• cümə axşamı, 18 aprel, 11:37
  • Baku Bakı 12°C

“Bakı-2017”nin azərbaycanlı mükafatçılarının şərəfinə “Zəfər günləri” keçirilib - Fotolar

14.05.17 17:49 1020
“Bakı-2017”nin azərbaycanlı mükafatçılarının şərəfinə “Zəfər günləri” keçirilib - Fotolar
Mayın 14-də Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının keçirildiyi günlərdə bu mötəbər yarışda qalib gələn və mükafatçılar sırasına düşən azərbaycanlı idmançıların şərəfinə "Zəfər günləri” adlı silsilə xarakterli ilk xüsusi tədbirini keçirib.

AZƏRTACxəbər verir ki, tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, "Bakı-2017”nin birinci günündə medal qazanan Azərbaycan idmançıları, ölkəmizin idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər, atletlərin yaxınları iştirak ediblər.

Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirib ki, mayın 12-də paytaxtımızda start götürən "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları İslam dünyası üçün böyük önəm kəsb edir. Böyük fəxr hissi ilə qeyd edə bilərik ki, əvvəlki oyunlardan fərqli olaraq, "Bakı-2017”də 50-dən çox İslam dövlətinin idmançıları iştirak edir. Komandamız mötəbər idman yarışının birinci günündə 22 medal qazanıb. Medallardan 10-u qızıl, 9-u gümüş, 3-ü isə bürüncdür.

Yığma komandamıza ilk qızıl medalı atıcılıq yarışında çıxış edən Ruslan Lunyovun qazandırdığını qeyd edən Ç.Hüseynzadə bildirib ki, hələlik ən çox qızıl medala cüdoçularımız sahib çıxıb. Azərbaycan cüdoçuları yarışın birinci günündə 6 qızıl, 7 gümüş medal qazanıblar.

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov çıxış edərək qalibləri təbrik edib, bu uğurların davamlı olmasını arzulayıb.

Mükafatlandırılan atletlər onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevə, eləcə də oyunların yüksək səviyyədə təşkilinə görə birinci xanım, Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər. İdmançılar qələbələrini Azərbaycana həsr etdirdiklərini vurğulayıb, ölkəmizin bayrağını daim yüksəklərdə dalğalandırmaq üçün var gücləri ilə çalışacaqlarını diqqətə çatdırıblar.

Sonra tədbir konsert proqramı ilə davam edib.








banner

Oxşar Xəbərlər