• cümə, 19 Aprel, 06:35
  • Baku Bakı 13°C

Bakı ilə Moskva arasında siyasi dialoq yüksələn xəttlə inkişaf edir

25.09.18 17:39 535
Bakı ilə Moskva arasında siyasi dialoq yüksələn xəttlə inkişaf edir
Azərbaycan hər zaman qonşu dövlətlərlə siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığa üstünlük verib. Elə bu səbəbdəndir ki, rəsmi Bakının təşəbbüsü ilə Rusiya, Türkiyə, Gürcüstan, İran və digər ölkələrlə ikitərəfli, üçtərəfli formatda görüşlər keçirilir. Bu çərçivədə Rusiya ilə də yaxın qonşuluq siyasətinə xüsusi önəm verilir və iki ölkə arasında əlaqələr ilbəil yaxşılaşdırılır. 2018-ci ilə ərzində Azərbaycan və Rusiya prezidentlərinin bir neçə dəfə görüşməsi də bunu təsdiq edir. Sentyabrın əvvəlində prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri çərçivəsində 15 mühüm sənədin imzalanması isə ikitərəfli münasibətlərin yeni mərhələyə keçməsinə gətirib çıxardı. Məhz bunun nəticəsidir ki, Rusiya prezidenti Vladimir Putin Azərbaycana səfərə gəlir. Bu səfər çərçivəsində hansı məsələlərin müzakirə mövzusu olacağı isə diqqət mərkəzindədir.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov bildirdi ki, Prezident İlham Əliyev bir müddət öncə Soçidə rusiyalı həmkarı Purtinlə görüşüb və danışıqlar aparıb, sənədlər imzalanıb: "Düşünmürəm ki, Putinin Bakıya səfəri zamanı hansısa sənədlərin imzalanması və ya qərarların verilməsi elan olunsun. Bu səfər daha çox Soçidə əldə olunmuş razılaşmaların icrasına hesablanıb. Putini bu səfərdə Rusiyanın nəhəng şirkətlərinin rəhbərləri müşayiət edir. Onlar burada konkret olaraq öz tərəf müqabilləri ilə danışıqlar apararaq diqqətlərini imzalanmış sənədlərin icrasına yönəldəcəklər. Putin, həmçinin Bakıda keçirilən Rusiya-Azərbaycan regionlararası foruma qatılacaq. Bilirsiniz ki, Rusiyanın regionları Azərbaycanın regionları ilə tərəf müqabilidirlər və onların belə bir forumu var. Forumda iki ölkənin dövlət başçıları da iştirak edəcəklər. Putin Bakıda keçirilən cüdo üzrə dünya çempionatını da seyr edəcək”.
R.Musabəyovun sözlərinə görə, hazırda Rusiya ilə Azərbaycan arasında müzakirə olunan əsas məsələ Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesidir: "Soçidə bu məsələ müzakirə olunub, ondan sonra Putin Paşinyanı Moskvaya çağırdı və çox güman ki, bu istiqamətdə söhbətlər apardı. Düşünürəm ki, Azərbaycanda da bu məsələ müzakirə ediləcək. Putin həmçinin Ermənistana da getməlidir. Əgər münaqişə tərəflərini yaxınlaşdırmaq mümkün olacaqsa, istisna etmirəm ki, Bişkekdə keçiriləcək MDB sammitində bəlkə də üçtərəfli görüş təşkil olunsun. Yox, əgər mövqeləri yaxınlaşdırmaq mümkün olmayacaqsa və Paşinyan indiki heç bir çərçivəyə sığmayan iddialarında təkidli olacaqsa, o zaman Azərbaycan atacağı addımları müəyyən edəcək. Rəsmi Bakı Rusiyaya bildirəcək ki, əgər Paşinyan gicdirsə, onda bizim ayrı yolumuz qalmır və işğalçını güc vasitəsilə torpaqlarımızdan çıxaracağıq”.
Politoloq Tofiq Abbasov bildirdi ki, Azərbaycan bölgə üzrə daha çox kommunikativ rol oynayır və artıq bu region Xəzər-Qafqaz bölgəsi adlandırılmağa başlanılıb: "Bura Orta Şərqin ayrılmaz hissəsi kimi böyük iqtisadi perspektivlərdən əlavə, gələcəkdə iri infrastruktur layihələrinin reallaşacağı məkan olacaq. Yəni, istəsək də, istəməsək də Xəzər və Qafqaz bölgəsi kimi şərqlə qərbin arasında olmağımızla tranzit marşrutların üzərindəyik. Ona görə də nəhəng oyunçular-Çin, Hindistan, Pakistan, Rusiya, Qazaxıstan, İran artıq böyük bir hərəkətlilik nümayiş etdirir. Bu hərəkətlilik ondan ibarətdir ki, Avropa ilə yanaşı yeni geoiqtisadi qütb yaranıb. Bu, Uzaq Şərq qütbüdür və bura çox ölkələr daxildir və Şanxay Əməkdaşlıq Təşkilatının üzvləri, Koreya Respublikası, Malayziya və digərləri yeni birlikdə yer alır. Qeyd edilən ölkələrin istehsal qüvvəsinin artması beynəlxalq ticari əməliyyatların həcmini artırır. Digər tərəfdən, bu prosesdə tranzit marşrutlarında olan ölkələrin rolu durmadan yüksəlir və Azərbaycan bu proseslərin hamısında iştirak edir. Çünki Azərbaycan özü-özlüyündə artıq nəqliyyat "xab”ına çevrilir. Yəni, ölkəmiz nəqliyyat-kommunikasiya baxımından elə bir açar dövlətə çevrilib ki, həm şərq-qərb, həm şimal-cənub, həm də cənub-qərb dəhlizləri ərazimizdən keçir. Bu baxımdan da Rusiya ilə bir çox layihələr çərçivəsində maraqlarımız üst-üstə düşür. Bilirsiniz ki, bu yaxınlarda qeyri-rəsmi şəkildə Rusiya nümayəndə heyəti Azərbaycanda oldu. Burada Rusiya parlamentinin üzvləri və digər aparıcı şəxslər, mətbuat nümayəndələri yer alırdı. Onlar da qeyd etdilər ki, Rusiya Azərbaycanı bölgəmizdə ən sadiq, işgüzar subyekt kimi dəyərləndirir. Burada Rusiyanın marağı ondan ibarətdir ki, Azərbaycanla daha sıx münasibətlər qurulsun. Birgə layihələrin həllində həmahəng fəaliyyətimiz faydalılıq əmsalını artırsın”.
T.Abbasov qeyd etdi ki, iqtisadi zəmində olan fikirlər, yeni ideyalar, təşəbbüslər təhlükəsizlik olmadan həllini tapa bilməz: "Bu baxımdan da Azərbaycan daim dünya birliyinin, bütün tərəfdaşlarının, bölgə ölkələrinin, o cümlədən Minsk qrupunun həmsədrlərinin diqqətini Qarabağ məsələsinə yönəldir. Rusiyada bu məsələsinin həllində maraqlı olduğunu dəfələrlə bəyan edib. Ancaq yaddan çıxarmaq olmaz ki, Rusiyanın özündə ermənipərəst lobbi qüvvəsi var və onlar ciddi-cəhdlə çalışırlar ki, Azərbaycanı düşmən qismində təqdim etsinlər. Ümidverici məqam ondan ibarətdir ki, artıq Rusiya elitasında Azərbaycanı lobbiləşdirən qüvvələr var. Hətta deyərdim ki, son illər prezident Putinin Azərbaycana münasibəti müsbət mənada dəyişib. Biz bunu görürük. Təsadüfi deyil ki, Bakı ilə Moskva arasında siyasi dialoq yüksələn xətt üzrə inkişaf edir. Burada prezident İlham Əliyevlə həmkarı Vladimir Putinin bir-birinə olan etimadı, münasibəti çox böyük rol oynayır. Sirr deyil ki, siyasətdə şəxsi münasibətlər bir çox məsələlərin həllini yüngülləşdirir və təmin edir. Hesab edirəm ki, Azərbaycan-Rusiya münasibətləri artıq ciddi bölgə amilinə çevrilib. Tək bölgə yox, həm də Avrasiya məkanında ciddi amil kimi qəbul olunur. Bu baxımdan da münasibətlərin yaxşılaşmasından ciddi fayda gözləməyə dəyər. Çünki dağıdıcı qüvvələrin qərar tutduğu yerdə quruculuq işi artırsa, manevr imkanları kiçilir. Ona görə də həm Azərbaycanın, həm də Rusiyanın marağı ondan ibarətdir ki, Cənubi Qafqazda sabitlik möhkəmlənsin, Qarabağ problemi öz həllini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tapsın. Rusiya gözəl anlayır ki, bizim prioritetimiz Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmasıdır. Rəsmi Moskva da söz verir ki, bu məsələdə öz imkanlarını əsirgəməyəcək və kömək edəcək”.

Bəxtiyar MƏMMƏDLİ


banner

Oxşar Xəbərlər