• çərşənbə axşamı, 23 aprel, 13:30
  • Baku Bakı 24°C

“Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək” Vətəndaş Cəmiyyəti Koalisiyası yaradıldı

22.04.15 12:00 1252
“Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək” Vətəndaş Cəmiyyəti Koalisiyası yaradıldı
“Azərbaycan üçün əlamətdar olan Birinci Avropa Oyunlarına hazırlıq tədbirləri ölkəmizdə yüksək səviyyədə həyata keçirilir. Birinci Avropa Oyunları Təşkilat Komitəsinin gərgin əməyi sayəsində nəzərdə tutulmuş bütün işlər yüksək səviyyədə yerinə yetirilir. Lakin bütün bunlara baxmayaraq, ölkəmizin qazandığı uğurları gözü götürməyən, onun nüfuzunun artmasından narahat olan bəzi daxili və xarici qüvvələr Azərbaycana qarşı məqsədyönlü və qərəzli kampaniya təşkil etməklə Avropa Oyunlarının əhəmiyyətini azaltmağa çalışırlar”.
Bu fikirləri ötən gün “Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək. Vətəndaş cəmiyyətinin hədəfləri və missiyamız” adlı tədbirdə Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) rəhbəri, politoloq Rufiz Qonaqov bildirib. BMAM və “Bakı Xəbər” qəzetinin təşkilatçılığı ilə Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirdə R.Qonaqov Birinci Avropa Oyunlarının ölkəmiz üçün əhəmiyyətindən də geniş söhbət açıb. Qeyd edib ki, görülən işlərə kölgə salmaq niyyətində olanların pozuculuq cəhdləri, eyni zamanda Avropa Oyunlarının ölkəmiz və Avropa ailəsi üçün sosial və mədəni əhəmiyyəti nəzərə alınaraq, aparıcı qeyri-hökumət təşkilatları və media orqanları Bakıda Avropa Oyunlarının keçirilməsinə dəstək məqsədilə “Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək” Vətəndaş Cəmiyyəti Koalisiyasında birləşir. Əsas məqsədlərindən söhbət açan mərkəz rəhbəri deyib ki, koalisiya Avropa Oyunlarının yüksək səviyyədə təşkilinə və keçirilməsinə ictimai dəstəyi təmin edəcək: “Bu məqsədlə tarixdə ilk dəfə keçirilən belə bir idman tədbirinin miqyası, əhəmiyyəti və perspektivləri barədə ölkə daxilində obyektiv məlumatlandırma işlərinin aparılması nəzərdə tutulur. Koalisiya Avropa ölkələrində Azərbaycan idmanının inkişafı, müasir infrastrukturun yaradılması, habelə xalqımızın zəngin mədəni irsi, adət-ənənələri, tolerant və humanist xüsusiyyətləri, sosial-iqtisadi inkişafı və demokratik dövlət quruculuğu sahəsindəki uğurları barədə dolğun təsəvvürün yaranması üçün tədbirlər görəcək”.
Tədbirdə məruzəçi qismində çıxış edən İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədri Rəfael Becanov Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Birinci Avropa Oyunlarına hazırlıq üzrə Təşkilat Komitəsinin bu oyunlarla bağlı yüksək səviyyədə hazırlıq işləri gördüyünü söyləyib. R.Becanov yarışlara 6 min idmançının qatılacağını, on minlərlə insanın bu yarışları izləyəcəyini, 2 min jurnalistin isə tədbiri işıqlandıracağını xatırladıb və bunun ölkənin inkişafı, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün bir fürsət olduğunu söyləyib. O, indiyə qədər Birinci Avropa Oyunlarına hazırlıqla bağlı guya ki, 8 milyard manat xərcləndiyi barədə yayılan xəbərlərin əsassız, təxribat xarakterli olduğunu vurğulayıb. Birinci Avropa Oyunları ərəfəsində Azərbaycanın gözdən salınmasına çalışan qüvvələrin olduğunu diqqətə çatdıran R.Becanov “Amnesty İnternational” kimi beynəlxalq təşkilatların həmişə qərəzli mövqe ortaya qoyduğunu bildirib: “Bu oyunlar ölkəmizin adının Avropanın idman tarixinə yazılması deməkdir. Azərbaycan oyunlara təşkilatçılıq edərək, bu oyunların ənənələrinin formalaşmasının bünövrəsini qoyacaq. Bu tədbir eyni zamanda Azərbaycan mədəniyyətinin, tarixinin təbliğ edilməsi üçün bir imkandır. Artıq Azərbaycan mətbəxinin təbliği ilə bağlı qərar da qəbul edilib. Otellərdə qonaqlara səhər yeməyi olaraq Azərbaycan mətbəxi təqdim ediləcək. Bu oyunlar eyni zamanda Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı ilə bağlı həqiqətləri dünyaya tanıtmaq üçün fürsətdir. Amma təəssüf ki, oyunlarla bağlı Azərbaycana qarşı qarayaxma kampaniyası aparılır. Həmin kampaniyanın önündə gedən beynəlxalq təşkilatların ölkəmizə qarşı həmişə ikili standartlar yürütdüyü bizə aydındır. Bu kampaniyanı aparan təşkilatların iddialarının əsassız olduğunu sübut etmək, Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırmaq məqsədini qarşıya qoyan koalisiyamız öz fəaliyyətini dövlət qurumları, Avropa Oyunlarının Təşkilat Komitəsi, ictimaiyyət nümayəndələri, media, gənclər və digər sosial institutlarla əlaqəli şəkildə həyata keçirəcək. Koalisiya qarşıya qoyulmuş vəzifələrin öhdəsindən gəlmək üçün bütün imkanlarını səfərbər edəcək”.
Digər məruzəçi, “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev Avropa Oyunlarının Azərbaycanda keçirilməsini Azərbaycan rəhbərinin siyasi iradəsinin nəticəsi kimi qələmə verib. Qeyd edib ki, bu tədbirin Bakıda keçirilməsi barədə qərar verilərkən xalqımızın tolerantlığı, qonaqpərvərliyi, ölkəmizin inkişafı da nəzərə alınıb. Bəzi qüvvələrin Avropa Oyunlarının Bakıda keçirilməsinə qarşı çıxmasına təəssüflənən A.Quliyev onlara qarşı mübarizədə mətbuatın da rolunu yüksək dəyərləndirib. Deyib ki, mətbuat əvvəllər olduğu kimi bundan sonra da Azərbaycana qarşı qarayaxma kampaniyasına tutarlı cavab verəcək və birgə mübarizəsini bundan sonra da davam etdirəcək. Baş redaktor bildirib ki, koalisiya Avropa Oyunlarının yaratdığı fürsətdən istifadə edərək, Azərbaycanın milli problemləri, Ermənistanın təcavüzü nəticəsində torpaqlarımızın işğal olunması, Xocalı soyqırımı haqqında faktların dünya ictimaiyyətinə çatdırılması istiqamətində də addımlar atacaq: “Azərbaycanın müstəqil siyasət yürütməsini, bir müsəlman ölkəsi kimi uğurlara imza atmasını görmək istəməyən qüvvələr var. Birinci Avropa Oyunlarına qısqanclıqla yanaşan həmin qüvvələr bu oyunlar zamanı Azərbaycanın inkişafının, tolerant, demokratik ölkə olduğunun görünməsini istəməzdilər. Bu oyunlar Azərbaycanın dost və müttəfiqlərinin artmasında mühüm rol oynayacaq. Bəzi beynəlxalq QHT-lər və media qurumları özlərinə ölkəmizdə tərəfdaşlar taparaq, Azərbaycanı gözdən salmağa çalışırlar. QHT-lərimiz və media orqanlarımız vətəndaş mövqeyindən çıxış edərək, həqiqətlərimizi və uğurlarımızı dünyaya çatdırmalı, Azərbaycanın uğurlarına qısqanclıqla yanaşan həmin qüvvələrin cəhdlərini neytrallaşdırmalıdırlar”.
Məruzələr ətrafında çıxış edənlərdən Milli QHT Forumunun prezidenti Rauf Zeyni QHT-lər və media qurumlarının bir araya gəldiyi “Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək” Vətəndaş Cəmiyyəti Koalisiyası yaradılmasını dəstəklədiklərini vurğulayıb.
“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Azərbaycanın son illər kifayət qədər uğurlara imza atdığını, bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərə yüksək səviyyədə ev sahibliyi etdiyini söyləyib. O, Birinci Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı bəzi bədnam niyyətlərin olmasını təbii hal kimi təqdim edib: “Avropa Oyunlarının ölkəmizdə keçirilməsi çox böyük nailiyyətdir. Bununla bağlı yüksək səviyyədə işlər görülür. Bizim missiyamız isə odur ki, Azərbaycana qarşı olan qarayaxma kampaniyasının əsassız olduğunu öz yazılarımızla, mövqeyimizlə ortaya qoyaq, reallıqlardan ibarət həqiqi mənzərəni daha yüksək səviyyədə canlandıraq”.
Millət vəkili Aqil Abbas deyib ki, bədnam qüvvələr Bakıda keçiriləcək Birinci Avropa Oyunlarına Azərbaycanın külli miqdarda vəsait xərclədiyini deyir, bəzi hallarda bu rəqəmləri şişirdirlər. Lakin onlar hansısa bir məbləğin konkret olaraq nəyə xərcləndiyini açıqlamır, bu barədə məlumatlara əhəmiyyət vermirlər: “Rəqəmləri şişirdirlər ki, guya külli miqdarda pul xərclənir. Ancaq demirlər ki, həmin pullar 11 yeni, ən müasir idman obyektlərinin inşasına, quruculuğa və sairəyə xərclənib. Məgər ölkəmizə gələn xarici idmançı və ya qonaq tikilən, qurulan bu obyektləri belinə şələləyib xaricə aparacaq? Bütün bunlar Azərbaycan xalqına, onun övladlarına miras olaraq qalacaq. Azərbaycanın adı isə Birinci Avropa Oyunlarının keçirildiyi məkan olaraq bundan sonra da yaddaşlarda qalacaq. Bax, bu həqiqətləri həmin o qara qüvvələr, bəzi beynəlxalq təşkilatlar demirlər. Bunlar yığışırlar və ABŞ-da, yaxud da digər ölkələrdəki müəyyən institutlar vasitəsilə həqiqətlə səsləşməyən müraciətlər yayırlar. Bunların məqsədi, niyyəti Azərbaycana təzyiq göstərmək, iqtisadi-siyasi çıxarlar əldə etməkdir. Azərbaycanda Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası var, KİV-lərə Dəstək Fondu var. Necə olur ki, dövlət tərəfindən maliyyələşənlər satqın adlanır, ancaq xaricdən, ölkəmizi Ukraynaya, Suriyaya, Misirə, Liviyaya çevirmək istəyən beynəlxalq təşkilatlardan, o cümlədən Soros Fondundan maliyyələşənlər vətənpərvər adlanır?! Bu qara qüvvələrə qarşı hər zaman birlik nümayiş etdirməliyik”.
“APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı Birinci Avropa Oyunlarının beynəlxalq idman bayramı olduğunu deyib. O, bu tədbirdən siyasi məqsəd, daha doğrusu, Azərbaycana təzyiq üçün istifadə etmək istəyənlərin olmasına diqqət çəkib. Deyib ki, qurulan yeni koalisiya da daha çox bu istəkdə olanlara cavab verməli, onların niyyətlərini ifşa etməlidir: “İnsan hüquqları hər bir ölkə üçün önəmli məsələdir. Azərbaycan üçün də insan haqları xüsusi əhəmiyyət kəsb edir. Çünki bizim bir milyondan artıq insanımızın təməl hüququ, öz doğma ata-baba yurdunda yaşamaq hüququ pozulub. Bu gün Azərbaycanı ittiham edən beynəlxalq təşkilatlar heç olmasa bir dəfə bununla bağlı bəyanat səsləndirsəydilər, o zaman başqa bəyanatları da az-çox səmimi görünərdi. Amma indi məqsədin istənilən beynəlxalq səviyyəli tədbirdən istifadə edərək, ölkəyə təzyiq etmək olduğu aydındır”.
V.Mahirqızı Azərbaycan jurnalistlərini, vətəndaş cəmiyyəti təmsilçilərini xarici mediada və sosial şəbəkələrdə aktiv olmağa çağırıb.
Milli Məclisin deputatı Çingiz Qənizadə də ictimaiyyəti Birinci Avropa Oyunları ilə bağlı aparılan “qara piar”a qarşı mübarizədə fəal olmağa çağırıb: “Nəzərə alaq ki, Birinci Avropa Oyunları Azərbaycan hakimiyyətindən daha çox Azərbaycan dövlətinə lazımdır. Bütün dünyada siyasi hakimiyyət uğrunda mübarizə aparanlar hakimiyyətdə olanların uğurlu işlərini görmək istəmirlər. Qərbdən və Şərqdən maliyyələşən bəzi azərbaycanlılar da bu oyunlara kölgə salmağa çalışırlar. Koalisiya isə həmin qüvvələrə bir zərbədir”.
“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli Azərbaycana qarşı qarayaxmalarla məşğul olanların erməni diasporunun maliyyəsi ilə hərəkət etdiyini bildirib. Qeyd edib ki, hər dəfə ölkəmizdə beynəlxalq təbdirlər keçiriləndə bu cür kampaniyaların olması təbiidir: “Çünki Azərbaycana qarşı diqqətlər yönəlir. Bu prosesdə koorperativ maraqlar da mövcuddur. Onlar erməni diasporunun maliyyəsi ilə hərəkət edirlər. Biz onlara qarşı öz sözümüzü deməliyik. İnanıram ki, Azərbaycanda Birinci Avropa Oyunları böyük peşəkarlıqla həyata keçiriləcək”.
Məruzələr ətrafında Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, “Els” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova, “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev, “Bakuinfo.az” saytının baş redaktoru Əvəz Qurbanlı və başqaları da çıxış edərək, koalisiyanın yaradılmasını dəstəkləyiblər.
Tədbirdə aparıcı QHT-lər və media orqanları “Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək” Vətəndaş Cəmiyyəti Koalisiyasında birləşdiklərini elan ediblər. Koalisiyanın media üzrə koordinatoru “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, QHT-lər üzrə koordinatoru BMAM rəhbəri Rufiz Qonaqov təyin ediliblər.
Sonda koalisiya adından bəyanat qəbul olunub. Bəyanatda bildirilir ki, koalisiyanın əsas məqsədi Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkilinə və keçirilməsinə ictimai dəstəyin təmin edilməsindən ibarətdir. Bu məqsədlə ölkə daxilində obyektiv məlumatlandırma işinin aparılması nəzərdə tutulur. Eyni zamanda, koalisiya Avropa ölkələrində Azərbaycan idmanının inkişafı, habelə xalqımızın zəngin mədəni irsi, adət-ənənələri, tolerant və humanist xüsusiyyətləri, sosial-iqtisadi inkişaf və demokratik dövlət quruculuğu sahəsindəki uğurları barədə dolğun təsəvvürün yaranması üçün tədbirlər görüləcək. Koalisiya konfranslar, simpoziumlar, sərgilər, yarışlardan əvvəl yerli və beynəlxalq təşkilatların iştirakı ilə forumlar təşkil edəcək, mediada və sosial şəbəkələrdə müvafiq təbliğat işi aparacaq.
Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər