• şənbə, 20 Aprel, 00:05
  • Baku Bakı 15°C

Bakı 2015 Avropa Oyunları yeni brendini təqdim etdi

27.08.14 14:30 1269
Bakı 2015 Avropa Oyunları yeni brendini təqdim etdi
APA-nın xəbərinə görə, Bakının təbii gözəlliyini əks etdirən rəngarəng və heyranedici yeni brend imici yarış obyektləri, biletlər, uniformalar və ilk Avropa Oyunları ilə bağlı satılan bütün əşyalarda əks olunacaq.
Yeni brendin mərkəzində Azərbaycan folklorunda birliyin simvolu olan nar ağacının təsviri var. Azərbaycan irsinin və mədəniyyətinin tarixi simvolları və müxtəlif idman növü və fənlərinin diqqət cəlb edən qrafikaları nar ağacının budaqları ilə bir-birinə bağlanır.
Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq qeyd edib ki, yeni brend Bakı 2015 üçün dinamik, yeni özünü-ifadə tərzidir: “Bu, qədim Azərbaycan irsi və ölkənin təbii gözəlliyi ilə bağlı qürur hissimizin, həmçinin bizim bütün Avropanın zövq ala biləcəyi innovativ idman yarışını gerçəkləşdirmək istəyimizin simvoludur. Qarşıdan gələn həftələr və aylar ərzində bu brend Avropa Oyunları ilə sinonim olacaq və bizim burada, Azərbaycanda mövcudluğumuzun bütün cəhətləri ilə vizual əlaqə təmin edəcək”.
Eyni zamanda yeni imic Bakı 2015-in təkmilləşdirilmiş və yenilənmiş rəsmi veb-saytının yenidən işə salınmasında da istifadə olunmuşdur. Əlvan rəngli şüşə şəbəkə, butanın naxış elementləri, xalça və toxuculuq naxışlarından nümunələr də daxil olmaqla bir yerə toplanmış cəlbedici yeni naxışlar Azərbaycan irsinin ölkənin məğrur tarixində mühüm rol oynayan digər simvollarıdır.
Yeni imicin yaradılması tenderinin qalibi daha öncə London 2012 Olimpiya və Paralimpiya Oyunları üçün idman brendinin yaradılmasında çalışmış məşhur “SomeOne” agentliyi olub. Agentliyin təsisçilərindən biri və icraçı kreativ direktoru Qari Holt deyib: “Layihənin ilkin mərhələlərində Bakıya səfərimiz zamanı şəhərin yaşıllığı və gözəlliyi bizi heyran etdi. Bu, bizi canlı mülkiyyətin - Bakı 2015-in nar ağacının yaradılmasına ruhlandırdı. Yeni brenddə idmançılarla Azərbaycan incəsənəti və nar ağacı elə tərtib edilmişdir ki, Bakının gözəl şəraitində qeyd edilən böyük idman tədbiri şəhərin mühitinə uyğun olsun”.
Oyunlara qədər geriyəsayım davam etdikcə, korporativ dəftərxana ləvazimatlarını, medalları və Bakıdakı reklam lövhələrində təşkilatçı şəhərin təsvirlərini yeni brend imicləri bəzəyəcək.
Bakı 2015-in kommersiya direktoru Çarli Vijeratna qeyd edib: “Avropa Oyunlarını gerçəkləşdirmək üçün “SomeOne” agentliyinin yaratdığı gözəl və mürəkkəb naxışlar və qrafikalar zövqümüzü oxşadı. Onlar elə bir imic yaradıblar ki, bu, medallardan tutmuş uniformalara qədər gözlənilən bütün istifadə sahələrimiz və bütün forma və ölçülərimiz üçün effektiv olacaq.”
Bakı 2015 Avropa Oyunlarının yeni rəngarəng brendi ilə www.baku2015.com veb-saytı vasitəsilə tanış olmaq olar.
Qeyd edək ki, 2015-ci il iyun ayının 12-dən 28-nə qədər Bakıda I Avropa Oyunları keçiriləcək. Bakı 2015 Avropa Oyunlarında ümumilikdə 19 idman növü olacaq: 16 Olimpiya idman növü və üç qeyri-Olimpiya idman növü.
17 yarış günü ərzində 6000-dən çox idmançının öz xalqlarını təmsil edəcəyi gözlənilir. İdman növlərinin doqquzu 2016-cı ildə keçiriləcək Rio De Janeyro Yay Olimpiadası üçün kvalifikasiya imkanları yaradacaq. Sözügedən idman növlərinin sırasına kamandan ox atma, atletika, çimərlik voleybolu, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo və triatlon daxildir.
Avropa Oyunlarının keçirilməsi Bakı şəhərinə Avropa Olimpiya Komitələri (EOC) tərəfindən 2012-ci ilin dekabr ayında həvalə olunub. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) Oyunları EOC ilə əməkdaşlıq şəraitində təşkil edərək həyata keçirəcək.
banner

Oxşar Xəbərlər