• cümə, 29 Mart, 19:22
  • Baku Bakı 14°C

“Bakı-2015: Avropa Oyunlarına dəstək dostluq qrupu” yaradıldı

05.05.15 11:07 1642
“Bakı-2015: Avropa Oyunlarına dəstək dostluq qrupu” yaradıldı
“Bu gün hər bir azərbaycanlının ürəyində, düşüncələrində böyük sevinc hissi var. Çünki Azərbaycan tarixdə ilk dəfə olaraq keçirilən Birinci Avropa Oyunlarına ev sahibliyi edəcək. Bundan böyük qürur hissi keçiririk. Dövlətimizin potensial və imkanlarını səfərbər edərək, Avropa Oyunlarına ev sahibliyi etmək missiyasının öhdəsindən uğurla gələcəyinə əminik. Ancaq bizim bədxahlarımız Azərbaycanda keçiriləcək beynəlxalq miqyaslı bu tədbirə, təşkilatçılığa, ümumilikdə ölkəmizə qarşı qarayaxma kampaniyasına başlayıblar. Bizi istəməyən qüvvələr istənilən hadisəyə siyasi çalar qataraq, onu şişirdir, bundan Azərbaycana qarşı təzyiq və təhdid kimi istifadə edirlər. Hazırda da həmin qüvvələr bu istiqamətdə Azərbaycan üzərinə hücuma keçməkdədirlər. Bu hücumun qarşısının alınması, Azərbaycan reallıqlarının olduğu kimi dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə həm vətəndaş cəmiyyəti, həm də KİV təmsilçiləri yüksək səviyyədə iş aparmaqdadırlar. Görülən işin daha da gücləndirilməsi, Azərbaycan əleyhinə aparılan kampaniyanın əsassız olduğunun sübut edilməsi, Birinci Avropa Oyunlarının keçirilməsinə dəstək verilməsi üçün virtual aləmdə də fəaliyyətimizi gücləndirmək qərarına gəldik. Elə buna görə də Facebook sosial şəbəkəsində “Bakı-2015: Avropa Oyunlarına dəstək dostluq qrupu”nu yaratdıq. Bu ideyanın gerçəkləşməsi üçün gənclərin böyük dəstəyini hiss etdik və aprelin 25-də sözügedən qrupu yaratdıq. Qısa zamanda həmin qrupa üzv olanların sayı 10 mini ötüb. Bizim virtual dostluğumuz internet əsri adlandırılan indiki dövrdə dövlətimizə, millətimizə xidmət edəcək. Beləliklə biz Birinci Avropa Oyunlarına dəstək verəcək, yarışların keçirilməsi ərəfəsində Azərbaycana yönəlik xoşagəlməz situasiyanın qarşısını birgə alacağıq, anti-Azərbaycan qruplaşmasına qarşı öz iradəmizi ortaya qoyacağıq”.
Bu barədə Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı “Anti-Azərbaycan kampaniyası Avropa Oyunları müstəvisində” mövzusunda keçirilən dəyirmi masada bildirib. O, ABŞ dövlət katibi Con Kerrinin ofisindən idarə olunmaqla Azərbaycan əleyhinə çirkin kampaniyaya start verildiyini xatırladıb. Bildirib ki, burada başlıca niyyət dünya miqyasında Azərbaycanı nüfuzdan salmaq, Avropa Oyunlarının gedişinə maneə yaratmaq, pozuculuq işləri görmək, bununla da ölkəmizin beynəlxalq səviyyəli yarışlara ev sahibliyi etmək gücündə olmadığı barədə rəy formalaşdırmaqdır. Millət vəkili deyib ki, Azərbaycanı ləkələmək üçün ən müxtəlif təxribatlara əl atılır: “Ayrı-ayrı xarici KİV-də Azərbaycan əleyhinə şər və böhtan dolu materialları tirajlamağa, eyni zamanda daxilimizdəki anti-milli qüvvələr vasitəsilə bu kampaniyanı gerçəkləşdirməyə, Azərbaycanda qarışıqlıq salmağa çalışırlar. Azərbaycanı müstəqil siyasət yürütdüyünə, günü-gündən gücləndiyinə, beynəlxalq aləmdə nüfuzunu artırdığına görə Liviya, Suriya, İraq və Yəmənin gününə salmaq istəyirlər. Onlar Azərbaycandakı inkişafın qarşısını almağa, bu dövləti idarəolunan vəziyyətə salmağa hədəfləniblər. Təbii ki, bu, bizim milli maraqlarımıza, dövlət prinsiplərimizə, eyni zamanda, vətəndaş olaraq dünyagörüşümüzə, iradəmizə tamamilə ziddir. Bu səbəbdən dostluq qrupunun üzvlərinə, bütünlükdə Azərbaycan gəncliyinə səslənirəm ki, sosial şəbəkədə müxtəlif xarici dillərdə çıxış etməklə, antitəbliğata qarşı vətəndaş mövqeyi sərgiləməklə, dövlətimizin və millətimizin, Prezidentimiz İlham Əliyevin yanında olsunlar. Bütün imkan və potensialımızı bu istiqamətə cəmləyərək, dövlətimizə xidmət göstərməliyik”.
Layihənin koordinatoru Nicat Müslümov hazırda 10 mindən artıq izləyicisi olan qrup üzvlərinin sayının gündən-günə artdığını söyləyib. Qeyd edib ki, Böyük Britaniya, İspaniya, Fransa, Almaniya və digər ölkələrin vətəndaşları da dostluq qrupunun izləyiciləri sırasındadırlar: “Bütün soydaşlarımızı qrupda aktiv fəaliyyətə çağırıram. Müxtəlif dillərdə statuslar yazaraq, Avropa Oyunlarını, Azərbaycanı təbliğ etməliyik. Biz gənclər prezident İlham Əliyevin ətrafında daha da sıx birləşməliyik. Düşünürəm ki, bu oyunların keçirilməsi həm Azərbaycanın piarıdır, həm də Dağlıq Qarabağ probleminin ədalətli həllinə dəstək üçün yaxşı imkandır”.
Bakı Dövlət Universiteti (BDU) Hüquq fakültəsinin Tələbə Həmkarlar Təşkilatının sədri Yavər Məmmədova Avropa Oyunlarının hər bir azərbaycanlı üçün xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Deyib ki, rəsmi qurumların dövlət səviyyəsində həyata keçirdiyi xarici siyasətlə yanaşı, beynəlxalq səviyyəli idman və musiqi yarışlarında təmsil olunmaq, həmçinin onlara ev sahibliyi etmək də ölkəni dünyada daha da tanıdan amillərdəndir. Onun sözlərinə görə, Birinci Avropa Oyunları Azərbaycanın beynəlxalq imicini bir qədər də artıracaq, ölkəmizin sülh, barış, birgəyaşayış mesajlarını təkrar dünyaya çatdıracaq.
Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı Ruslan Həsənov hər hansı zirvəyə qalxmağın asan başa gəlmədiyini bildirib. O, ümummilli lider Heydər Əliyevin söylədiyi “Azərbaycan dünyaya günəş kimi doğacaq” fikrini xatırladaraq, bu gün inkişaf səviyyəsinə, beynəlxalq nüfuzuna görə ölkəmizin dünyada günəş kimi parladığını qeyd edib. Təəssüflə əlavə edib ki, hazırda bu parıltını görmək istəməyən, onun qarşısını almaq istəyən qara qüvvələr Azərbaycan əleyhinə qarayaxma kampaniyasına başlayıblar. Telejurnalist deyib ki, bütün cəmiyyətin, o cümlədən də gənclərin birgə dəstəyi ilə qara qüvvələrin bu niyyəti heç zaman reallaşmayacaq.
Dəyirmi masada dostluq qrupu üzvlərindən gənc fəal Sevinc Əlizadə, BDU-nun Kitabxanaçılıq fakültəsinin müəllimi İradə Əliyeva, Azərbaycan Dillər Universitetinin doktorantı Ülfan Əliyeva, Əməkdar məşqçi İradə Əhmədova, professor Qüdrət İsaqov, təqaüdçü Ədalət Bədirxanov, şairə Səadət Novruzlu və başqaları da çıxış edərək, Birinci Avropa Oyunlarının Azərbaycan üçün əhəmiyyətini vurğulayıblar. Onlar ölkə vətəndaşlarını anti-Azərbaycan kampaniyasına qarşı birgə mübarizəyə çağırıblar.
Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər