• cümə, 29 Mart, 16:37
  • Baku Bakı 14°C

Bakı Biznes Mərkəzində Beynəlxalq Forum keçirilib

03.11.14 13:57 1848
Bakı Biznes Mərkəzində Beynəlxalq Forum keçirilib
Bakı Biznes Mərkəzində (BBM) İqtisadiyyat və Sənaye Nazirliyinin (İSN) dəstəyi, Bakı Biznes Tədris Mərkəzinin (BBTM) təşkilatçılığı ilə “Azərbaycan Respublikasında biznes sahəsində idarəetmə kadrlarının hazırlanması: Azərbaycan-Almaniya əməkdaşlığı” mövzusunda II Beynəlxalq Forum keçirilib. İSN mətbuat xidmətindən “Kaspi”yə bildirilib ki, “Azərbaycan Respublikasında biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində keçirilən tədbirdə nazirliyin şöbə müdiri Zaur Qasımov çıxış edərək, sahibkarlığın inkişafının Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının mühüm istiqamətlərindən olduğunu qeyd edib. O, bu sahədə müxtəlif dövlət dəstəyi tədbirləri ilə yanaşı, sahibkarların maarifləndirilməsi və işgüzar əlaqələrinin inkişafı istiqamətində kompleks tədbirlərin görüldüyünü diqqətə çatdırıb. Bildirilib ki, məqsədyönlü tədbirlər nəticəsində ölkədə sahibkarlığın inkişafı sürətlənib, iqtisadiyyatda özəl sektorun rolu əhəmiyyətli dərəcədə artıb: “Sahibkarların xarici tərəfdaşlarla işgüzar əlaqələrinin genişlənməsində 2009-cu ildən başlayaraq Azərbaycan və Almaniya arasında həyata keçirilən “Azərbaycan Respublikasında biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” da xüsusi önəm kəsb edir. Bu proqram çərçivəsində sahibkar və gənc menecerlər Almaniyanın müvafiq tədris mərkəzlərində və müəssisələrində “İqtisadi kooperasiya” üzrə ixtisasartırma kursu keçməklə, beynəlxalq təcrübəyə yiyələnir və işgüzar əlaqələr yaradırlar”.
Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri Haydrun Tempel Almaniya və Azərbaycan arasında iqtisadi əməkdaşlıqdan danışıb, Proqramın iş adamları arasında əlaqələrin inkişafında rolunu vurğulayıb.
BBTM-in direktoru Akif Fərruxov, GİZ-in layihələr üzrə rəhbəri Ronald Şults və digərləri çıxışlarında “Azərbaycan Respublikasında biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” və ixtisasartırma kurslarının uğurlu nəticələri barədə məlumat veriblər.
Qeyd edilib ki, proqramın icra olunduğu müddət ərzində iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 200-ə yaxın gənc sahibkar və menecer Almaniyanın Karl Dyusberq, Baden-Vüttenberq və digər tədris mərkəzlərində təlim, Berlin, Bonn və s. şəhərlərdəki müəssisələrdə təcrübə keçiblər. Bununla yanaşı, Proqram çərçivəsində Almaniyanın müvafiq şirkətləri ilə yeni işgüzar əlaqələr yaradılıb və biznes müqavilələri imzalanıb. “Azərbaycan Respublikasında biznes sahəsində idarəetmə kadrlarının hazırlanması: Azərbaycan-Almaniya əməkdaşlığı” Proqramı çərçivəsində sahibkarların və menecerlərin Almaniyaya göndərilməsi məqsədi ilə növbəti müsabiqənin bu günlərdə başa çatdığı, artıq 22 namizədin seçildiyi bildirilib.
Tədbir çərçivəsində 3 panel iclas keçirilib. İclaslarda Almaniyanın müvafiq tədris mərkəzlərində və müəssisələrində ixtisasartırma kursu keçmiş sahibkar və gənc menecerlərin təqdimatı, eləcə də GİZ-in ekspertləri tərəfindən treninqlər keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Forumda Almaniyada ixtisasartırma kursu keçmiş sahibkar və menecerlər çıxış edərək Azərbaycanda özəl bölmənin inkişafına yaradılmış şəraitə, göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
R.İSMAYILOV

banner

Oxşar Xəbərlər