• cümə, 29 Mart, 16:03
  • Baku Bakı 14°C

“Bakı-2015”: Yevlaxlıların məşəl sevinci

13.05.15 11:23 1895
“Bakı-2015”: Yevlaxlıların məşəl sevinci
Son illərdə gözəlləşən, müasirləşən, tikinti-quruculuq işlərinin geniş vüsət aldığı Yevlax şəhəri bayram libasına bürünüb. Birinci Avropa Oyunlarının məşəl estafetinin qarşılanacağı Kür çayı sahilindəki Bulvar İstirahət Kompleksində qələbəlik idi. Hamı “Bakı-2015” ilk Avropa Oyunlarının məşəlinin gəlişini gözləyirdi.
AZƏRTAC xəbər verir ki, Avropa Oyunlarının məşəli mayın 13-də günorta Yevlax şəhərinə gətirildi. Sambo üzrə 3 dəfə ölkə çempionu olmuş Aslan Mirzəyev həmyerlilərinin alqış sədaları altında məşəli qəbul edərək, nəzərdə tutulan marşrut üzrə hərəkətə başladı. On məşəlçi 3 kilometrə yaxın məsafədə məşəli növbə ilə bir-birinə ötürərək, Ceyhun Mustafayev küçəsi və Heydər Əliyev prospekti ilə hərəkət etməklə şəhərin mərkəzi meydanına gəldilər. Sonuncu yürüşçü – Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatı Gənclər Birliyinin sədri Ariz Mikayılov burada qurulmuş səhnəyə qalxaraq məşəli alovlandırdı. Birinci Avropa Oyunlarının məşəli ilə yandırılan çıraq isə mərasim iştirakçılarının alqışları altında rayon ictimaiyyətinə təqdim edildi. Çıraq birinci Avropa Oyunları başa çatanadək Heydər Əliyev Mərkəzində saxlanılacaq.
Sonra birinci Avropa Oyunları məşəlinin Atəşgah məbədində alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirildi.
Respublikanın və rayonun incəsənət ustalarının konsert proqramı yevlaxlıların məşəl sevincini daha da artırdı.
Rayonun fəal gənclərindən olan Əli Quliyev ilk Avropa Oyunları məşəlinin Yevlax şəhərinə gətirilməsindən duyduğu sevinci AZƏRTAC–ın müxbiri ilə bölüşərək dedi: “Avropa Oyunlarının ilk dəfə ölkəmizdə keçirilməsi hər bir Azərbaycan gənci kimi mənim də ürəyimcədir. Oyunların məşəlinin bu gün Yevlax şəhərində yandırılması biz yevlaxlı gəncləri sevindirir, qürurlandırır. Bu sevinci bizə bəxş etdiyinə görə Prezidentimizə dərin minnətdarlığımı bildirirəm. Arzu edirəm ki, bu gün Qarabağın qapısı adlandırılan Yevlaxda yandırılan alov, tezliklə Qarabağın mərkəzində - Şuşa şəhərində də şölə saçsın”.
Yevlaxda nəşr olunan “Kür” qəzetinin redaktoru Əminə Əhmədova birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirərək dedi: “Elimizin ağsaqqalları, ağbirçəkləri ömrün gilə-gilə əriyən günlərinə baxıb deyərdilər. Ötən günə gün çatmaz, calasan günü günə. Amma mən bu gün birinci Avropa Oyunlarının məşəlinin işığına toplaşmış yevlaxlıların sevinc, qürur, səadət içində olan çöhrələrinə baxıb deyərdim ki, ötən günə gün çatar və bu gün illərə də dəyər. Çünki, birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsi ilə Azərbaycan tarixə düşür. Bu oyunlar Azərbaycanın sürətli inkişafını, xalqımızın milli dəyərlərini və tolerantlığını dünyaya nümayiş etdirəcək. Oyunların Bakıda keçirilməsi bir daha təsdiqləyir ki, dünyanı cənginə alan iqtisadi böhran Azərbaycanın uğurlu inkişafına təsir etməyib. Əksinə, Azərbaycan ilk Avropa Oyunlarının keçirilməsini üzərinə götürməklə dünyada artan nüfuzunu daha da yüksəltmiş, etibarlı tərəfdaş olduğunu bir daha sübut etmiş oldu. Ölkəmizə və idmançılarımıza uğurlar və qələbə arzulayıram”.
İlk Avropa Oyunlarının məşəli günün ikinci yarısı Yevlaxdan qədim Nüşabə yurdu Bərdəyə yola salındı.
banner

Oxşar Xəbərlər