• çərşənbə axşamı, 16 aprel, 19:44
  • Baku Bakı 18°C

Bakı Beynəlxalq Caz Festivalının açılışı olub - Fotolar

22.10.16 22:43 1256
Bakı Beynəlxalq Caz Festivalının açılışı olub - Fotolar
Oktyabrın 22-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə ənənəvi Bakı Beynəlxalq Caz Festivalına start verilib.
AZƏRTACxəbər verir ki, festivalın açılışından əvvəl mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə müsahibəsində bu musiqi bayramının əhəmiyyətindən söz açıb. Ənənəvi olaraq keçirilən Bakı Caz festivallarından danışan nazir deyib ki, budəfəki festival həcm və mahiyyəti baxımından əvvəlkilərdən fərqlənir. Çünki burada ustad dərslərinə xüsusi önəm veriləcək. Bununla yanaşı, gənc caz ifaçıları üçün müsabiqə keçiriləcək. İlk dəfə olaraq bu festival çərçivəsində caz mövzusuna aid bir neçə sərgi açılacaq. Eyni zamanda kinematoqrafiya və musiqinin vəhdətinin sintez eksperiment təqdimatının keçirilməsi də nəzərdə tutulur.
Nazir diqqətə çatdırıb ki, festival çərçivəsində 10-dan çox ölkədən müxtəlif caz ifaçıları qonağımız olacaq. Tədbirlər paytaxtın bir neçə konsert salonunda keçiriləcək.
Azərbaycanda cazın böyük tarixə malik olduğunu söyləyən Əbülfəs Qarayev deyib ki, hələ Tofiq Quliyev, Niyazi, Tofiq Əhmədovun rəhbərliyi altında ölkəmizdə çoxlu caz kollektivləri fəaliyyət göstərib. Azərbaycanın adı caz musiqi aləmində Vaqif Mustafazadə və Rafiq Babayevin adları ilə çox məşhurlaşmışdı. Bakı SSRİ məkanında ən qabaqcıl caz məkanlarından sayılırdı. Müstəqilliyimizin bərpa edilməsi bu musiqiyə daha da yaxınlaşmağa imkan verdi. Gənc nəsil bu musiqi janrında istedadlarını sınamaq üçün müxtəlif müsabiqələrdə iştirak etdi. 2007-ci ildən etibarən Azərbaycan ifaçıları dünyanın ən böyük və mötəbər caz festivalı - Montre Caz Festivalına qatılır. Bu da caz ifaçılarımızın dünya miqyasında tanınmasına imkan yaradır.
"Bakıda keçirilən caz festivalı dünya musiqiçiləri arasında tanınır. Onlarla məşhur caz ifaçıları ölkəmizdə olub. Onlar artıq Azərbaycanı caz ölkəsi kimi qəbul edirlər. Bu, olduqca sevindirici haldır. Çünki caz musiqisi yenilik, axtarış, improvizasiya tələb edən musiqi üslubudur. Bizim gənclərimiz etno-caza böyük həvəs göstərirlər. Onların muğam musiqisi əsasında yeni improvizasiya edilmiş kompozisiyaları dünya ictimaiyyətinə çatmaqdadır”, - deyə nazir vurğulayıb.
Festivalın açılışı Braziliyadan olan "Qabriel Qrossi” triosunun çıxışı ilə baş tutub. Cazsevərlərin iştirak etdiyi gecədə səslənən musiqilər böyük maraqla qarşılanıb.
Qeyd edək ki, festivalın proqramında "Antonio Lizana” kvarteti (İspaniya), "Plunge” qrupu (İsveç), "Pierre de Tregomain” kvartetin (Fransa), "Debora Karter” kvinteti (Hollandiya), "Eren Coşkuner” kvarteti (Türkiyə), "Linley Marthe & Friends” qrupu (Fransa), Bakı Caz Müsabiqəsinin qalibləri, "Dinovski və Schuberth Dueti” (Makedoniya, Avstriya), Albert Hera (İtaliya), "Omar” (Böyük Britaniya), "Tord Gustavsen” kvartet (Norveç), "Levan Kemularia” triosu (Gürcüstan), Rain Sultanov və İsfar Sarabski, "Sebastiyan Studnitski” triosu (Almaniya), Sebastiyan Studnitski & String (Almaniya-Azərbaycan), "Djabe” qrupu (Macarıstan), "Takumi`s Trick with Asian Friends” (Yaponiya), Dainus Pulauskas (Litva), "Qrzeç Piotrovski & Sebastiyan Vipiç” (Polşa), "Musica Ficta” qrupu (Kolumbiya), Denise Fontoura & DJ Seegweed (Braziliya-İsveç) və Maya Barataşvilinin (Gürcüstan) konsertləri yer alıb. Konsertlər Beynəlxalq Muğam Mərkəzində, Heydər Əliyev Sarayında, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, kamera və orqan musiqisi zalında, "Rotunda Jazz Club”, "Cine Club”da təşkil ediləcək. Festival çərçivəsində, həmçinin incəsənət və fotosərgilər, ustad dərsləri, Vaqif Mustafazadəyə həsr olunmuş "Mənim tanıdığım Vaqif” filminin nümayişi, "Uşaq caz günü” müsabiqəsinin keçirilməsi nəzərdə tutulub.
Festival oktyabrın 30-dək davam edəcək.








banner

Oxşar Xəbərlər