AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Bakı Beynəlxalq Turizm Filmləri Festivalına start verildi

Bakı Beynəlxalq Turizm Filmləri Festivalına start verildi

Mədəniyyət
21 Noyabr 2013, 17:03 1180
Film sahəsinə maraq günü-gündən artır. Belə ki, ötən illərlə müqayisədə bu il paytaxtımızda bir-birinin ardınca film müsabiqələri və beynəlxalq filmlərin festivalları həyata keçirilir. Bu qəbildən, dünən Nizami kino Mərkəzində Bakı Beynəlxalq Turizm Filmləri Festivalının açılışı oldu.

Festivala start verilməzdən öncə təşkilatçı “Azanfilm” studiyasının rəhbəri Fariz Əhmədov media nümayəndələrini ətrafına cəm edib festival barədə məlumat verdi. Məlum oldu ki, festivalda ümumilikdə 38 ölkədən 140 rejissor 215 film təqdim edib. Bunlardan 31 ölkədən 74 rejissorun 78 filmi müsabiqəyə buraxılıb (ABŞ, Almaniya, Avstriya, Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Bosniya və Hersoqovina, BÖyük Britaniya, Çexiya, Danimarka, Fransa, Gürcüstan, Xorvatiya, İran, İspaniya, İsveç, İsveçrə, İtaliya, Qazaxıstan, Qırğızıstan, Makedoniya, Monoteneqro, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, Serbiya, Slovakiya, Türkiyə, Ukrayna, Yunanıstan). Müsabiqə proqramında 14 azərbaycanlı rejissorun filmi yer alıb.

Müsabiqə proqramındakı filmləri kinematoqrafçılardan, səyahət və turizm ekspertlərindən ibarət 7 nəfərlik beynəlxalq münsiflər heyəti qiymətləndirəcək. Münsiflər heyətinin 3 üzvü Azərbaycanın, 4-ü isə xarici ölkələrin təmsilçiləridir.

Açılış mərasimində iştirak edən Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov festivalın keçirilməsində əsas məqsədin tarixi və mədəni irsin beynəlxalq mərkəzlərindən biri olan Azərbaycanın turizm potensialına diqqət cəlb etmək olduğunu söylədi: “Müsabiqə elan edildikdən sonra bizim ünvanımıza 6-7 mindən artıq məktub göndərilib. Məktublarda dünyanın bütün qitələrindən iştirakçılar filmlərini göndərib. Festival çərçivəsində dünyanın əksər ölkələrinin filmləri nümayiş olunacaq ki, münsiflər heyətləri tərəfindən onlar qiymətləndiriləcək. Ümumiyyətlə, festivalın keçirilməsində əsas məqsəd turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı filmləri aşkara çıxarmaq, onların müəlliflərini həvəsləndirməkdir”.

Tanınmış telejurnalist, festivalın münsiflər heyətinin sədri Azər Qərib belə festivalların keçirilməsinin davamlı olmasını tövsiyə etdi: “Ümid edirəm ki, festivalın keçirilməsi turizmin inkişafı ilə yanaşı səyahət üzrə ixtisaslaşmış rejissor və jurnalistlərin marağını artıracaq. Əfsuslar olsun ki, bu sahədə ixtisaslaşan jurnalistlər və rejissorlar çox azdır. Düşünürəm ki, belə festivallar onlarda az da olarsa həvəs və maraq oyada bilər. Bakı Beynəlxalq Turizm Filmləri Festivalının digər beynəlxalq festivallarda işləmək üçün stimul verəcəyini hesab edirik. Belə festivallar dünyanın hər yerində keçirilir. Təəssüf hissi ilə qeyd edim ki, beynəlxalq festivallara göndərilən filmlərimiz çox azdır. Düşünürürəm ki, bu festivaldan sonra onların sayı daha da artacaq”.

Festivalın münsiflər heyətinin üzvü, Turizm Film Festivalları Beynəlxalq Komitəsinin direktoru Aleksandr Kammel münsiflər heyəti qismində çıxış etməkdən məmnun olduğunu bildirdi. O, çıxışı zamanı qeyd etdi ki, Beynəlxalq Turizm Filmləri Festivalı direktor olduğu komitəyə üzv qəbul edilib: “Bu gündən etibarən festivala təqdim olunan filmləri izləməyə başlayacağıq. İzləyəcəyimiz filmləri səbirsizliklə gözləyirik. Nəzərinizə çatdırım ki, artıq Bakı Turizm Film Festivalını Beynəlxalq Komitəyə üzv kimi qəbul etmişik. Komitəyə üzv olmaq üçün bir neçə meyarlar lazım idi ki, o da bu festivalda cəm halını alıb. Belə ki, burada ciddi münsiflər heyətinin təşkili, rəsmi orqanlardan dəstək və mükafatların təyini mükəmməl şəkildə planlaşdırılıb. Ümumiyyətlə, sizin şəhəriniz çox maraqlı məkandır. Bizim hansı ölkədə üzvlərimiz yoxdursa, orada olmağa üstünlük veririk. Azərbaycan Şərqin və Qərbin kəsişməsində yerləşir və düşünürəm ki, bu da festival üçün lazımi atmosfer yaradır”.

Filmlər nümayiş olunduqdan sonra münsiflər heyəti hər kateqoriya üzrə 3 filmi müəyyən edərək mükafatlandıracaq. I yerə Qızıl mükafat – diplom, mükafat və 2000 avro pul, II yerə Gümüş mükafat – diplom və mükafat, III yerə Bürünc mükafat – diplom və mükafat təqdim ediləcək. Festivalın ən yaxşı filminə isə “Qran pri” - diplom, mükafat və 4000 avro pul veriləcək.

“Azanfilm” studiyasının direktoru Fariz Əhmədovun sözlərinə görə, festivala xaricdən 45 qonaq dəvət edilib: “Bu qonaqlardan bir hissəsi müsabiqədə iştirak edən filmlərin rejissorları, bəziləri isə dünyanın müxtəlif yerlərində keçirilən turizm filmləri festivallarının direktorlarıdır. Noyabrın 21-22-23 tarixlərində hər gün saat 11:00-dan etibarən festivalın müsabiqə filmləri nümayiş olunacaq. Nümayişlərə giriş sərbəstdir. Festivalın bağlanış və mükafatlandırma mərasimi isə noyabrın 23-nə nəzərdə tutulur. I Bakı Beynəlxalq Turizm Filmləri Festivalının rəsmi sponsoru Garant Holdinq, sponsoru Nar Mobile, rəsmi tərəfdaş “JW Marriot Absheron Bakı” hotelidir. Festival “Azanfilm” studiyasının təşkilati dəstəyi ilə keçirilir”.
Qeyd edək ki, festivalda ilk olaraq Azərbaycan və Fransanın birgə istehsalı olan “Qafqaza qayıdış” sənədli filmi nümayiş olundu. Filmdə 1858-ci ildə Qafqaza, o cümlədən Azərbaycana səyahət etmiş məşhur fransız yazıçısı və səyyahı Aleksandr Dümanın “Qafqaz” əsərində yazdıqlarının izi ilə Jerar Depardyenin Azərbaycana səyahətlərindən bəhs edilir.

Nəzərinizə çatdıraq ki, festival çərçivəsində I Bakı “Odlar yurdu” (Land of fire) foto müsabiqəsi də keçirilir. Bağlanış mərasimində münsiflər heyəti fotoları da qiymətləndirəcək.

Xəyalə Rəis