• şənbə, 20 Aprel, 09:31
  • Baku Bakı 14°C

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən "Bakı Marafonu 2016"nın qalibləri mükafatlandırılıb - Yenilənib

01.05.16 19:12 1946
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən "Bakı Marafonu 2016"nın qalibləri mükafatlandırılıb - Yenilənib
Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Küləyə qalib gəl" şüarı altında keçirilən "Bakı Marafonu 2016" qaliblərin mükafatlandırılması ilə başa çatıb.
AZƏRTACxəbər verir ki, Bakı Olimpiya Stadionunda toplaşan azarkeşlər "Küləyə qalib gəl”ənləri dəstəkləyiblər. Yarışın finiş xətti və medal təltifetmə mərasimi də Bakı Olimpiya Stadionunda olub. Marafonda kişilər arasında finişə birinci Namiq Əsədov, Gürcüstan vətəndaşı Georqi Dameniya ikinci və Tural Sadıxlı isə üçüncü çatıb. Qadınlar arasında Rahidə Aslanova birinci, Nataşa Pitersen (Böyük Britaniya) ikinci, Rəqsanə Rəcəbli isə finişi üçüncü başa vurub.
Sonra "Bakı Marafonu 2016”nın qaliblərinin mükafatlandırma mərasimi olub. Təşkilatçılar tərəfindən birinci yerin qalibi 3 min, ikinci yerin qalibi 2 min, üçüncü yerin qalibi isə min manat məbləğində mükafat və hədiyyələrlə təltif olunub.
Marafon Heydər Əliyev Fondunun təşəbbüsü və Dənizkənarı Bulvar İdarəsinin, Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil edilib. Layihənin icrasını isə "SMG" (Sport Marketing Group) şirkəti həyata keçirib.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən "Bakı Marafonu 2016"ya mayın 1-də saat 10:00-da Dövlət Bayrağı Meydanından start verilib.
Marafonda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
Yarışa Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb-çalışan 500-dək əcnəbi qoşulub. İspaniya, Fransa, Qazaxıstan, Ukrayna, Səudiyyə Ərəbistanı, İran, Hindistan, Çexiya və digər ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirliklərinin rəhbərləri və nümayəndələri, tələbələr, idmançılar, bir sıra tanınmış ictimai-siyasi xadimlər, ictimaiyyət nümayəndələri iştirakçılar arasında olub. Marafona, həmçinin Avstriya, Almaniya, İspaniya, Fransa, Rusiya, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Keniya və digər ölkələrdən gəlib qoşulanlar vardı.
Yarışın başlandığını bildirən atəşi Olimpiya çempionu, stend atıcılığı üzrə dünya çempionu Zemfira Meftahətdinova açıb.
Yarım marafon məsafəsinin - 21 kilometrin qət edilməsinə maksimum 4 saat 30 dəqiqə vaxt verilib. İştirakçılar Dənizkənarı Milli Parkdan başlayaraq "Neftçilər” prospekti, Yusif Səfərov küçəsi ilə qaçıblar. Daha sonra Heydər Əliyev Mərkəzinin yanından keçərək Heydər Əliyev prospekti ilə Bakı Olimpiya Stadionuna qədər yol qət ediblər. Marşrut boyu iştirakçıların su və digər zəruri ehtiyacları ödənilib, onlar ilkin tibbi yardımla təmin olunublar. Marafonu davam etdirə bilməyənlər, iştirakçıları dəstəkləməyə gələnlər və digərləri finiş xəttinə xüsusi avtobuslarla çatdırılıb. Marşrut boyu ümumilikdə 5 avtobus dayanacağı fəaliyyət göstərib.
Marafonun əsas məqsədi Azərbaycanda idmanın inkişafına dəstək göstərmək, insanlar arasında, xüsusilə gənclərdə sağlam həyat tərzini təşviq etmək, onları xeyirxah məqsədlər naminə bir araya gətirməkdir. Marafona 16 yaşdan yuxarı şəhər sakinləri, qonaqlar əvvəlcədən qeydiyyatdan keçərək qoşulublar. "Bakı Marafonu 2016"da iştirak etmək istəyənlər qeydiyyat üçün aprelin 11-dən 25-dək Bakının ticarət mərkəzlərində quraşdırılmış qeydiyyat məntəqələrinə və ya onlayn olaraq "Bakı Marafonu 2016"nın saytına (www.bakumarathon.az) müraciət ediblər.
Yeddi mindən çox iştirakçı qeydiyyatdan keçib. Tələbələrin iştirakı ilə bağlı vəsait Heydər Əliyev Fondu tərəfindən qarşılandığından onlar qeydiyyat zamanı ödəmə etməyiblər.
Bakı marafonundan toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı layihəsinə yönəldiləcək.
Marafon günü Bakı Olimpiya Stadionunda təşkil olunan fan zonalar hər kəs üçün açıq olub. Burada iştirakçılar üçün müxtəlif əyləncə, konsert və şənlik, oyunlar, lotereyalar təşkil edilib. Uşaqlar və böyüklər üçün 20-dən çox əyləncə növü –futbol, lotereya oyunları, mini-sirk, animatorlar və konsert 20 min kvadrat metr ərazidə təşkil edilib. Fan zonanın hər bir ziyarətçisi marafonun finişinə çatanları şəxsən qarşılamaq və qalibləri təbrik etmək imkanı qazanib. Ziyarətçilərin rahatlığı üçün xüsusi marşrut təşkil edilib. Fan zona bütün yarış günü ərzində fəaliyyət göstərib.
Bakı Olimpiya Stadionunda, həmçinin Azərbaycan Avtomobil Federasiyasının təşkil etdiyi Volkicar şou təqdim edilib.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası "Bakı Marafonu 2016"nı dəstəkləyir və marafonun rəsmi tərəfdaşıdır. AFFA-nın əməkdaşları və futbol ictimaiyyətinin tanınmış nümayəndələri marafonda UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016 kontekstində iştirak ediblər.
Xatırladaq ki, bu cür marafonlar bu günədək London, Paris, Boston, Nyu-York, Çikaqo, Berlin, Barselona, İstanbul və digər şəhərlərdə təşkil edilib. Tam marafon yarışının məsafəsi 42 kilometr, yarı marafonun məsafəsi isə 21 kilometrdir.
İdman tədbiri olmaqla yanaşı, marafon yarışları həm də xeyriyyə məqsədi daşıyır. 1981-ci ildə keçirilən məşhur London marafonu ən böyük xeyriyyə tədbiri kimi "Ginnesin Rekordlar Kitabı”na düşüb. Hazırda dünyanın bir çox ölkələrində xeyriyyə məqsədli marafonlar təşkil edilir.
Marafonun strateji hədəflərinə gəlincə isə ictimai tədbir insanlarda idmana marağı gücləndirmək, turist cəlb etməkdən ibarətdir. Marafonun dəyərləri birlik, xeyirxahlıq, həmrəylik məqsədləri ətrafında insanları birləşdirmək, gəncləri fiziki cəhətdən daha güclü olmağa həvəsləndirmək, pozitivliyi təşviq etməkdir.
Bakı Marafonunun növbəti illərdə də keçirilməsi nəzərdə tutulub.
-----------
12:01
Bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Bakı Marafonu 2016” keçirilir.

