• cümə axşamı, 26 dekabr, 11:02
  • Baku Bakı 6°C

Bakı mədəniyyətlərarası dialoqun mərkəzinə çevrilir

09.05.17 12:00 2854
Bakı mədəniyyətlərarası dialoqun mərkəzinə çevrilir
İki ildən bir Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycan Prezidentinin himayəsi ilə keçirilir. Forum YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, BMT-nin Dünya Turizm Təşkilatı, Avropa Şurası, İSESKO, Avropa Şurasının birgə tərəfdaşlığı ilə təşkil edilən yeganə platformadır. "Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda təşkil olunan budəfəki Forumda Qərb və Yaxın Şərq regionlarındakı mövcud vəziyyətin təhlili ilə yanaşı, Asiya-Sakit okean regionunda da müxtəlif sahələr üzrə yaranmış problemlərin həlli üçün innovativ əməkdaşlıq mexanizmlərinin yaradılması, əldə edilmiş mütərəqqi təcrübənin tətbiqi və paylaşılması kimi məsələlər müzakirəyə çıxarılıb.

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Bolqarıstanın vitse-prezidenti, YUNESKO, İSESKO, İslam Əməkdaşlıq Təşkilatı, QDİƏT, İRSİKA, Ərəb Maqreb Birliyi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və TÜRKSOY-un baş katibləri, Malinin Prezidenti və birinci xanımı, Efiopiya və Ruandanın birinci xanımları, Türkiyə, Rusiya, Gürcüstan, Qətər, Makedoniya, Misir, Efiopiya, İraq, Cənubi Sudan, Sudan, Mavritaniya, Monteneqro, Seyşel Adaları, Tacikistan və Keniyanın mədəniyyət nazirləri iştirak ediblər. İlk dəfə olaraq, BMT bilavasitə özünün təşkil etmədiyi tədbiri öz kanalları vasitəsilə canlı yayımlayıb. Beləliklə də çoxsaylı beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edən Azərbaycan növbəti dəfə bəşəriyyətə öz faydasını verib, xalqımızın çoxəsrlik tolerant və mehriban birgəyaşayış ənənələri dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsində və inkişafında nümunə kimi göstərilib.

IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Heydər Əliyev Mərkəzində keçirilən rəsmi açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev geniş nitq söyləyərək, Forumun artıq dünya məsələlərini müzakirə edən qlobal beynəlxalq platformaya çevrildiyini bildirib. Forumda 120-dən artıq ölkədən 800-dən çox nümayəndənin iştirak etdiyini söyləyən dövlətimizin başçısı mötəbər beynəlxalq qurumların Forumun tərəfdaşları qismində çıxış etdiklərini diqqətə çatdırıb. Əsrlər boyu ölkəmizin sivilizasiyaların qovuşuğunda yerləşdiyini vurğulayan Prezident İ.Əliyev mədəniyyətlərarası dialoqun hazırda dünyada ən vacib məsələlərdən biri olduğunu dilə gətirib. Qeyd edib ki, bu Forum xalqımızın mədəni müxtəlifliyini və qədim tarixini nümayiş etdirir. Prezident İ.Əliyev ölkəmizin qədim dini ibadət ocaqları ilə zəngin olduğunu, onların hamısının dövlət tərəfindən qorunduğunu, multikulturalizmin Azərbaycanda dövlət siyasəti və xalqımızın həyat tərzi olduğunu xatırladıb.

Son illərdə bəzi siyasətçilərin multikulturalizmin gələcəyinin olmaması ilə bağlı səsləndirdiyi fikirlərin əksinə olaraq, Prezident İ.Əliyev bəyan edib ki, bu, dünyanın təhlükəsizliyi üçün yeganə yoldur. O, bu mənada Azərbaycanın təcrübəsinin maraqlı olduğunu diqqətə çatdırıb. 2008-ci ildən başlayaraq həyata keçirilən "Bakı prosesi”nin əhəmiyyətindən və bu çərçivədə həyata keçirilən tədbirlərdən danışan dövlətimizin başçısı 2015-ci ildə Bakıda birinci Avropa Oyunlarının keçirildiyini, bu il isə paytaxtımızın İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcəyini bildirib. Qeyd edib ki, bununla ölkəmizi bir daha sivilizasiyalar arasındakı rolunu təsdiqləyir. Ölkə başçısı İ.Əliyev Forumun dünyanı narahat edən çağırışlar yönündə səylərin birləşdirilməsi baxımından çox əhəmiyyətli olduğunu bir daha diqqətə çatdırıb.

Forum çərçivəsində beynəlxalq təşkilatların birinci yüksək səviyyəli görüşü zamanı Azərbaycanın Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevada çıxış edərək, Bakıda keçirilən mötəbər tədbirin əhəmiyyətindən danışıb. O, Azərbaycanın dünyanın coğrafi və mədəni müxtəlifliyinin qovuşduğu nadir ölkələrdən biri olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycanın paytaxtı Bakı Şərq ilə Qərbin, eləcə də müasir və tarixi dövrlərin harmonik birləşməsidir. Birinci vitse-prezident M.Əliyeva Azərbaycanı həm Avropa Şurasının, həm də İslam Əməkdaşlıq Təşkilatının üzvü olan nadir ölkələrdən biri kimi qələmə verib: "Fərəhlənirik ki, həmin iki aparıcı beynəlxalq təşkilat arasında fəal əməkdaşlıq 2008-ci ildə "Bakı prosesi” ilə başladı. Bu gün "Bakı prosesi” olduqca mühüm və nadir beynəlxalq təşəbbüsdür. Böyük rəmzi mənası var ki, Bakı 2015-ci ildə ilk Avropa Oyunlarına ev sahibliyi edib və gələn həftə isə IV İslam Həmrəyliyi Oyunları başlayacaq. Hər iki tədbir nəticəsində Bakıya 100-dən artıq ölkənin nümayəndələri gəlib və gələcəklər. Biz bunu "Bakı prosesi”nin bir hissəsi hesab edirik. Millətləri və dinləri bir-birinə daha yaxın edən mühüm siyasi təşəbbüslərdən başqa, Azərbaycan dünyanın müxtəlif yerlərində müxtəlif humanitar və xeyriyyə layihələri həyata keçirib”.

Forum çərçivəsində keçirilən "Qütbləşmə dövründə inklüziv dialoq” mövzusunda panel sessiyada çıxış edən Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, beynəlxalq münasibətlərin müasir inkişaf mərhələsi dünyanın geosiyasi mənzərəsini dəyişən mürəkkəb və ziddiyyətli proseslərlə müşahidə olunur. O, qeyd edib ki, çoxqütblü sistemin formalaşması meyilləri sivilizasiyalar və mədəniyyətlərarası münasibətlərin dərinləşməsinə mühüm təsir göstərən inklüziv dialoqun əhəmiyyətini artırır. PA rəsmisi bildirib ki, Azərbaycan dini-etnik müxtəlifliyə, inklüziv cəmiyyətin inkişafına daim dəstək verir və mədəniyyətlərarası, humanitar beynəlxalq forumların keçirilməsinə Bakının ev sahibliyi etməsi bunun əyani sübutudur: "Bu mötəbər tədbirlərdə müəyyənləşdirilən fəaliyyət strategiyalarında mədəniyyətlərarası dialoqun möhkəmlənməsini və milli-etnik münasibətlərin tənzimlənməsini nəzərdə tutan prinsiplər öz əksini tapır. Hazırda hər bir cəmiyyətin siyasi, sosial-iqtisadi və mədəni inkişafı üçün möhkəm zəmin yaradan mənəvi keyfiyyətlərin formalaşmasını, müxtəlif mədəniyyətlərin bir-birinə qarşılıqlı təsir göstərməsini, sabitliyin və dayanıqlı inkişafın təmin olunmasını inklüziv dialoqsuz təsəvvür etmək mümkün deyildir. Bu dialoqun möhkəmlənməsi həm də ona görə vacibdir ki, bəşəriyyət qlobal problemlərin və çağırışların qarşısında özünün təhlükəsizliyini təmin etməyi bacara bilsin”.

Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı bizimlə söhbətində Bakıda keçirilən IV Forumun əhəmiyyətindən danışarkən vurğulayıb ki, Azərbaycan dövləti Ümumdünya Mədəniyyətlərarası Dialoq forumlarının keçirilməsi ilə dünyanın bir-birinə zidd olan güclərini əməkdaşlığa cəlb edən mərkəz olduğunu təsdiq edir. Deputat qeyd edib ki, dünya nizamının az qala yox olduğu indiki dövrdə Prezident İ.Əliyevin rəhbərliyi altında ölkəmizdə IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinin dərin mənası, aydın məqsədi var: "Azərbaycan bu Forumu keçirməklə nümayiş etdirib ki, dünyanın gələcəyi mədəniyyətlərin, sivilizasiyaların toqquşmasında deyil, müxtəlif mədəniyyətlərin qarşılıqlı əməkdaşlığı və zənginləşməsi ilə bağlıdır. Azərbaycan dövləti ənənə halı alan bu Forum ilə özünün mədəniyyət diplomatiyası vasitəsilə dünyanın bir-birinə zidd olan güclərini birləşdirən, əməkdaşlığa cəlb edən mərkəz olduğunu təsdiq edib, digərlərinə nümunəvi yol göstərib. Hesab edirəm ki, Azərbaycan təcrübəsinin öyrənilməsi fayda verərdi”.

Sonda qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük uzaqgörənliklə həyata keçirilən balanslı, qarşılıqlı maraqlara söykənərək reallaşdırılan, milli və dövlətçilik maraqlarının qətiyyətlə müdafiə edildiyi siyasi kurs Azərbaycanı inkişaf etdirərək Cənubi Qafqazın lider dövlətinə çevirib. Bu inkişafla yanaşı, Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi sabit bir məkan kimi də tanınıb. IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da belə tədbirlərdən biridir. Bu kimi Forumlarla xalqımızın çoxəsrlik tolerant və mehriban birgəyaşayış ənənələri dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsində və inkişafında nümunə kimi göstərilir, bəşəriyyətə, insani dəyərlərə xidmət edir.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər