AZE | RUS | ENG |

Bakı göydələnləri zəlzələyə davamlı deyil

Bakı göydələnləri zəlzələyə davamlı deyil
Peşəkar inşaatçı əmindir ki, əgər dəqiq ekspertiza aparılsa və tikilən binalarla bağlı laborator rəy verilsə, yeni binaların 90%-i sökülməli olacaq


Bundan əvvəl də təcrübəmdə olmuşdu – marşrutda yol gedərkən sərnişinlər arasındakı söhbətdən mövzu çıxarmağı deyirəm. Bu dəfə məcburən qulaq verdiyim söhbət yeni tikilən binalardakı təhlükəsizliklə bağlı idi. Yaxşı ki, hərdən bayağı musiqilərə yox, radiolardakı xəbərlərə üstünlük verən sürücülər də var və 6 saylı marşrutda onlardan birinin sayəsində bu mövzu meydana gəldi. Radiolardan birində Türkiyə hökumətinin zəlzələ təhlükəsizliyi ilə bağlı verdiyi qərarı xəbər edirdilər. Qardaş ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğan on minlərlə binanın uçurulmasını planlayan bir qərar verib və qərarın reallaşmasına başlanılıb. Bu, Türkiyənin Van bölgəsində baş verən son zəlzələdən sonra aparılan müzakirələrin nəticəsində verilmiş bir qərardır. Və hətta indiki hökumətə müxalif olan bir çoxları tərəfindən də alqışla qarşılanır. Təbii, türklərdə “canına gəlincə, malına gəlsin” deyimi bizdən fərqli olaraq keçərlidir.
Marşrutdakı söhbətə gəlincə, xəbəri eşidən iki ağsaqqal son günlər Azərbaycanda tez-tez zəlzələlərin olduğunu, hələ yenə olacağı ilə bağlı proqnozları öz aralarında müzakirə etməyə bşladı. Və biri vəziyyəti çox gözəl ifadə etdi: “Camaatın olan-qalan ürəyini də bu xəbərlər yeyəcək. Bakıda 5 bal gücündə zəlzələnin olması bəsdi ki, minlərlə insan ölsün”.
Bu proqnozu verən ilk adam deyildi həmin ağsaqqal. Artıq neçə illərdir ki, mütəxəssislər, başı çıxan adamlar da bu mövzuda tez-tez narahatlıq ifadə edirlər, xüsusilə yeni tikilən çoxmərtəbəli binalarla bağlı təhlükənin böyük olduğunu deyirlər. Baxmayaraq ki, Bakıda istismar müddəti ötmüş xeyli sayda 3 və 5 mərtəbəli yaşayış binaları mövcuddur.

Yeni tikilən binalar azalıb

2000-ci illərin əvvəllərində Bakıda başlayan tikinti bumu artıq səngiməkdədir. Əvvəlki illərə nisbətən yeni binaların tikintisi zəifləyir. Bunun səbəbləri müxtəlifdir. Şəhərdə yer qalmayıb, indi tikinti qaydaları dəyişib, tələbkarlıq artıb və s. Mütəxəssislər iddia edirlər ki, Bakıda istifadə olunan armatur, tikinti qaydaları şəhərin seysmik şəraitinə qəti cavab vermir. Paytaxtın seysmik zona olduğunu deyən peşəkar inşaatçı Çingiz Hüseynov söyləyir ki, Rixter cədvəlinə uyğun olaraq xüsusi dərəcə sistemi mövcuddur - 3 baldan 7 bala qədər, 7 baldan 9 bala qədər və 9 baldan 12 bala qədər: “Bundan başqa, mən şəhərdəki çoxmərtəbəli binaların tikinti prosesini kənardan izləmişəm, betona, sementin keyfiyyətinə fikir vermişəm. Sement müxtəlif möhkəmlik dərəcəsinə malik olur. Bunlar müvafiq indekslərdir – 100, 150, 200, 300, 400, 500. Bakıda əsasən möhkəmlik dərəcəsi 200 olan sementdən istifadə olunur. Bu isə düzgün deyil və belə zəif dərəcə monolit tikililərə uyğun gəlmir. Və ya başqa bir misal. Bakının mərkəzi küçələrindən birində, Nizami küçəsində aparılan tikinti zamanı armatur ustaları armaturları bir-birinə düzgün bağlamırlar və armatur karkasları düzgün etmirlər. Halbuki monolit tikililərdə əsas rolu armaturlar və armatur karkaslar, sonra isə beton oynayır. Mən hələ bir neçə il əvvəl bu halı müşahidə etdikdə yaxınlaşdım, düzgün quraşdırılmayan armatur karkaslarının hansı standartlara uyğun gəldiyini soruşdum, lakin heç kim mənə dəqiq bir cavab vermədi. Bunun isə səbəbi odur ki, tikintidə çalışan insanlar əsasən rayonlardan gəliblər və ümumiyyətlə inşaat işlərindən tamamilə uzaq adamlardırlar”.
Həmsöhbətimiz deyir ki, monolit tikili onunla fərqlənir ki, zərbənin, dağıntının necəliyindən, gücündən asılı olmayaraq, armatur karkas binanın bir hissəsini saxlayır. Monolit binanın hətta partladıldığı halda belə, bir küncü, yaxud hər hansı bir hissəsi dağıla bilər. Qalan hissəsi isə zədə alsa da, dağıla bilməz: “Bir neçə il əvvəl Bakıda çoxmərtəbəli bina uçdu, həmin vaxt beton toz kimi səpələnmişdi. Sizi əmin edirəm ki, yeni binaların 90 faizində bu hal mövcuddur. Bunun birinci səbəbi odur ki, beton keyfiyyətsizdir. Bununla yanaşı, betonlama qaydalarına əməl olunmayıb. Betonun bərkiməsi üçün mütləq 7 gün lazımdır və bu müddət ərzində betonun üst örtüyünü yükləmək olmaz. Amma yəqin siz özünüz də müşahidə etmiş olarsınız, bu gün özül qazılır, sabah baxırsan ki, artıq bir neçə daş hündürlüyündə hörgü qaldırılıb. Bu cür özülün üzərində tikilən binanın hansı təhlükəsizlik normalarına cavab verdiyi aydın deyil”.

İqlim xüsusiyyətləri nəzərə alınmalıdır

Həmsöhbətimiz deyir ki, həmçinin bina yerləşən ərazinin iqlim xüsusiyyətlərini nəzərə almaq lazımdır: “Bakıda hava istidir. Beton quruyub yerini alanacan ona su səpmək lazımdır. Lakin biz bunu da müşahidə etmirik. Hansı tikilinin yanında suçiləyici maşın dayanır? Bir dənə nümunə varmı? Təbii ki, yoxdur. Betona lazımi qədər su səpilmədiyi halda onun tökülməsindən sonra bu cür isti havada buxarlanma başlayır və su yox olur. Buxarlanmadan sonra beton öz möhkəmliyini itirir. Bu səbəbdən də isti ölkələrdə tikinti zamanı betonun tam möhkəmlənməsi üçün ona su səpirlər. Bu susəpmənin özü də 6-7 gün vaxt aparır. Mən xarici ölkələrdə tikinti layihələrində iştirak etmişəm – Dubayda, Qazaxıstanda, Rusiyada. Orada betonun üzərinə su ilə bərabər sement tozu səpilir ki, su orada olan sementi yuyub aparmasın və yeni sementin hesabına möhkəmlik bərpa olunur. Şəxsi müşahidələrimə əsasən deyə bilərəm ki, Bakıda tikilən binaların əksəriyyətində armatur konstruksiyaların quraşdırılması qaydası ilə yanaşı, həm də betonlama texnologiyası kobud şəkildə pozulur”.
Obrazlı şəkildə “Bakıda böyük “qardaşlıq qəbiristanlığı” tikilir” deyən Ç.Hüseynovun sözlərinə görə, şəhər baş plansız, ekspertizasız tikilir: “Bir növ cəzasızlıq mühiti olduğu üçün tikinti şirkətləri ancaq gəlir dalınca qaçaraq insanların həmin evlərdə necə yaşayacağını, onların aqibətini fikirləşmirlər. Kommunikasiya məsələsini nəzərə almadan necə hündurmərtəbəli binalar tikmək olar?! Şəhərin mərkəzində çoxlu binalar inşa olunur, amma yeni kommunikasiya sistemi yoxdur. Yeni kanalizasiya, nov, su xətlərinin çəkilməsi ilə heç kim məşğul olmur. Əgər əvvəllər həmin yerdə sovet dövründə tikilmiş beşmərtəbə bina var idisə və orada yüz ailə yaşayırdısa, indi yerində yeni 22 mərtəbəli bina tikilir. Lakin kommunikasiya sistemi əvvəlki kimi saxlanılır. Bu isə absurddur. Yəni başa düşmək çətindirmi ki, yeni çoxmərtəbəli bina daha çox sakin deməkdir. Bu binalara artıq böyük diametrli yeni borular, novlar lazımdır. Kommunikasiyanın rekonstruksiyasını aparmadan bina tikmək olmaz. Bakıda təəssüf ki, bu edilmir, tikinti qaydalarına əməl olunmur. Bütün kommunikasiyaların dəyişməsi də nəzərə alınmaqla, şəhər icra hakimiyyətinin başçısı səviyyəsində paytaxtın baş planı hazırlanmalıdır. Yalnız bundan sonra bu və ya digər tikilinin inşasına başlanmalıdır”.

Bakıda 9 ballıq zəlzələ olsa...

Müsahibimiz təəssüflə qeyd edir ki, Azərbaycanda tikintinin keyfiyyətinə nəzarəti həyata keçirən struktur hələ yaradılmayıb: “Bildiyiniz kimi, Bakı 9 ballıq zəlzələnin baş verə biləcəyi bir seysmik zona hesab olunur. Bundan başqa, Bakının kosmosdan müşahidəsinin nəticələri göstərir ki, şəhər sürüşmə baxımından da təhlükəlidir. Buna görə də Bakıda maksimum 12-16 mərtəbəli binalar tikmək olar. Bundan əlavə, Bakının seysmik şəraiti ilə əlaqədar, Yaponiyada olduğu kimi, yalnız üzən özülə malik olan monolit binalar tikilməlidir. Bir sözlə, mən hesab edirəm ki, Bakıda tikinti prosesində kütləvi şəkildə qayda pozuntularına yol verilib və verilməkdə davam edir”.
Türkiyədəki qərarın Bakıda da verilməli olduğunu deyən ekspertin sözlərinə görə, sevindirici haldır ki, tikinti bumu yalnız paytaxtı əhatə edib: “Türkiyə bu qərarı bir neçə vilayətlə bağlı veribsə, bizdə yalnız Bakı ilə bağlı verilməlidir. Əminəm ki, əgər dəqiq ekspertiza aparılsa və tikilən binalarla bağlı laborator rəy verilsə, binaların 90%-i sökülməli olacaq. Bakının hər yerində Ukrayna armaturundan istifadə olunur ki, bu da yeddi mərtəbədən hündür binanın tikintisi üçün nəzərdə tutulmayıb. Yaxıd da Sumqayıtda istehsal olunan armaturdan istifadə edilir ki, bu da tullantılardan hazırlanır və keyfiyyəti çox aşağıdır. Bakıda təmiz türk və Pakistan texnologiyaları üstünlük təşkil edir. Amma məhz elə bu ölkələrdə heç də güclü olmayan zəlzələlər baş verdikdə, keyfiyyətsiz tikinti üzündən dağıntılar və tələfat çox olur. Sübut elə yuxarıda qeyd etdiyimiz qərardır.
Daha bir ağır problem binaların bir-birinə olduqca yaxın inşa edilməsidir. Binaları yan-yana tikirlər ki, bu da təhlükəni birə beş artırır. Binanın biri uçsa, o birinin də uçması deməkdir. Binaların bu qədər yaxın tikilməsi yolverilməzdir. Allah eləməsin, bir hadisə baş versə, bu binalar domino daşı kimi bir-birinin üstünə aşacaq və artıq kimsəni xilas etmək mümkün olmayacaq. Dəhşətlisi isə odur ki, heç kəs bu özbaşınalığa görə məsuliyyət daşımır və heç kəs buna son qoymur”.
Qeyd edək ki, hazırda yeni tikilən binalar Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən yoxlanılır. Yoxlamaların nəticələri haqda müfəssəl məlumat verilməsə də, ara-sıra mətbuata açıqlamalarda 50-dən artıq binanın müvafiq qanunvericiliyin tələbinə uyğun tikilmədiyi, qəzalı vəziyyətdə olduğu vurğulanır. Lakin həmin binaların harada yerləşdiyi, orada məskunlaşma olub-olmadığı haqda ictimaiyyətə heç bir açıqlama verilmir.

Həbibə ABDULLA

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.884
GEL 1 1 Gürcüstan larisi 0.5797
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0603
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1764
CHF 1 1 İsveçrə frankı 1.73
KWD 1 1 Küveyt dinarı 5.5892
TRY 1 1 Türkiyə lirəsi 0.2966