• cümə axşamı, 28 mart, 13:21
  • Baku Bakı 16°C

Bakı daha bir beynəlxalq əhəmiyyətli tədbirə ev sahibliyi etdi

17.02.18 09:22 880
Bakı daha bir beynəlxalq əhəmiyyətli tədbirə ev sahibliyi etdi
Artıq neçənci dəfədir ki, ölkəmiz beynəlxalq əhəmiyyət kəsb edən tədbirlərə, forum və konfranslara ev sahibliyi edir. Bakı artıq tək siyasi, mədəni deyil, həm də dünyanın diqqətini özünə cəlb edən iqtisadi xarakterli tədbirlərin keçirildiyi məkana çevrilir. Srağagün paytaxtımızda prezident İlham Əliyevin də iştirak etdiyi daha bir qlobal əhəmiyyətli tədbir baş tutub. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısı keçirilib. Və dünya mediası, xüsusən də qardaş Türkiyə mətbuatı bu tədbirin əhəmiyyətindən, onun qlobal kontekstdə rolundan bəhs edən məqalələr, xəbərlər, reportajlarla çıxış edib.
Məsələn, "Yeni şafak” qəzetində dərc edilən "TANAP’ta test başladı” başlıqlı məqalə prezidentin çıxışı ilə başlayıb. "İlham Əliyev bildirib ki, "Şahdəniz”, TANAP və TAP-a üzv olan şirkətlərin və maliyyə institutlarının güclü əzmi olmadan layihənin icrası mümkün olmazdı: "2015-ci ildə Azərbaycan Cənub Qaz Dəhlizi Məşvərət Şurasının yaradılması təşəbbüsü ilə çıxış etdi, çünki biz səylərimizi əlaqələndirməyə böyük ehtiyacın olduğunu aydın başa düşürdük. Əvvəlki illərdə Azərbaycan qonşu ölkələr olan Gürcüstan və Türkiyə ilə birlikdə mühüm enerji layihələri həyata keçirib. Lakin bu dəfə daha çox ölkə və şirkət cəlb olunmuşdu, ona görə də bizim əlaqələndirməyə, maksimum səmərəliliyə ehtiyacımız var idi. Mən çox şadam ki, Avropa Komissiyası bu təşəbbüsü dərhal dəstəklədi və artıq dördüncü toplantı Avropa Komissiyası və Azərbaycan tərəfindən təşkil olunub”, - deyə məqalədə qeyd olunur.
Əsasən iqtisadi analizlərin dərci üzrə ixtisaslaşan "haber7.com” nəşri isə "45 milyar $’lık koridor bitiyor” başlıqlı məqalədə yazır ki, "Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycanın indiyədək çox uğurlu olan və Azərbaycana öz iqtisadiyyatını şaxələndirməyə kömək edən enerji strategiyasının əsas elementlərindən biridir. Məqalədə dövlət başçısı İlham Əliyevin Türkiyənin enerji naziri Berat Albayrakla görüşündən də bəhs edilib. Albayrak bildirib ki, TANAP-ın ilk test işlərinə keçən ay başlanılıb və iyuldan əvvəl xəttin açılışı reallaşacaq. TANAP-ın Türkiyənin enerji təhlükəsizliyi və Milli Enerji və Mədən Strategiyası baxımından əhəmiyyətli və həyati bir layihə olduğunu vurğulayan Albayrak, "Türkiyə son iki ildə təhlükəsizliyi mövzusunda əhəmiyyətli addımlar atdı və atmaqda da davam edəcək” deyib.
"Star” qəzetində dərc edilən "45 milyar doları aşan Güney Gaz Koridoru’nun önemli safhaları tamamlandı” başlıqlı məqalədə də türkiyəli nazirin fikirləri yer alıb. Albayrakın sözlərinə görə, Türkiyə TANAP və TAP layihələri ilə Xəzərdəki təbii ehtiyatların dünya bazarlarına daşınmasında böyük rol oynayır. "Bütün beynəlxalq tərəflərə səslənirəm. Bu imkanlardan yaxşı istifadə edək. Bölgədəki münaqişələrin və qeyri-müəyyənliklərin daha da artmasına səbəb olan gərginliklər əvəzinə, qələbə qazanma üsulunu tətbiq edək. Türkiyə sülh və sabitliyi prioritet kimi görür”, - deyə qəzet nazirin sözlərini sitat gətirib.
Nüfuzlu iqtisadi yönümlü "Dünya” qəzeti isə "TANAP'a imza atmamız tarihi olaydı" başlıqlı məqalədə dövlət başçısı İlham Əliyevin fikirlərini yerləşdirib. Prezident bildirib ki, "Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycana öz iqtisadiyyatını şaxələndirməyə kömək edən enerji strategiyasının əsas elementlərindən biridir: "Biz enerji ehtiyatlarından istifadə edərək qeyri-neft sektoru, insan kapitalı və infrastruktura investisiya yatırmışıq, bununla da iqtisadiyyatımızın uzunmüddətli davamlı inkişafını təmin etmişik. Sözsüz ki, bizim əvvəlki illərdə Azərbaycanda həyata keçirdiyimiz layihələr Cənub Qaz Dəhlizinin reallaşdırılması üçün güclü bünövrə yaradıb. Qarşıdakı onilliklər ərzində biz dünyanın ən böyük neft yataqlarından biri olan "Azəri-Çıraq-Günəşli”də sabit və davamlı inkişafdan faydalanacağıq”.
"Haber365.com.tr”də dərc edilən "Berat Albayrak Müjdeyi Verdi! Proje Sona Yaklaştı” başlıqlı məqalədə də tədbirin böyük əhəmiyyət kəsb etməsindən söz açılıb. "Cənub Qaz Dəhlizi”ndə iki qitənin və altı ölkənin keçildiyi bir nöqtəyə gəlindi. "Şahdəniz-2” yatağı, Cənubi Qafqaz Boru Kəməri, Trans Anadolu qaz kəməri (TANAP) və Transadriatik boru kəməri (TAP) layihəsinin sonuncu forması Azərbaycan paytaxtında müzakirə olunub. Albayrak TANAP-ın Türkiyənin enerji təhlükəsizliyi və Milli Enerji və Mədən Strategiyası baxımından da əhəmiyyətli və həyati bir layihə olduğunu vurğuladı”,- deyə məqalədə bildirilib.
"Milliyet”də dərc olunan "Aliyev'den flaş Türkiye açıklaması: TANAP'a imza atmamız tarihi olaydı” başlıqlı məqalədə dövlət başçısının tədbirdəki çıxışına geniş yer verilib. Bundan əlavə, "Sabah”, "Posta”, "Aksam” nəşrlərində dərc olunmuş məqalələrdə də adıçəkilən tədbirin qlobal əhəmiyyətindən geniş bəhs edilib.

Azər
banner

Oxşar Xəbərlər