Bakı Dövlət Universitetində yeni mərkəz istifadəyə verildi - Fotolar
Bakı Dövlət Universitetinin Azercell Telekom MMC ilə
əməkdaşlığı çərçivəsində Jurnalistika fakültəsində Barama Media Mərkəzinin
açılışı olub. Açılış mərasimində BDU-nun rektoru, akademik Abel Məhərrəmov,
Azercell Telekom MMC-in prezidenti Vahid Mürsəliyev, PAŞA Bankın nümayəndələri,
qonaqlar, fakültənin professor-müəllim heyəti iştirak edib.
Çıxış edən
rektor Abel Məhərrəmov bildirib ki, Azercell və PAŞA Bankın dəstəyi ilə
yaradılan Barama Media Mərkəzinin əsas məqsədi gənclərin innovativ ideyalarını
reallaşdırmaqda onlara dəstək vermək, media mövzusunda təlim və seminarlar,
görüşlər təşkil etmək, universitetin digər fakültələrində təhsil alan tələbələrin
zəruri bilik və bacarıqlara yiyələnmələri
üçün müxtəlif layihə, proqramlara cəlb etməkdir. Rektor mərkəzin fakültə nəzdində
fəaliyyət göstərən Tədris-teleradio studiyasının imkanlarından da istifadə edərək
elm və innovasiya araşdırmalarına imkan yaratmaq, həmçinin fikirlərini sərbəst ifadə etmək bacarıqlarını
formalaşdırmaqda əhəmiyyətli rol oynayacağına əminliyini ifadə edib. Onu da vurğulayıb ki, BDU ilə
Azercell arasında imzalanmış əməkdaşlıq nəticəsində universitet tələbələri
texnoloji innovasiyalara daha da yaxınlaşır, həm də sahibkarlıq bacarıqlarının inkişaf
etdirilməsinə şərait yaradılır. Şirkətin Tələbə Proqramı çərçivəsində BDU-nun III və IV kursda təhsil alan və yüksək təhsil göstəriciləri
olan tələbələr üçün aylıq təqaüd layihəsindən də danışan rektor yaradılmış şəraitə görə Azercellin prezidenti Vahid Mürsəliyevə, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin rəhbəriİmran Bağırova təşəkkürünü bildirib.
Azercell-in prezidenti Vahid Mürsəliyev isə Barama Media Mərkəzinin tələbələrə
bilik və bacarıqlarını inkişaf etdirmək üçün geniş imkanlar yaradacağını qeyd
edib. Bildirib ki, fəaliyyət göstərdiyi 21 il ərzində Azercell Telekom
MMC Azərbaycanda təhsilin inkişafına, təcrübəli kadrların yetişdirilməsinə
hər zaman dəstək verib, bu yöndə fəaliyyətini bu gün də uğurla davam
etdirir. Şirkətin elan etdiyi Tələbə Proqramı çərçivəsində
Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan qabiliyyətli gənclər
Azercell-dən xüsusi təqaüd və şirkətin müxtəlif şöbələrində təcrübə keçmək
imkanı qazanırlar.
Jurnalistika fakültəsinin dekanı,
professor Cahangir Məmmədli, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin rəhbəriİmran Bağırov qurumun tələbə-jurnalistlərin ideyalarının reallaşmasına təkan
verəcəyini qeyd edib və onun işinə
uğurlar arzulayıblar.