AZE | RUS | ENG |


Bakı möhtəşəm idman yarışı ilə tarix yazdı - FOTOSESSİYA

Bakı möhtəşəm idman yarışı ilə tarix yazdı - FOTOSESSİYA
Növbəti dəfə bütün Avropanın idman nəbzi Bakıda - Şərq ilə Qərbin koloritinin cəmləşdiyi bu nadir şəhərdə döyündü

Azərbaycanın paytaxtı Bakı növbəti dəfə dünya əhəmiyyətli mötəbər idman yarışına ev sahibliyi edib. Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından biri - Formula-1 Avropa Qran-prisi keçirilib.

İyunun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Formula-1 Avropa Qran-prisinin açılış mərasiminə və final yarışına baxıblar.

Odlar Yurdunun paytaxtı Bakı öz tarixində daha bir mötəbər beynəlxalq idman yarışına ev sahibliyi etdi. Növbəti dəfə bütün Avropanın idman nəbzi Bakıda - Şərq ilə Qərbin koloritinin cəmləşdiyi bu nadir şəhərdə döyündü.

Formula-1 Avropa Qran-prisinin paytaxtın Azadlıq meydanında keçirilən möhtəşəm açılış mərasimi maraqlı anlarla yadda qaldı. Bu anlar təsdiqlədi ki, dünyada yarım milyard tamaşaçı auditoriyası olan Formula-1 yarışının Bakıda keçirilməsi ölkəmizin beynəlxalq idman aləmində qazandığı uğurları bir daha əks etdirdi. Birinci Avropa Oyunlarından sonra Formula-1 kimi mühüm yarışın Bakıda keçirilməsi Azərbaycanın idman dövləti olduğunu, bu missiyanın ölkəmizin timsalında hər zaman özünü doğrultduğunu təsdiqləyir. Təsadüfi deyil ki, gələn il Azərbaycan IV İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcək. Bütün bunlar ölkəmizin dünyada getdikcə artan nüfuzundan, siyasi və iqtisadi sahədə qazandığı uğurların yetərincə olmasından qaynaqlanır.

Karnaval üslubunda hazırlanan açılış mərasimində Azərbaycan mədəniyyətinin incə koloriti, milli rəqslərimiz və ən əsası da xalqımızın əsrlərdir qoruyub saxladığı simvollar dünya tamaşaçılarına canlı yayımda nümayiş etdirildi. Beynəlxalq idman aləmi müstəqillik yolu ilə uğurla addımlayan Azərbaycanı bir daha tanıdı. Qədim tarixə, zəngin mədəniyyətə, milli mənəvi dəyərlərə, ən əsası da parlaq idman ənənələrinə malik ölkəmizin güclü potensialına bələd oldu. Dünya qarşıya qoyulan hər bir məqsədin, niyyətin sürətli inkişafı ilə örnək olan Azərbaycanda necə uğurla reallaşmasına şahidlik etdi. Milli mədəniyyətimizi Formula-1 dəyərləri ilə birləşdirən açılış mərasimində alov, su, külək, irəli və birlikdə rəmz və modellərinin vəhdəti könüllülər, azərbaycanlı sənətçilər, milli qruplar və beynəlxalq ifaçılardan ibarət 626 nəfərlik heyət tərəfindən təqdim edildi.

Açılış mərasimi başa çatdıqdan sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva yarışın idarəetmə mərkəzində yaradılan şəraitlə tanış oldular.

"Formula One Management”in prezidenti Berni Ekklstoun məlumat verdi ki, böyük bir ərazini əhatə edən kompleksdə yarışa nəzarət binası, Beynəlxalq Avtomobil Federasiyasının, Formula-1 rəhbərliyinin ofisləri, eləcə də 22 iştirakçının hər biri üçün 2 ədəd olmaqla 44 dayanacaq tikilib. İkinci mərtəbə Paddok klubun üzvləri üçün nəzərdə tutulub. Paddok klubun üzvləri burada pit-stop əməliyyatlarını da rahatlıqla izləyirlər. Yarışın startı və finişi məhz bu ərazidə yerləşir.

Azərbaycan Dövlət Uşaq Filarmoniyasının 40 nəfərdən ibarət kollektivi tərəfindən dövlət himnimiz ifa olundu.

Sonra Formula-1 Avropa Qran-prisinin final mərhələsinə start verildi. Bir gün əvvəl keçirilən sıralama yürüşünün nəticəsinə əsasən, start xəttinə ən yaxın məsafədə "Mercedes”in pilotu Niko Rosberq dayandı. Onun ardınca isə "Red Bull Racing”in sürücüsü Daniel Rikkardo və "Ferrari”nin pilotu Sebastian Fettel yer aldılar. Beləliklə, 22 pilot qalib adı uğrunda mübarizəyə qatıldı.

Bakı Qran-prisində trekin uzunluğu 6 kilometrdir. Pilotlar 20 çətin döngəsi olan trekdə 51 dövrə vurur. Yarışlar zamanı təhlükəsizlik də ən yüksək səviyyədə təmin olunub. Turnirdə orta sürət saatda 210, maksimum sürət isə 340 kilometrdir. Bu da ən sürətli yarışlar kateqoriyasına daxildir. Trek Bakının tarixi məkanlarından, dəniz sahilindən keçməklə azarkeşlərdə xoş ovqat yaradır. Yarışları 30 mindən artıq tamaşaçının izləməsi üçün tras boyunca hər cür şərait yaradılıb.

Xatırladaq ki, Bakıda Formula-1 Avropa Qran-prisinə iyunun 17-də start verildi. Yarışın ilk günündə əvvəlcə hər biri iki pilotdan ibarət 11 komanda birinci test yürüşünə qatıldı. Pilotlar öz bolidləri ilə 6 kilometrlik Bakı trekində yarışdılar. İlk test yürüşündə "Mercedes”in sürücüsü Luis Hamilton 1 dəqiqə 46 saniyə ilə birinci oldu. Onun komanda yoldaşı Niko Rosberq mübarizəni ikinci, Valtteri Bottas üçüncü, Avropa Qran-prisinin rəsmi elçisi Fernando Alonso isə dördüncü yerdə başa vurdu. İyunun 17-də keçirilən ikinci test yürüşündə də "Mercedes”in pilotu Luis Hamilton birincilik qazandı.

İyunun 18-də Formula-1 azarkeşləri Avropa Qran-prisinin ikinci günündə də maraqlı idman mübarizəsinin şahidi oldular. Üçüncü test yürüşünə də hər biri iki pilotdan ibarət 11 komanda qoşuldu. Bu mərhələni "Mercedes” komandasının britaniyalı pilotu, üçqat dünya çempionu Luis Hamilton birinci, onun komanda yoldaşı Niko Rosberq ikinci, "Force İndia” komandasının pilotu Niko Hulkenberq isə üçüncü pillədə başa vurdular. Həmin gün baş tutan sıralama yürüşündə isə "Mercedes” komandasının pilotu Niko Rosberq rəqiblərini qabaqlayaraq finiş xəttinə birinci çatdı. Bununla da Avropa Qran-prisinin iyunun 19-da keçiriləcək final mərhələsində pilotların düzülüşü müəyyən olundu.

Qeyd edək ki, Formula-1 birnəfərlik, açıq təkərli avtomobil yarışları üzrə dünya çempionatıdır. Bu yarışlar 1950-ci ildən etibarən müntəzəm olaraq keçirilir. Qeyri-rəsmi olaraq Formula-1 sürücüləri pilot, avtomobillər isə bolid adlandırılır. Formula-1 yarışları Beynəlxalq Avtomobil Federasiyasının müəyyən etdiyi qaydalara əsasən təşkil olunur. Yarışlar il ərzində müxtəlif ölkələrdə keçirilən mərhələlərdən ibarət olur. Hər mərhələyə Qran-pri adı verilir. İlin sonunda bütün Qran-prilərdən toplanan xalların əsasında pilotlar və komandalar arasında qalib müəyyən edilir və mükafatlandırılır. Formula-1 yarışları dünyada ən çox televiziya izləyicisi toplamış yarışlardan biridir. 1950-ci ildə keçirilən ilk yarışda "Alfa Romeo” komandası və onun italiyalı pilotu Cüzeppe Farina birinci olub. Sonuncu çempion "Mercedes” komandası ilə britaniyalı pilot Luis Hamiltondur. Ən çox çempion adını "Ferrari” komandasının əfsanəvi alman pilotu Mixael Şumaxer qazanıb, düz 7 dəfə. Bakı Qran-prisi isə cari çempionatın səkkizinci mərhələsidir.

Formula-1 Avropa Qran-pri yarışlarının Bakı mərhələsi dünyada böyük maraq doğurdu. Almaniyalı Herman Tilke tərəfindən layihələndirilən şəhər treki nadirliyi ilə seçildi. Ona görə ki, Monte-Karlo, Melburn, Monako və Sinqapur kimi, Bakı Qran-prisi də şəhər trasına ev sahibliyi edirdi. Belə ki, Bakıda keçirilən yarış zamanı avtomobillər dənizkənarı bulvar boyunca hərəkət edir, şəhərin ən qədim hissəsi olan və UNESCO-nun dünya irsi siyahısına daxil edilən İçərişəhər Tarix-Memarlıq Qoruğunun ətrafında dövr edirdilər. Beləliklə, yarışı izləyən televiziya tamaşaçıları və qonaqlar şəhərin tam simasını görmək imkanı qazanmışdılar.

Gərgin idman mübarizəsi şəraitində keçən Avropa Qran-prisinin qalibi "Mersedes” komandasının üzvü Niko Rosberq oldu. Almaniyalı pilot məsafəni 1 saat 32 dəqiqə 52 saniyəyə qət etdi. İkinci yerə "Ferrari” komandasının almaniyalı pilotu Sebastian Fettel çıxdı. Üçüncü yerdə isə "Force İndia” komandasının meksikalı pilotu Serxio Peres qərarlaşdı.

Xatırladaq ki, bu, Niko Rosberqin mövsümdə 5-ci, karyerasında isə 19-cu qələbəsidir. Hesabına 25 xal əlavə edən Niko Rosberq ümumi sıralamada liderlik mövqeyini bir qədər də möhkəmləndirdi. Hazırda onun hesabında 141 xal var. Niko Rosberqin komanda yoldaşı, britaniyalı Luis Hamilton 117 xalla ikinci yerdə qərarlaşıb. Ümumi hesabda ilk üçlüyü 96 xalla Sebastian Fettel tamamladı.

Niko Rosberqə kuboku Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təqdim etdi.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva isə mühəndislər kubokunu "Mercedes” komandasının nümayəndəsinə təqdim etdi.

Kuboklar ikinci yerin sahibi Sebastian Fettelə gənclər və idman naziri Azad Rəhimov, üçüncü yeri tutan Serxio Peresə isə Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov tərəfindən təqdim olundu.

Bununla da Formula-1 üzrə dünya çempionatının 8-ci mərhələsi olan Bakı Avropa Qran-prisi başa çatdı.
 






























Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN