Bakı Avrasiya Universitetində “Diaspor dərsi” keçirilib
Diaspor Fəaliyyətinə
Jurnalistləri Dəstəyi İctimai Birliyi tərəfindən könüllü olaraq növbəti
"Diaspor dərsi” mayın 25-də Bakı Avrasiya Universitetində keçirilib. Bakı
Avrasiya Universitetinin prorektoru Səyavuş Qasımov tədbiri açaraq
iştirakçıları və qonaqları salamlayıb, layihənin BAAU-da keçirilməsindən
məmnunluğunu ifadə edib. S.Qasımov DFJD-nin bu təşəbbüsünü yüksək
qiymətləndirib və layihənin tələbələrin diasporla bağlı maariflənməsində əhəmiyyətli
rol oynayacağını deyib.
DFJD-nin sədri Fuad
Hüseynzadə qeyd edib ki, bu "Diaspor dərsi” Azərbaycan Xalq Cümhuriyyətinin 100
illik yubileyinə həsr olunub. Fuad Hüseynzadə məlumat və maarifləndirmə
xarakterli "Diaspor dərsi”ində Azərbaycan dövlətinin diasporun inkişafı
istiqamətində gördüyü işlər, xaricdəki tələbə-gənclərimizin diaspor
fəaliyyətinin perspektivləri, Azərbaycan gənclərinin informasiya müharibəsinin
aparılmasında rolu mövzularından ətraflı danışıb.
Daha sonra Bakı
Avrasiya Universitetinin məzunu, Azərbaycan-Monteneqro mədəni və iqtisadi
əlaqələr mərkəzinin direktoru Seyran Mirzəzadə "Skype” vasitəsi ilə "Diaspor
dərsi”nə qoşulub və öz fikirlərini tələbələrlə bölüşüb.
Tədbirdə "Hollandiya
Azərbaycan Evi”nin sədri Elxan Mirhəşimli xaricdə keçirdikləri tədbirlər,
xüsusən ermənilərə qarşı mübarizədə gördükləri işlər haqqında məlumat verib. O,
Azərbaycan diasporunun erməni diasporuna qarşı mübarizəsindən danışaraq
gəncləri informasiya müharibəsində aktiv olmağa səsləyib.
Qırğızıstan Xarici
İşlər Nazirliyinin Diplomatik Akademiyasının magistri, "Həmrəy” İctimai
Birliyinin sədr müavini Elvin Babayev qeyd edib ki, müasir dövrdə hər bir
gəncimiz istər ölkə daxilində, istərsə də xaricdə ictimai fəallıq göstərib
özünü təsdiq edə bilər.
Xatırladaq ki, Azərbaycanda
ilk dəfə Diaspor Fəaliyyətinə Jurnalistləri Dəstəyi İctimai Birliyi tərəfindən
könüllü şəkildə "Diaspor dərs”ləri layihəsi Təhsil Nazirliyinin müvafiq icazəsi
ilə 2015-2016-cı dərs ilində orta məktəblərdə həyata keçirilib. Layihənin II və
III mərhələlərinin davamı olaraq "Diaspor dərs”ləri kollec və universitetlərdə
keçirilir.