• cümə, 29 Mart, 17:36
  • Baku Bakı 14°C

Bakı limanında Azad Ticarət Zonası yaradılacaq

28.05.16 10:28 1373
Bakı limanında Azad Ticarət Zonası yaradılacaq
Son vaxtlar ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar və bu yöndə qəbul edilən qərarlar dünya mediasında da yer almaqdadır. Qərb, Rusiya və Türkiyənin nüfuzlu mətbu orqanlarında bu istiqamətdə çoxsaylı yazılar dərc edilir. Məsələn, nüfuzlu "Nezavisimaya qazeta” nəşri "Bakı limanında azad ticarət zonası yaradılacaq” başlıqlı məqalədə bu məsələyə geniş yer ayırıb.
Qəzet yazır ki, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Bakı limanında Azad Ticarət Zonasının yaradılması ilə bağlı Azərbaycan tərəfinin təklifinə baxmağa hazırdır. Məqalədə EBRD-nin prezidenti Suma Çakrabartiyə istinadən bildirilir ki, bank bu məsələyə bir neçə ay ərzində baxıla biləcəyini deyib. S.Çakrabartinin sözlərinə görə, Bank Ələt qəsəbəsinin iqtisadi durumu ilə də maraqlanır: "Bank rəhbərinin rəhbərlik etdiyi nümayəndə heyəti bir həftə bundan əvvəl Bakıya gəlib və bu müddət ərzində bir sıra görüşlər keçirib, danışıqlar aparmağa müvəffəq olub”. Rusiya nəşri yazır ki, Suma Çakrabarti prezident İlham Əliyev tərəfindən də qəbul edilib. Ölkə prezidenti ümidvar olduğunu bildirib ki, Azərbaycan və Avropa Yenidənqurma və İnkişaf Bankı arasında çoxillik əməkdaşlıq bundan sonra da davam edəcək. Rusiya nəşri prezidentin Bank ilə əməkdaşlığın genişlənməsində maraqlı olduğu barədə sözlərini də sitat gətirib. Dövlət başçısının sözlərinə görə, Bankla əməkdaşlıq Azərbaycanda bir sıra layihələrin reallaşmasına səbəb olub.
Məqalədə daha sonra EBRD prezidentinin keçirdiyi brifinqə toxunulub. O, bəyan edib ki, prezident və iqtisadiyyat naziri ilə görüşəndə Bakı limanında Aazad Ticarət Zonası yaradılması barədə müzakirələr aparıb: "Düşünürəm ki, bu maliyyələşmənin iqtisadi tərəflərinə də baxmalıyıq. Həmçinin Ələt qəsəbəsinin iqtisadi vəziyyətini araşdırmalıyıq. Bunun üçün bizə bir neçə ay lazımdır. Tək son 2 ildə bank tərəfindən Azərbaycan iqtisadiyyatına 270 milyon dollar vəsait qoyulub. Əgər bank ilk illərdə bank investisiyalarını Azərbaycanın neft-qaz sahəsinə yatırırdısa, sonrakı illərdə özəl sektora investisiya yatırılması prioritet oldu”. Bank prezidentinin sözlərinə görə, "onlar əlbəttə, Azərbaycanın enerji layihələrinə maraq göstərirlər. İlk növbədə "Şahdəniz” layihəsində iştirak edir və TAP layihəsinin inşasına 1,5 mlrd. dollar yatırmağa hazırdırlar. "Bu layihənin başa çatması ilə Azərbaycan qazı İtaliya və oradan da Mərkəzi Avropa ölkələrinə nəql oluna biləcək. Bununla yanaşı, bank Azərbaycanın neft sektoruna diqqət ayırır”. Qəzet yazır ki, Çakrabartinin sözlərinə görə, onların maliyyələşdirdiyi layihələrin doqquzundan səkkizi məhz bu sektorla bağlıdır. "Bütövlükdə bankın ölkə iqtisadiyyatına yatırdığı investisiyaların 70 faizi özəl sektorun payına düşür. Yerli ekspertlərin qənaətincə, bankla bu cür əməkdaşlıq Azərbaycan iqtisadiyyatının diversifikasiyasının yeni strategiyasına, onun neftdən asılılığının aradan qaldırılmasına yönəlib. Artıq bu gün ölkə rəhbərliyi hərbi-sənaye kompleksinin, kənd təsərrüfatının, yeni nəqliyyat komplekslərinin, kosmik rabitə sistemlərinin qurulması, yeni sənaye müəssisələrinin yaradılması layihələrinə vəsait ayırır. Nəqliyyat daşımaları sahəsində xüsusi yeri isə Bakı beynəlxalq ticarət limanında azad ticarət zonasının yaradılması layihəsi tutur” - deyə məqalədə bildirilib.
Rusiya nəşrinə Azərbaycan hökumətindən bildiriblər ki, ilin sonuna kimi Ələtdə yeni Ro-Ro terminalı da inşa ediləcək. "Bu da iri yük maşınlarının paytaxta girməsinin qarşısını ala, tıxacları aradan qaldıra biləcək. Beynəlxalq Dəniz Ticarət Limanının inşasının birinci mərhələsi gələn ilin sonuna kimi başa çatdırılmalıdır. Bu, limana 10-11 mln. ton yük qəbul etməyə imkan verəcək. İl ərzində isə 50 min konteyneri qəbul etmək iqtidarında olacaq. Bu da əsil nəqliyyat dəhlizi demək olacaq. Layihənin ikinci mərhələsində isə üç yük körpüsünün inşası nəzərdə tutulub. Həmin yük körpülərinin inşası ilə limanın gücü 17 mln. tona və 150 min konteynerə çatacaq” - deyə nəşrdə dərc edilən məqalədə bildirilib.
Qardaş Türkiyə mətbuatında da yeni liman layihəsinə yer ayrılıb. "Taymturk”də dərc edilən xəbərdə Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru Taleh Ziyadovun layihə barədə fikirlərinə yer ayrılıb. O bildirib ki, liman Azad Ticarət Zonası statusu aldıqdan sonra ora 1 mlrd. dollara yaxın investisiya yatırmaq mümkün olacaq: "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı 400 hektar ərazini əhatə edəcək Azad Ticarət Zonasının yaradılmasını nəzərdə tutur. Gələn ilin yanvar ayına qədər Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisində fəaliyyət göstərəcək Azad Ticarət Zonasına rezidentlərin qəbuluna başlanıla bilər”. Məqalədə qeyd edilib ki, Bakı Limanı ətrafında yaradılacaq Azad Ticarət Zonasında böyük ABŞ şirkətlərini yerləşməyə dəvət ediblər. "Bakı Limanı İqtisadiyyat Nazirliyi ilə birlikdə 6 ay ərzində beynəlxalq mütəxəssisləri cəlb etməklə, hüquqi baza hazırlayacaq. Bu zonanın gələn ildən tam fəaliyyət göstərəcəyinə ümid edirik. Bununla da Ələtdəki Azad Ticarət Zonası tipli xüsusi iqtisadi zona dünyanın Dubay, Honkonq, Şanxay, Sinqapur kimi nəhəng nəqliyyat-logistika mərkəzinə çevriləcək” - deyə Türkiyə nəşri Ziyadovun fikirlərini dərc edib.
Sonda qeyd edilib ki, yeni iqtisadi zonanın Ələtdə yaradılmasının xüsusi əhəmiyyəti var. Məsələ ondadır ki, qəsəbədə liman var. "İqtisadi zonalar üçün ən vacib amil xarici dövlətlərə çıxış imkanıdır. Yeni layihə Azərbaycan üçün o anlama gəlir ki, Bakı xarici dövlətlərə çıxış imkanları qazanacaq. Bu, çox yaxın gələcəkdə ölkədəki iqtisadi inkişafa öz müsbət təsir və töhfələrini verəcək” - deyə məqalədə bildirilib.
Azər
banner

Oxşar Xəbərlər