Bakı İdarəetmə və Texnologiya Kollecində “Diaspor dərs”i keçirilib - Fotolar

Diaspor
Jurnalistləri Birliyi könüllü olaraq təhsil müəssisələrində "Diaspor dərs”ləri
layihəsini davam etdirir. 2017-2018-ci
tədris ilində ilk "Diaspor dərs”i oktyabrın 3-də Bakı İdarəetmə və Texnologiya
Kollecində (BİTKol) keçirilib.
Kollecin direktoru Varis Allahverdiyev tədbiri
açaraq iştirakçıları və qonaqları salamlayıb, layihənin BİTKol-da
keçirilməsindən məmnunluğunu ifadə edib. V.Allahverdiyev DJB-nin bu təşəbbüsünü yüksək qiymətləndirib
və layihənin tələbələrin diasporla bağlı maariflənməsində əhəmiyyətli rol
oynayacağını deyib. O, vaxtilə
Moskva Dövlət Universitetinin aspirantı olarkən diasporla bağlı gördüyü işlərdən söhbət açıb.
Qeyd edib ki, hazırda dövlət səviyyəsində diaspor istiqamətində işlər görülür.
Onun sözlərinə görə, hətta QHT sektorunda da bu işə diqqət göstərilir. V.Allahverdiyev
layihənin virtual formada da BİTKol-da keçirilməsinin mümkünlüyünü bildirib.
DJB sədri
Fuad Hüseynzadə layihənin məqsədindən danışaraq, əsas hədəflərinin
tələbə-gənclərin Azərbaycan diasporu haqda düşüncəsini inkişaf etdirmək,
gənclərin informasiya müharibəsinin aparılmasında rolunu gücləndirmək olduğunu
qeyd edib. F.Hüseynzadə məlumat və maarifləndirmə xarakterli "Diaspor
dərsi”ində Azərbaycan dövlətinin diasporun inkişafı istiqamətində gördüyü
işlər, xaricdəki tələbə-gənclərimizin diaspor fəaliyyətinin perspektivləri,
Azərbaycan gənclərinin informasiya müharibəsinin aparılmasında rolu
mövzularından ətraflı danışıb. O, ulu öndər Heydər Əliyevin azərbaycançılıq
ideologiyasının xaricdəki azərbaycanlıların vahid ideya ətrafında birləşməsi
üçün möhkəm istinad mənbəyi olduğunu dilə gətirib: "İndi soydaşlarımız
yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha
fəal rol oynayır. Onlar Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, zəngin
mədəni irsimizin təbliği, təcavüzkar Ermənistanın və erməni dairələrinin ideoloji
təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər”.
Polşadakı
Azərbaycanlı Gənclər Şurasının sədri Nail Əhməd xaricdə keçirdiyi tədbirlər
haqqında məlumat verib. O, bildirib ki, Polşada Azərbaycan haqqında az məlumatı
olan tələbələrə və ictimaiyyət nümayəndələrinə çalışdığı qədər məlumatlar
verib: "Təbii ki, Polşada fəaliyyət göstərən səfirliyimiz bu işi
müvəffəqiyyətlə aparır. Amma biz də orada təhsil alan azərbaycanlılar olaraq
çalışmışıq ki, qədim tariximiz, zəngin mədəniyyətimiz haqqında məlumatları
düzgün və dolğun şəkildə ictimaiyyətə çatdıraq”.
Diaspor
Jurnalistləri Birliyinin baş katibi Siyavuş Əmirli DİB-nin gördüyü işlər
haqqında ətraflı məlumat verib. O, Azərbaycan diasporunun erməni diasporuna
qarşı mübarizəsindən danışaraq gəncləri informasiya müharibəsində aktiv olmağa
səsləyib.
Tədbirə
Kollecin direktoru V.Allahverdiyev yekun vurub.
Xatırladaq
ki, Azərbaycanda ilk dəfə Diaspor Jurnalistləri Birliyi tərəfindən könüllü
şəkildə "Diaspor dərs”ləri layihəsi Təhsil Nazirliyinin müvafiq icazəsi ilə
2015-2016-cı dərs ilində orta məktəblərdə həyata keçirilib. Layihənin II
mərhələsinin davamı olaraq "Diaspor dərs”ləri 2016-2017-ci dərs ilində ali
təhsil müəssisələrinin tələbələri üçün də keçirilib. Layihənin effektivliyini nəzərə alaraq DJB tərəfindən
könüllü olaraq kolleclərdə də "Diaspor dərs”ləri keçirilməsi planlaşdırılıb.



















