Bakı metropoliteni üçün istehsal edilmiş 10 vaqon artıq Bakıdadır
"Bakı Metropoliteni” Qapalı
Səhmdar Cəmiyyəti ilə Rusiyanın "Transmaşholdinq" Səhmdar Cəmiyyəti
arasında bu ilin əvvəlində bağlanmış müqaviləyə əsasən, Bakı metropoliteni üçün
istehsal edilmiş 10 vaqon artıq Bakıdadır. "Transmaşholdinq" Səhmdar
Cəmiyyəti ilə bağlanmış müqaviləyə görə, il ərzində "Bakı Metropoliteni” üçün
daha 20 vaqon istehsal ediləcək. Həmin şirkətin tərkibinə daxil olan
"Metrovaqonmaş” ASC-nin istehsal etdiyi 81-765. B81-/766.B modelli bu
vaqonlar innovasiyalar baxımından ən müasir – 4-cü nəslə aiddir. Sazlama və
sınaq işlərindən sonra istifadəyə veriləcək yeni 10 vaqon əvvəlki
nümunələrindən xeyli fərqlənir. Yeni vaqonların qapıları daha enlidir,
açılıb-bağlanması işıqlı xəbərdarlıq sistemi ilə təmin edilib. Bundan savayı,
vaqonların konstruksiyası səs-küy və istilik izolyasiyasına, kondisioner,
ventilyasiya sisteminə, sərnişinlərin elektron qurğularının doldurulması üçün
USB portlara malikdir. Baş vaqonlarda əlil arabacıqları üçün yerlər ayrılıb.
İstehsal zamanı, sifarişçi kimi, "Bakı Metropoliteni" QSC-nin texniki
şərtləri xüsusi nəzərə alınıb. Bu xüsusda orijinal qrafikalı işıq sxemi yerli
informasiya sisteminə uyğunlaşdırılıb. Əsas yeniliklərdən biri kimi,
kondisionerlərin Bakının iqlim şəraitinə uyğunlaşdırılması qeyd oluna bilər.
Soyutma sistemi daha yüksək keyfiyyət göstəriciləri ilə təmin olunub. Həmçinin
Bakı metropoliteninin yol relyefinin mürəkkəbliyi və profili nəzərə alınaraq,
bütün vaqonlar dartı mühərriki ilə təmin edilib.