan insan kapitalının inkişafına xüsusi diqqət ayırıb.
Beynəlxalq Sərgilər Bürosunun qiymətləndirmə missiyasının rəhbəri Cai-Çul Çoy səfərin əsas məqsədlərindən danışaraq dedi: "Biz Bakıda böyük qonaqpərvərliyin şahidi olduq. Müxtəlif yüksək səviyyəli görüşlər keçirdik. Missiyanın ilkin rəyi müsbətdir. Azərbaycan, Bakı 2025-ci ildə sərgiyə ev sahibliyi etmək qüdrətindədir. Bakı şəhəri sərginin keçirilməsi üçün uyğundur. Müfəssəl layihə may ayında hazır olacaq. Bu ilin noyabr ayında konkret namizəd elan ediləcək”.
Beynəlxalq Sərgilər Bürosunun baş katibinin müavini Dimitri Kerkentzes isə Azərbaycanda sadə vətəndaşların da bu sərgiyə müsbət yanaşdığını bildirdi.
Sonra suallar cavablandırıldı.
Samir Şərifov bildirdi ki, Azərbaycanın "Expo 2025” Ümumdünya Sərgisinə ev sahibliyi etməsi ilə bağlı maliyyə məsələlərinin dəqiqləşdirilməsi və ətraflı araşdırılması məqsədilə mütəxəssislər cəlb edilib, bunun üzərində hesablamalar aparılır. O əlavə etdi ki, Bakının ev sahibi seçiləcəyi təqdirdə, yeddi il ərzində hər il üçün təxminən 120 milyon avroyadək xərc gözlənilir. Ümumi olaraq, Ümumdünya Sərgisinin meydançasının qeyd olunan ərazidə tikilib hazırlanması üçün həmin dövr ərzində ümumi xərclərimiz 765 milyon avro məbləğində qiymətləndirilir.
banner

Oxşar Xəbərlər