APA-nın məlumatına görə, tədbirin əsas məqsədi Azərbaycanda idmanın inkişafına dəstək vermək, insanlar arasında, xüsusilə gənclərdə sağlam həyat tərzini təşviq etmək, onları xeyirxah məqsədlər naminə bir araya gətirməkdir.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edir. Marafon saat 10:00-da Dövlət Bayrağı Meydanından start götürüb. Marafon 21 kilometrdir və Bakı Olimpiya Stadionunda başa çatacaq.

Qeyd edək ki, analoji marafonlar bu günədək London, Paris, Boston, Nyu-York, Çikaqo, Berlin, Barselona, İstanbul və digər şəhərlərdə təşkil edilib. Marafon yarışı tam məsafədə 42 km və yarı marafon 21 km məsafədə keçirilir. İdman tədbiri olmaqla yanaşı, marafon yarışları həm də xeyriyyə məqsədilə təşkil edilir. 1981-ci ildə məşhur London marafonu ən böyük xeyriyyə marafonu kimi Ginnesin "Rekkordlar kitabı”na düşüb. Hazırda dünyanın bir çox ölkələrində yalnız xeyriyyə məqsədli marafonlar da təşkil edilir.

Bakı marafonundan toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı layihəsinə yönəldiləcək. Marafonda I yerin qalibi 3000 AZN, II yerin qalibi 2000 AZN, III yerin qalibi isə 1000 AZN mükafata sahib olacaq.
banner

Oxşar Xəbərlər