• cümə, 26 Aprel, 23:15
  • Baku Bakı 22°C

Bakcell “Ən sürətli mobil şəbəkə” mükafatının qalibi olub

20.09.18 20:41 894
Bakcell “Ən sürətli mobil şəbəkə” mükafatının qalibi olub
"Bakcell şirkəti 2018-ci ilin I və II rübü üzrə nüfuzlu "Ən sürətli mobil şəbəkə üzrə Speedtest mükafatı”nın qalibi olub. Bu mükafat bütün dünyada tanınmış "Ookla” şirkəti tərəfindən "Bakcell”ə Azərbaycan ərazisində ən sürətli mobil internet xidmətlərinin göstərilməsinə görə təqdim edilib”. Bakcell-in keçirdiyi mətbuat konfransında sevinclə səsləndirilən bu fikirlər şirkətin bu ilin yarım ili ərzində əldə etdiyi nailiyyətlər və qarşıda görüləcək işlər haqqında ətraflı danışmaq imkanı yaratdı.
Bakcell şirkətinin İctimaiyyətlə Əlaqələr və Korporativ Kommunikasiyalar Departamentinin rəhbəriSüheylə Cəfərova məlumat verdi ki, sınaq müddəti ərzində "Ookla” şirkəti ölkədə ən sürətli mobil şəbəkəni müəyyən etmək məqsədilə Azərbaycanın bütün mobil operatorlarının abunəçiləri tərəfindən iOS və Android platformalarında çalışan cihazlardan "Speedtest” mobil əlavəsi vasitəsilə həyata keçirilmiş sınaqları müqayisə edib. Nəticələrə əsasən, Bakcell şəbəkəsi bütün ölçülən kateqoriyalar üzrə ən yüksək "Speedtest” ballarını toplayıb: "Bununla da təsdiq edilib ki, Bakcell şəbəkəsi ölkədə ən yüksək orta yükləmə sürəti və ən aşağı gecikmə müddətinə (latency time) malikdir”. Qeyd edildi ki, mobil şəbəkələrin sınaq və təhlili sahəsində dünyanın ən nüfuzlu qurumu tərəfindən toplanmış bu məlumat Azərbaycandakı istifadəçilərin 18 000 ayrı-ayrı unikal cihaz vasitəsilə həyata keçirilmiş 80 000 sınaq (Speedtest platforması üzərindən) əsasında formalaşıb. Sınaq müddəti ərzində hər üç yerli mobil operatorun nəticələri müqayisə olunub və Bakcell şirkəti LTE funksiyalı cihazlarda orta yükləmə sürəti 31.95 Mbps, orta məlumat göndərmə sürəti isə 11.75 Mbps olmaqla ümumi 27.93 bal (Speed Score™) toplayaraq ölkədə ƏN SÜRƏTLİ mobil şəbəkə adını qazanıb.
"Speedtest Intellingence” məlumatları veb və mobil "Speedtest” platformaları vasitəsilə milyonlarla abunəçi tərəfindən aparılmış sınaqlar vasitəsilə əldə olunur. Azərbaycanın bütün provayderləri üzrə məlumatlar ölkə ərazisində aparılan sınaqlara əsaslanaraq "Speedtest Intellingence”də öz əksini tapır.
Qeyd edək ki, Speedtest.net – İnternetdən istifadə üzrə bağlantı sürəti və gecikmə müddəti kimi əmsalların pulsuz təhlilini həyata keçirən veb xidmətdir. Bu xidmət Ookla şirkəti tərəfindən 2006-cı ildən pulsuz olaraq göstərilir. Bu günə qədər 21 milyarddan artıq sınaq ilə Ookla məlumatları dünyanın bütün ölkələrini əhatə edir. Ookla şirkətinin "Speedtest” mobil əlavəsi Google Play Store və App Store mobil dükanlarından 100 milyon dəfədən çox yüklənib. 7000-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan "P3 Communications” şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə ("Best in Test”) adına layiq görülüb.
Bakcell şirkətinin baş icraçı direktoru Nikolai Beckers Bakcell şəbəkəsi ölkənin mobil telekommunikasiya bazarında ən sürətli şəbəkə olduğunu qeyd etdi: "Biz çox sevinirik ki, zəhmətimiz və gördüyümüz işlər abunəçilərimizə rahatlıq və məmnunluq gətirməkdədir: Qürur duyuruq ki, şəbəkə sınaqları və təhlili sahəsində dünya lideri tərəfindən şəbəkəmizin üstünlüyü bir daha da təsdiq edilib. Bu liderliyi qorumaq və xidmətlərimizi daha da təkmilləşdirmək üçün əlimizdən gələni edirik. Bakcell bundan sonra da bazarda ən üstün və ən sürətli mobil şəbəkə ilə yanaşı ən innovativ və misilsiz müştəri təcrübəsini öz abunəçilərin ixtiyarına verməyə davam edəcək”. Bakcell-in tətbiqetmədə bütün ölçülər üzrə ən sürətli aparıcı şəkəkə kimi tanınmasını fərəhlə qeyd edən N.Bekers "Bu tətbiqetmədə əslində bir yox, bir neçə ölçülər var. Bakcell bütün ölçülər üzrə ən sürətli aparıcı şəbəkə kimi tanınıb. Yükləmə vaxtı şəbəkədə endirmə sürətinin yüksək olması çox önəmlidir. Xüsusən, o istifadəçilər üçün ki, onlar internet resurslarda videoları, filmləri və digər maraqlı məlumatları yükləyirlər. Ən aşağı gecikmə vaxtı da yüksək göstəricidir. Bu mübadilənin bir paketdən digər paketə keçirilmə vaxtını göstərir. Xüsusən əgər siz video oyunların həvəskarısınızsa, hər bir hərəkətiniz gecikmədən əks olunur”. N.Beykers hal-hazırda şirkətin ölkədə fəaliyyətdə olan 7000-ə yaxın stansiyasının olduğunu diqqətə çatdıraraq məqsədlərinin geniş investisiya proqramını davam etdirmək və ölkənin bütünlüklə 4G Bakcell şəbəkəsi ilə əhatə olunması olduğunu bildirdi: " Bakcell-in texniki şöbəsinin əməyi nəticəsində biz bu uğurlu nəticələri əldə edirik. Bu futboldakı kimidir. Əgər siz bir mövsümdə çempion olursunuzsa, artıq fanatlarınız və məşqçiniz daim sizin qabiliyyətlərinizi gözləyir. Əminəm ki, bizim komanda bunun öhdəsindən gələcək».
Jurnalistlərin suallarını cavablandıran baş icraçı direktor Bakcell-in 4G şəbəkəsinin üstünlüklərindən danışaraq bildirdi ki, burada sürət yüksək, gecikmə azdır. Siz video yükləməyə, musiqi dinləməyə meyillisinizsə, şəbəkə sizə gözəl imkanlar verir. Bu baxımdan, Bakcell ən geniş əhatə dairəsinə malikdir. Baş icraçı direktor 4G LTE-nin əhatə dairəsinin hazırda bütün ölkəni əhatə etmədiyini, ancaq proses üzərində işlənildiyini də qeyd etdi: "Şəbəkə bütün ölkəni əhatə etmir, ancaq bu proses üzərində işləyirik. 1328 LTE stansiyamız var. Bunların 328-i LTE siqnallarını qəbul etməyə imkan verir. Biz Azərbaycanın bütün ərazisini əhatə etməyi qarşımıza məqsəd qoymuşuq və bu məqsədə doğru irəliləyirik. Bilirsiniz ki, Azərbaycanın iqtisadiyyatı neft gəlirlərindən asılıdır. Hökumət iqtisadiyyatı şaxələndirmək üçün bir çox səylər göstərir. Biz də çalışırıq ki, bu səyləri dəstəkləyək. Bizim ən böyük köməyimiz yaxşı, keyfiyyətli şəbəkənin təmin edilməsidir. Çünki yeni, rəqəmsal, innovativ iqtisadiyyatda təkliflərin və ideyaların sərbəst və sürətli mübarizəsi gedir. Bakcell olaraq inanırıq ki, yüksək sürətli internet olmadan müasir dünyada yüksək rifah, keyfiyyətli təhsil sistemi haqqında danışmaq mümkün deyil. Biz keyfiyyətli şəbəkə ilə birbaşa Azərbaycanın rəqəmsal iqtisadiyyatının rəqabətə davamlılığını təmin edirik. Artıq 4G şəbəkəsi ilə Azərbaycanı əhatə edirik. Gələcəkdə 5G şəbəkəsinə keçid alacağıq. Deməli, bu bizim üçün önəmli inkişaf yoludur».

Mətbuat konfransında iştirak etdi
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər