• cümə, 19 Aprel, 11:19
  • Baku Bakı 13°C

Bakı Forumunda qlobal problemlər müzakirə edilib

02.10.14 13:32 1489
Bakı Forumunda qlobal problemlər müzakirə edilib
Latviyanın keçmiş prezidenti Valdis Zatlers: “Dağlıq Qarabağ münaqişəsinin acısını duyuruq, münaqişə həllini tapmalıdır”
IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində gənclər və idman naziri Azad Rəhimovun moderatorluğu ilə panel təşkil edilib. APA-nın məlumatına görə, Estoniyanın keçmiş prezidenti Arnold Rüütel çıxışında deyib ki, BMT statistikasına əsasən son 40 ildə yoxsul ölkələrin sayı iki dəfə artıb, 20 ölkədə ərzaq çatışmazlığı var.
A. Rüütel bildirib ki, artıq aclıqdan əziyyət çəkənlərin sayı 1 milyard nəfərə çatır və proqnozlara görə, dünya əhalisi 2030-cu ildə 8,2 milyard nəfərə çatacaq: “Yer kürəsindəki torpaqlardan səmərəli istifadə edilsə, bu əhalini qida ilə təmin etmək mümkün olar. Bizim gələcəyimiz qaydalar üzərində razılığa gəlməyimizlə bağlıdır. Əvvəllər davamlı inkişaf cəmiyyət və təbiət arasında ahəngdarlığı nəzərdə tuturdu, bu gün isə cari və gələcək nəsillərin tələbatına cavab verməyi nəzərdə tutur. Bunun üçün cəmiyyəti səfərbər etməli, ekoloji balansı və mədəni müxtəlifliyi qorumalı, rifahı təmin etməliyik”.
Xorvatiyanın keçmiş prezidenti Stepan Mesiç Yalta konfransının prinsiplərinin artıq işləmədiyini vurğulayıb: “Üçüncü Dünya Müharibəsinə yol verməməlyik. Qərb və Şərq arasında əvvəllər balans var idi, indi Qərb daha üstün mövqedədir. İnteqrasiya prosesindən kənarda qalmaq olmaz. Birləşmiş Avropanın qarşısında duran əsas məqsəd yeni müharibənin qarşısının alınmasıdır. Helsinki prinsipləri əsas götürülməli və Şərq ilə Qərb arasında etimadın təmin edilməsində sərhədlərin toxunulmazlığı əsas rol oynamalıdır. Son 20 ildə biz olduqca kritik bir vəziyyətə düşmüşük. Qarşılıqlı etimadın möhkəmlənməsi əvəzinə, əks meylləri müşahidə edirik. Avropa Birliyinin standartlarının qəbul olunmasına baxmayaraq, Avropa daxilində qütbləşmə artmaqdadır. Bu, Rusiya ilə münasibətlərdə müşahidə olunur. Çox təhlükəli meyllər var, sovet vaxtından qalan stereotiplər baş qaldırıb. NATO daxilində də artıq deyirlər ki, düşmən Moskvada yerləşir. Bu məsələlər bizi narahat edir. Əgər Rusiya Qərbdən hər hansı ölkəni cəlb etmək üçün onu həvəsləndirsəydi, Qərb bunu necə qarşılayardı?! Bu suala cavab tapmaq da vəziyyətdən çıxış yolu tapmaq üçün vacibdir”.
Xorvatiyanın sabiq prezidenti qeyd edib ki, hər bir ölkənin öz maraqları var: “Avropanın gələcəyi Rusiyanın iştirakı olmadan mümkün deyil. Demokratik dünyanın Rusiya ilə toqquşması baş verir. ABŞ Konqresində Rusiya ilə bağlı qəbul edilən qərarların mənası nədir? İraqda, Əfqanıstanda sabitlik bərpa olunubmu? Hər kəs öz taleyini özü həll etməlidir. Dövlətlər arasında etimadın bərpa vacibdir”.
A. Rəhimov da Azərbaycanın işğal faktı ilə üzləşdiyini və münaqişənin Helsinki Yekun Aktı, ərazi bütövlüyü prinsipi əsas götürülməklə həllinə çalışdığını söyləyib.
Latviyanın keçmiş prezidenti Valdis Zatlers çıxışında xatırladıb ki, İraqda, Suriyada müharibə gedir, Fələstində sülh əldə olunmayıb, Ukraynada böhran var: “İslam və xristian aləmləri arasında hərbi və humanitar münaqişə yoxdur. Xristianlıq və islam özlərində sülhü əks etdirən dinlərdir. Avropanın müxtəlif ölkələrində 16-cı əsrdə dini toqquşmalar baş verib. Biz keçən əsrdə Yuqoslaviyadakı müharibəni də gözləmirdik. İndi isə Ukraynada müharibə gedir. Niyə müharibələrin sayı çoxdur? Müharibəni dayandıracaq siyasətçilər o qədər də uzaqgörən deyillər. Biz Dağlıq Qarabağ münaqişəsinin acısını duyuruq. İşğal olunmuş ərazilərdə ailələrin evlərindən məhrum olunduğunu, abidələrin dağıdıldığını eşidəndə acı duyuruq. Biz irəli getməli, Dağlıq Qarabağ münaqişəsi və digər münaqişələri həll etməliyik”.
V. Zatlersi Azərbaycanın böyük dostu adlandıran A. Rəhimov ona təşəkkürünü bildirib.
Litvanın sabiq dövlət başçısı Vitautas Landsbergis lokal müharibələrdə əldə olunan uğurların yeni müstəmləkə ruhunun bərpa edilməsinə yönəldiyini söyləyib: “Azərbaycan idarəçilik məsələsinə görə vaxtaşırı tənqid olunur. Ancaq nəzərə almırlar ki, Azərbaycanın ərazisi işğal olunub, Avropa ilə əməkdaşlıq nümunəsi nümayiş etdirir, bir çox müsbət nümunələrə imza atıb. Ona görə də hərbi münaqişənin qarşısının alınması üçün səylərin artırılması vacibdir. Azərbaycanın müsbət töhfələri çoxdur, Avropanın enerji təhlükəsizliyinə çalışır, islam dünyası ilə əlaqədə mühüm rol oynayır. İnanıram ki, Azərbaycan bir çox örnək nümunələr göstərəcək”.
banner

Oxşar Xəbərlər