Bakı azad olunarkən oxunan Osmanlı marşları
Artıq neçə illərdir
15 sentyabr 1918-ci ildə Türk İslam Ordusunun Bakını erməni daşnaklarının
terrorundan, qətliamından xilas etməsi haqda yazılar, kitablar nəşr olunur, telekanallarda
tarixi verilişlər göstərilir. Məhz bu verilişlər, kitablar, yazılar 100 illik
tarixi bir daha gözlərimiz önündə canlandırır, bizi əsl həqiqətlə üz-üzə qoyur.
Xilaskar Türk İslam Ordusunun gəlişi Azərbaycanın ictimai-siyasi həyatına yeni
ruh, yeni dinamizm, yeni məzmun verməklə yanası, Bakı əhalisinin həyatında, məişətində
silinməz izlər qoydu. Bu izlər Bakının mədəni həyatında – teatrda, musiqidə belə
öz əksini tapmışdır...
... Bu yaxınlarda
arxivimi araşdırarkən özümün belə unutduğum üç not vərəqi diqqətimi cəlb etdi.
Bu, özümün nota saldığım üç türk marşı -
"Qafqaz dağı, yol ver bizə”, "Səməd Paşa”,
"İzmirin çocuqları” idi. Hər üç marş əski Türk-Osmanlı marşları olsa da, onlar
Azərbaycanla, Bakı ilə bağlı olmuş, müzəffər ordunun Bakı səfəri zamanı
oxunmuş, o zamankı gənclərin, yeniyetmələrin hafizəsində əbədi yaşamışdır. Bu
marşların tarixçəsi də bunu bir daha təsdiq etmişdir.
Təxminən 20-25 il əvvəl
Üzeyir Hacıbəyovun ev muzeyinə 70-75 yaşlarında İsmayıl adlı bir kişi gəlmişdi.
O, 1918-20-ci illərdə atasının Azərbaycan Demokratik Respublikasının milli
ordusunda xidmət etməsindən, İslam Türk Ordusu ilə bərabər erməni xainlərinə
qarşı vuruşmasından bəhs etdi. Türk əsgərləri ilə qaynayıb-qarışan bizim əsgərlər
də onlarla hərbi təlimlər keçir, döyüş qaydalarını öyrənirlər. Bizim əsgərlərin
öyrəndikləri daha bir şey də var imiş – Türk marşları!
İsmayıl kişinin atası
o illərdə öyrənib, ruhuna, canına məhrəm etdiyi bu marşları Azərbaycanda
bolşevik çevrilişindən sonrakı illərdə hər yerdə oxumamışdı. Lakin ömrünün
sonuna doğru, artıq həkim təhsili alaraq çalışan oglu İsmayıla bir çox olayları
danışan ata, 1918-20-ci azərbaycanlılardan və türklərdən ibarət Qafqaz İslam
Ordusunun müzəffər yürüşlərindən, lovğa erməni ordusunun ağır itkilər verərək
qaçmasından və qalib türk əsgərinin oxuduğu marşlardan söz açmışdır. İsmayıl
kişi də atasının xatirələrini əziz tutaraq qəlbində saxlamış, uzun illər heç kimlə
bu haqda kəlmə kəsməmiş, 1991-ci ildən sonra müstəqillik qazanan Azərbaycanın
yeni durumu onu da ruhlandırmışdır. Maraqlıdır ki, İsmayıl kişi xatirələrini
söyləmək üçün məkan axtararkən, üz tutduğu ilk ünvanlardan biri də Ü.Hacıbəyovun
ev muzeyi olub.
Muzeydəki görüşdən
sonra onun, xatirə dəftərini mənə etibar etməsi, həm təəccübümə səbəb olmuş, həm
də məni şərəfləndirmişdi. Doğrusu, uzaq illərin
xatirələrini, tarixi həqiqətlərini eşitmək mənim üçün gözəl bir şans və
böyük bir fürsət idi. İsmayıl kişi Türk İslam Ordusunda oxunan marşları
oxuyanda onun musiqi duyumuna, yaddaşına heyran oldum. Öz atasından diqqətlə
öyrəndiyi marşları itib-batmasın deyə, həvəslə mənim üçün oxuyurdu (Axı onun
ailəsində musiqiçi yox idi). Royal arxasına keçdim, o oxuduqca çalır, onun
fikrini soruşurdum. O, bəzi yerləri təkrar-təkrar oxuyur, marşın melodiyasını mənim
daha dəqiq mənimsəməyimi istəyirdi. Nəhayət, onun tam razı qaldığı zaman həmin
marşları birsəsli olaraq not vərəqinə köçürdüm.
İsmayıl kişinin
dilindən iki türk-osmanlı marşını nota salaraq, marşda səslənən şeirin ilk
misralarına uyğun adlandırdıq: "Qafqaz dağı, yol ver bizə, "Səməd Paşa əsgərlərin
pədəri”.
O vaxtlar İsmayıl
kişi ilə daha bir-neçə görüşümüz olsa da, daha sonra əlaqəmiz kəsildi. Onun yaşı
və ailə problemi muzeyə gəlməsinə imkan vermirdi. Mən isə bu marşları redaktə
edərək, orkestr üçün işləsəm də, başa çatdırmadım, daha sonra unutdum.
Lakin bir müddət
sonra buna bənzər daha bir əhvalat oldu və muzeyə gəlmiş başqa bir yaşlı kişi,
daha bir Osmanlı marşından soraq verdi. Təxminən 5 il əvvəl Bahadır Qasımoğlu
adlı bir yaşlı kişi muzeyə gəlib mənimlə tanış oldu və 1918-ci ildə Bakıya gələn
Qafqaz İslam Ordusunun oxuduğu "İzmirin çocuqları” marşı barədə məlumat verdi.
Bu marşı da Bahadır kişi Qafqaz İslam Ordusunda xidmət etmiş atasından eşidib və
yaddaşına yazıb. Bahadır kişi də bu marşın unudulmamağı üçün muzeyə gəlib mənimlə
məsləhətləşmək istəyib.
Yenə royal arxasında
melodiyanı dəqiqləşdirib nota saldım, Bahadır kişi üçün ifa etdim və o, razı
qaldı. Muzeydən gedərkən tezliklə qayıdacağını deyən Bahadır Qasımoğlu hələ ki,
qayıtmayıb. Lakin onun muzeyə hədiyyə etdiyi Osmanlı marşını biz Qafqaz İslam
Ordusunun Bakıya gəlişinin 100 illik yubileyi ərəfəsində mətbuata təqdim etməyi
qərara aldıq. Bəlkə, bu marşlar haqqında başqa nə isə bilənlər var. Elə olarsa
nə yaxşı...
Sərdar Fərəcov,
Üzeyir Hacıbəylinin ev muzeyinin direktoru,
Azərbaycan Bəstəkarlar İttifaqının katibi