• cümə, 19 Aprel, 23:43
  • Baku Bakı 24°C

Bakı İdman Sarayı yarışlara hazırdır - Reportaj

16.05.15 06:15 2590
Bakı İdman Sarayı yarışlara hazırdır - Reportaj
Avropa Oyunları çərçivəsində bu idman obyektində badminton və stolüstü tennis yarışları keçiriləcək

Azərbaycanın ev sahibliyi edəcəyi ilk Avropa Oyunları ərəfəsində paytaxt Bakıda yeni-yeni müasir idman obyektləri inşa edilib, istismara verilib. Bununla yanaşı, əvvəlki illərdə tikilən və şəhərimizin rəmzlərinə çevrilən idman obyektlərində də əsaslı təmir-bərpa işləri aparılıb, onlar beynəlxalq standartlara uyğunlaşdırılıb. Belə idman obyektlərindən biri də 1974-cü ildə ölkə idmançılarının istismarına verilən Bakı İdman Sarayıdır. Dənizkənarı Milli Parkın ərazisində yerləşən bu saray Avropa Oyunları ərəfəsində müasir tələblərə uyğun olaraq, yenidən qurulub.
Ölkə başçısı İlham Əliyev və “Bakı 2015” I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın iştirakı ilə ötən ay bu idman sarayına baxış keçirilib, görülən işlər yüksək qiymətləndirilib. Bakı İdman Sarayında aparılan quruculuq işlərini, idmançıların öz potensialını nümayiş etdirməsi üçün yaradılan hərtərəfli şəraiti öz gözlərimizlə görmək, burada keçiriləcək yarışlar barədə ətraflı məlumat əldə etmək üçün bu günlərdə sözügedən idman obyektində olduq. Əvvəlcə öyrəndik ki, Avropa Oyunları ərzində Bakı İdman Sarayının əməliyyat meneceri vəzifəsini icra edəcək şəxs Faiq Hüseynovdur. Mühafizə xidmətinin köməkliyi ilə qısa zamanda F.Hüseynovla tanış olduq, ünsiyyət qurduq və onun müşayiəti ilə sarayı dolaşdıq.
İdman sarayında görülən yenidənqurma işləri ilə bağlı məlumat verən menecer bildirdi ki, bina müasir tələblərə uyğun olaraq yenidən qurulub. Amma bu zaman sarayın kontur xətlərinə, yəni binanın sahəsinə və hündürlüyünə toxunulmayıb. Binanın fasadı isə tamamilə yenilənib, müasir fasad işıqlandırma sistemi quraşdırılıb. Bu da sarayın Bakı gecələrində daha gözəl görünməsinə şərait yaradıb. Bununla yanaşı, Bakı İdman Sarayında yenidənqurma işləri çərçivəsində bir sıra yeniliklər də tətbiq edilib. Binanın həm daxili, həm də xarici interyeri dəyişdirilib. Əvvəllər zalın daxilində 2 lift var idisə, hazırda 6 müasir lift quraşdırılıb. Bununla da, fiziki imkanları məhdud olan tamaşaçıların və gələcəkdə paralimpiyaçı idmançıların binanın bütün sahələrindən tam istifadə edə bilmələrinə hərtərəfli imkan yaradılıb. Fiziki imkanları məhdud olan tamaşaçıların yarışları rahat izləmələri üçün isə xüsusi yerlər ayrılıb. Bina transformator yarımstansiyası, generator və qazanxana ilə də təchiz edilib. Qaz, su, kanalizasiya, elektrik, rabitə və fiberoptik internet xətləri yenilənib.
F.Hüseynov söhbət əsnasında onu da bildirdi ki, Bakı İdman Sarayında idmançılar və tamaşaçılar üçün tibb otaqları, kafe də fəaliyyət göstərəcək. O, media işçiləri üçün nəzərdə tutulmuş xüsusi iş və konfrans otaqlarının artıq fəaliyyətdə olduğunu bildirdi. Birlikdə həmin otaqlara baxış keçirərkən dedi ki, bura yoxlamadan keçirilib və oyunlar üçün tam hazır vəziyyətə gətirilib. Xarici və yerli media nümayəndələri bu otaqlardan rahatlıqla Avropa Oyunları, yarışların gedişi, əldə olunan nəticələr barədə məlumatları təmsil etdikləri qurumlara ötürə biləcəklər.
F.Hüseynov Bakıdakı idman obyektlərinin hər birində müxtəlif yarışların keçiriləcəyini xatırladaraq, Avropa Oyunları zamanı Bakı İdman Sarayında badminton və stolüstü tennis yarışlarının keçiriləcəyini bildirdi. Qeyd etdi ki, zalda 126 stolüstü tennis idmançısı və 160 badminton idmançısı mübarizə aparacaq. Yarışlar 5 medal dəsti uğrunda gedəcək. Kişi və qadın idmançılar əvvəlcə tək və cüt olmaqla ayrılıqda, sonra isə cüt olmaqla qarışıq şəkildə yarışacaqlar. Menecerin sözlərinə görə, iyunun 13-dən 19-a kimi stolüstü tennis, 22-dən 28-ə kimi isə badminton oyunları baş tutacaq. F.Hüseynov bu oyunların keçirildiyi məkanlarda ən əsas şərtlərdən birinin də havalandırma sisteminin düzgün quraşdırılması olduğunu vurğuladı. Qeyd etdi ki, təmir-bərpa işləri zamanı bu amil də nəzərə alınıb: “Badminton və tennis yarışlarının keçirildiyi məkanlarda əsasən havanın və tennis şarlarının yüngüllüyü nəzərə alınaraq, paralel və bərabər paylanan havalandırma sistemi yaradılmalıdır. Beynəlxalq federasiyaların tələbləri nəzərə alınaraq, Bakı İdman Sarayında xüsusi idarəetmə sistemi, hava axınını üfüqi istiqamətdə bərabər şəkildə tənzimləyən havalandırma sistemi yaradılıb. Bu sistem artıq tam hazır vəziyyətdədir. Bundan başqa, püşkatma və mətbuat zallarında, VIP otaqlarda, Avropa Oyunları Təşkilat Komitəsinin iş kabinetlərində və digər yardımçı otaqlarda da yüksək standartlar nəzərə alınıb. Həmçinin fövqəladə hallar üçün müəyyən səs siqnalları, xüsusi göstərişlərin hamısı yoxlamadan keçirilib”.
F.Hüseynov Bakı İdman Sarayında aparılan yenidənqurmadan sonra zalda tamaşaçı tutumu sayının da artırıldığını söylədi. Bildirdi ki, əvvəllər burada oturacaqların sayı 1100 idisə, indi artırılaraq 1736-ya çatdırılıb. Burada ən son texnologiyaya əsaslanan və müasir tələblərə cavab verən xüsusi fasad, və müasir tələblərə cavab verən işıqlandırma sistemi quraşdırılıb. Onu da əlavə edək ki, ən son təhlükəsizlik sistemi ilə təchiz olunan zalda xüsusi evakuasiya planı da var. İstənilən gözlənilməz hadisə zamanı zalı, ümumilikdə Bakı İdman Sarayını tərk etmək üçün çıxışların sayı artırılıb.
Menecerlə söhbətdə onu da öyrəndik ki, idman obyektində test xarakterli yarışların keçirilməsi də nəzərdə tutulub. Belə ki, may ayının 18-də həm badminton, həm də stolüstü tennis yarışları ilə bağlı “sport test”ə start veriləcək. Mayın 19-20-də isə yarışlar keçiriləcək. F.Hüseynovla birlikdə Bakı İdman Sarayında gəzintimizi başa vurarkən o, əlavə etdi ki, sözügedən obyekt Avropa Oyunlarının ən yüksək səviyyədə keçirilməsi üçün tam hazır vəziyyətə gətirilib və burada keçiriləcək oyunlar üçün hətta biletlər də artıq satışa çıxarılıb. Onun sözlərinə görə, burada keçiriləcək idman yarışlarına biletləri istənilən bilet satış mərkəzlərindən əldə etmək mümkündür.
Bakı İdman Sarayı ilə tanışlıq məni bir daha əmin etdi ki, Avropa Olimpiya Komitəsinin birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərarı beynəlxalq idman ictimaiyyətinin ölkəmizin Olimpiya hərəkatında oynadığı rola, idmanın inkişafına göstərdiyi yüksək dəstəyə, beynəlxalq tədbirlərə ev sahibliyi etmək qabiliyyətinə, Azərbaycandakı idman infrastrukturunun vəziyyətinə verdiyi önəmin ifadəsidir. Heç də təsadüfi deyil ki, Bakının 2015-ci il Avropa Oyunlarının keçirilməsi üçün böyük potensiala malik olmasını beynəlxalq idman təşkilatları da təsdiqləyib. Güclü idman infrastrukturu olan Azərbaycan, eyni zamanda, beynəlxalq yarışları keçirmək təcrübəsinə də malikdir. Bu baxımdan inanırıq ki, Azərbaycan birinci Avropa Oyunlarını da yüksək səviyyədə keçirəcək, bununla da Olimpiya tarixində öz layiqli yerini tutacaqdır.
Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər