• çərşənbə axşamı, 16 aprel, 20:03
  • Baku Bakı 18°C

Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalarası Əməkdaşlıq Mərkəzi bəyanat yayıb

23.08.19 14:15 3994
Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalarası Əməkdaşlıq Mərkəzi bəyanat yayıb
Qafqaz Müsəlmanları İdarəsi nəzdində Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzi 22 avqust tarixinin BMT tərəfindən din və etiqad zəminində zorakılıq aktları qurbanlarının Anım Günü kimi təsis edilməsi ilə bağlı bəyanat yayıb. Bu barədəAZƏRTAC-a Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.
Bəyanatda deyilir: "Bu il Birləşmiş Millətlər Təşkilatı 22 avqustu din və etiqad zəminində zorakılıq aktları qurbanlarının Anım Günü olaraq təsis edib. İstənilən zəmində və müstəvidə baş verən zorakılıq hallarını qətiyyətlə pisləyərək, din və etiqad mənsubiyyəti əsnasında zorakılıqla üzləşən insanlara dəstək olur, onlarla həmrəyliyimizi bildiririk. Dini mənsubiyyət və etiqadına görə insanların bu və ya digər zorakılıq halları ilə qarşılaşmasını önləmək, qarşısını qətiyyətlə almaq məramı ilə dünyanın siyasi, ictimai, elmi və dini institutları ilə əməkdaşlıq etməyə, səylərimizi birləşdirməyə hazır olduğumuzu bəyan edirik.
XXI əsrdə dini etiqada görə zorakılığa məruz qalma təhlükəsi sivil dünyaya başıucalığı gətirmir. Təbii insan haqlarından olan din, etiqad azadlığının təmini olduqca mühümdür. Bu sahədə hər hansı zor, təhdid qətiyyən yolverilməzdir. İnsanların məscidlərdə, kilsələrdə, sinaqoqlarda, digər dini məbədlərdə ibadət zamanı terrora məruz qalması kimi hallar ikrah və hiddət doğurur. Misirdə qibti zəvvarlara təcavüz, Fələstin, Suriya, Əfqanıstan, Liviyadakı durum, Yeni Zelandiya, Şri-Lanka, Pitsburqda və digər məkanlardakı dini məbədlərdə törədilən mənfur terror hadisələri sivilizasiyalar arasında qütbləşməni dərinləşdirir.
Biz din və etiqad zəminində zorakılıq aktları qurbanlarını yad edərkən bir məqamı nəzərdən qaçırmamalıyıq ki, bu hallar insan qırğını ilə yanaşı, maddi və qeyri-maddi mədəni irsin məhvi ilə müşayiət olunur. Belə zorakılıq aktları insanlara fiziki zərbə ilə yanaşı, mənəvi zərbələr vurur, minilliklər ərzində formalaşmış dini-mənəvi irs abidələrini məhv etmək, mədəni ənənələri aradan qaldırmaq kimi məkrli niyyət güdür. Beləliklə, məhv edilən dini-mənəvi abidələr də din və etiqad zəminində zorakılıq aktlarının qurbanları kimi nəzərdən keçirilməlidir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın işğal olunmuş əzəli torpaqlarında xalqımızın məhv edilən, siması dəyişdirilən dini mənəviyyat abidələri belə bir vandal münasibətlə üzləşib.
Təəssüflər olsun ki, qloballaşan dünyada siyasi iddialar, iqtisadi maraqlar səbəbindən mənəvi-əxlaqi dəyərlər çox vaxt nəzərə alınmır ki, bu da insan hüquqlarının təmin olunması sahəsində ikili standartlara yol açır. Məsələn, Yaxın Şərqdə baş verən faciəvi hadisələr fonunda miqrant axınını yaradan səbəbləri aradan qaldırmaq əvəzinə, insanlıq dramı yaşayan məcburi miqrantlara qarşı anti-humanist münasibət, irqçi və aqressiv davranış nümayiş etdirilir ki, bu da din və etiqad zəminində zorakılıq aktı kimi səciyyələndirilə bilər.
Sülh və ədalətin təmininə xidmət edən dəyərlərin sırasında dinc birgəyaşayış, qarşılıqlı anlaşma mədəniyyəti, humanist dəyərlər önəmli yer tutur. Bu gün sülhün qorunması probleminin həllində, habelə terrorizm, ksenofobiya, antisemitizm, islamofobiya, ekstremizm və radikalizmin qarşısının alınmasında, dünyada sabitlik və əmniyyətin bərqərarı üçün dövlət rəhbərlərinin, ictimai və dini liderlərin birgə, davamlı əməkdaşlığı vacibdir. Dünya miqyasında taleyüklü qərarlar verilərkən dünya dini liderlərinin mənəvi, dini-əxlaqi dəyərləndirmələri, müdrik tövsiyə və məşvərətlərinə ehtiyac vardır. Bu baxımdan, bu gün milli, irqi, dini ekstremizmi önləyə biləcək multikultural həyat tərzinin qloballaşan dünyaya təqdim edilməsinə vacibdir.
Bütün dinlər zor və şiddətə yox deyir. Biz, Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalarası Əməkdaşlıq Mərkəzinin üzləri dünyanın bütün siyasi və dini liderlərinə müraciət edərək, sülhün, sabitliyin qorunması naminə səylərini artırmağa, bu yolda dinlərarası, mədəniyyətlərarası əməkdaşlığın imkanlarından bəhrələnməyə çağırırıq. Bütün bu təzahürlərin aradan qaldırılması işində dövlət rəhbərlərinin, ictimai və dini qurum liderlərinin birgə əməkdaşlığını vacib sayırıq”.
banner

Oxşar Xəbərlər