• cümə, 19 Aprel, 01:58
  • Baku Bakı 18°C

Bakı daha bir mötəbər tədbirə hazırdır

23.04.16 10:53 2200
Bakı daha bir mötəbər tədbirə hazırdır
Prezident İlham Əliyev müxtəlif tədbirlərdə, irimiqyaslı beynəlxalq toplantılarda çıxışı zamanı mütləq multikulturalizm məsələsinə xüsusi yer ayırır. Əbəs yerə deyil ki, ölkəmizdə keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərdə də multikulturalizm, birgə yaşayış, tolerantlıq, dini və mədəni dözümlülük kimi məsələlərin müzakirəsi mühüm yer tutur. Deyilənlərə əyani misal kimi Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı və Qarşılıqlı Fəaliyyət Şurası, Madrid Klubu, İsgəndəriyyə Kitabxanası, Roma Klubu, Dünya Elmlər və Mədəniyyət Akademiyası ilə əməkdaşlıq çərçivəsində “Çoxqütblü dünyaya doğru” mövzusunda 10-11 mart tarixində paytaxtımızda keçirilən IV Qlobal Bakı Forumunu göstərmək olar.
Bu Forumda Albaniya, Monteneqro, Bolqarıstan, Gürcüstan prezidentləri, həmçinin 27 sabiq prezident və 23 sabiq baş nazir də daxil olmaqla, 53 ölkədən 300-dən çox nümayəndə iştirak etdi. Beynəlxalq tədbirdə münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, o cümlədən qlobal təhlükəsizliyin təmin olunması, həmçinin enerji və qlobal idarəçiliyin perspektivləri kimi mühüm məsələlər geniş müzakirə edildi. Bununla yanaşı, I Avropa Oyunları, Formula l yarışları, şahmat üzrə dünya çempionatı, IV İslam Həmrəyliyi Oyunları, Bakı Beynəlxalq Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu, Dini Liderlərin Zirvə toplantısı və digər tədbirlərin də məhz Azərbaycanda keçirilməsi ölkəmizin qlobal və regional səviyyəli tədbirlərə ev sahibliyi edən, bütün dünyanın diqqət mərkəzində olan mühüm məsələlərin müzakirə olunduğu siyasi, iqtisadi və humanitar mərkəz kimi tanındığına əyani misaldır. Bu kimi tədbirlərin davamı olaraq, aprelin 25-27-də paytaxt şəhərimizdə “İnkluziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd” şüarı altında BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu keçiriləcək.
Məlumat üçün qeyd edək ki, 2014-cü il sentyabrın 26-da Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansı Dostlar Qrupunun Nazirlər Toplantısında Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun 2016-cı ildə Azərbaycan paytaxtında keçirilməsi barədə qərar qəbul edilib. Bundan irəli gələrək, ötən il iyulun 24-də dövlət başçısı İlham Əliyev Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb. Sərəncama görə, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev təşkilat komitəsinin sədri, nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə katib, 19 dövlət qurumu rəsmisi komitənin üzvü təyin edilib. Bundan başqa, ötən il oktyabr ayının 24-də İngiltərənin paytaxtı Londonda Azərbaycan hökuməti ilə BMT Sivilizasiyalar Alyansı arasında saziş imzalanıb. Prezident İ.Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin yekunlarına dair iclasında sivilizasiyalar və mədəniyyətlərarası dialoq məsələlərinə, xüsusilə də bu Forumun əhəmiyyətinə toxunub və tədbirin Bakıda keçirilməsini əsas gətirərək, 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsi haqqında sərəncam imzalayıb.
Qeyd edək ki, BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu sivilizasiyalararası dialoqun möhkəmləndirilməsi, xalqlar və dövlətlər arasında dostluq, əməkdaşlıq və davamlı inkişafın təşviqi, milli, dini və irqi ayrı-seçkiliyin, dünyada sülh və təhlükəsizliyi təhdid edən neqativ halların aradan qaldırılması, habelə, ümumbəşəri əhəmiyyət kəsb edən aktual məsələlərin müzakirə olunduğu, mühüm problemlərin həllinə dəstək məqsədi daşıyan qlobal platformadır. Üç gün davam edəcək bu beynəlxalq əhəmiyyətli tədbirdə 195 ölkə və 26 beynəlxalq təşkilatdan 3 min nəfərdən çox nümayəndə iştirak edəcək. Onlar arasında dövlət və hökumət başçıları, yüksək səviyyəli dövlət və ictimai xadimlər, nazirlər, nüfuzlu beynəlxalq qurumların, dünyada tanınmış beyin mərkəzlərinin rəhbərləri, diplomatlar, elm adamları və digər şəxslər yer alacaqlar. Bakı Konqres Mərkəzi və Heydər Əliyev Mərkəzində təşkil olunacaq Forum ərzində ümumilikdə 40 tədbir keçiriləcək. Forumun sonunda beynəlxalq ekspertlər tərəfindən xüsusi kitab hazırlanacaq və nəşrdə beynəlxalq tədbir haqqında dünyanın tanınmış xadimlərinin fikir və rəyləri yer alacaq. Forumda ekstermizmə və terrora qarşı mübarizə, qlobal miqrasiya, qlobal vətəndaşılıq, nifrət nitqinin yayılmaması, təhsil, din, idman, gənclərin rolu, Bakı prosesi, inkluziv cəmiyyətlərin qurulması, multikulturalizm və digər məsələlər müzakirə ediləcək. Forumun açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edəcək, nitq söyləyəcək.
Belə bir Forumun paytaxt Bakıda keçirilməsi barədə qərar qəbul edilməsi dünyanın ən nüfuzlu ali qurumunun, dünya ölkələrinin Azərbaycana olan hörmətinin, etimadının, ölkəmizin dünya siyasətində, beynəlxalq münasibətlər sistemində yerinə və roluna, habelə, multikultural dəyərlərin təşviqi və sivilizasiyalararası, mədəniyyətlərarası dialoqun inkişafına töhfələrinə verilən qiymətin real ifadəsidir.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər