“Bakı Marafonu 2017”nin AzTU-da təqdimatı keçirilib
"Bakı Marafonu 2017”nin icraçıları və
tərəfdaşları Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri ilə görüşüb.
Tədbirdə çıxış edən AzTU-nun prorektoru İsa Xəlilov son illər ölkədə idmana
göstərilən dövlət qayğısından söz açaraq qeyd edib ki, Texniki Universitetdə
sağlam gəncliyin yaranması və qorunub saxlanılması məsələsi daima prioritet
olub. Prorektor "Bakı Marafonu 2017”dən danışarkən ötən il AzTU tələbələrinin
göstərdiyi naliyyətləri də yadda salıb. Bildirilib ki, "Bakı Marafonu 2016”da AzTU-nun
maşınqayırma fakültəsinin tələbəsi Əsgər Bəylərov finiş xəttini keçənlər arasında 7-ci yeri
tutaraq ilk onluğa düşüb. Vurğulanıb ki,
bu il tələbələrdən daha yaxşı nəticələr göstərmələri gözlənilir.
Daha sonra Bakı Marafonunun tarixi, iştirak
qaydaları, qeydiyyat prosesi, hədiyyələr, marşrut barəsində tədbir
iştirakçılarına geniş məlumat verilib. Bildirilib ki, marafonun məqsədi idmanın
inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları
xeyirxah məqsədlə bir araya gətirməkdir.
Qaliblər üçün nəzərdə tutulan mükafatlar nəzərə çatdırılıb,
həmçinin qaçış zamanı idman ayaqqabıları və geyimlərin seçilməsi qaydaları barədə
tələbələrə məsləhətlər verilib.
Sonda tələbələrin sualları cavablandırılıb.
Qeyd edək ki, aprelin 30-da keçiriləcək "Bakı
Marafonu 2017” saat 10:00-da start götürəcək. Heydər Əliyev Fondunun təşəbbüsü
ilə ikinci dəfə keçiriləcək marafon Dənizkənarı Bulvar İdarəsinin, Bakı
Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunacaq. Layihənin
icrasını isə "Sport Marketing Group” (SMG) şirkəti həyata keçirir.