“Bağışla”, “Bu gecə”, “Axtar sən məni”...

“Bağışla”, “Bu gecə”, “Axtar sən məni”...

Mədəniyyət
25 Oktyabr 2012, 10:08 5695
Mən çoxdan idi ki, populyar Azərbaycan bəstəkarı, yüzlərlə mahnının, onlarla teatr tamaşalarının və kinofilmlərin musiqi müəllifi, Azərbaycan respublikasının Xalq artisti Emin Sabitoğlunun həyat və yaradıcılığından bir yazı yazmaq istəyirdim və əlimdə kifayət qədər material olmadığından yazını başlaya bilmirdim.

18 sentyabr - böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin doğum günü və IV Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının açılış günü. Hər gün olduğu kimi bu gün də işə gələndə gündəlik “marşrutumla” - Qubernator bağı (bəzi mənbələrdə Qoburnat bağı) kimi tanınan Filarmoniya bağının içindən keçəndə bir çox musiqi kollektivlərinin düzənlədikləri açıq və birbaşa efirə gedən musiqi nömrələrinin çoxsaylı sehrçilərinin sırasına nə vaxt qatıldığımı özüm heç də bilmədim...
Mərasimdə iştirak edən bir çox musiqiçilər və musiqişünaslar arasında Ceyran xanım Mahmudovanı görəndə sevindim. Fürsəti fövtə verməyib münasib bir məqamda ona yaxınlaşıb salam-əleykdən sonra özümü təqdim edib, atası Emin Sabitoğlu ilə bağlı yazı yazmaq məramımı ona bildirib, yardımçı olmasını istədim...

Biz Ceyran xanımla təxminən 20 gün sonra əməkdaşı olduğu Bakı Musiqi Akademiyasının binasında - onun iş otağında, daha doğrusu tədris sinfində görüşəndə günorta vaxtı idi və o, tələbələrilə məşğul olmalı idi. Buna baxmayaraq, yarım saata qədər çəkən söhbətimiz əsas götürülməklə onun ulu babalarından və nənələrindən tutmuş, atası Emin Sabitoğlu, anası Cəmilə xanım, özü və qızı Əfşan haqqında əldə etdiyim məlumatlar əsasında ərsəyə gəldi bu yazı.

Mənim Ceyran xanımdan ailə səcərəsi haqqında danışması barədəki xahişimi o aşağıdakı kimi işıqlandırdı:

Sabit Kərim oğlu Rəhmanov orta məktəb təhsilini Şəkidə bitirdikdən sonra, Bakıya gələrək Azərbaycan Pedaqoji İnstitunun (indiki Azərbaycan Pedaqoji Universiteti) “Filologiya” fakultəsinə daxil olur və oranı bitirdikdən sonra Şəkiyə qayıdaraq bir müddət orada müəllimlik etməklə yanaşı, atasının hələ XX əsrin əvvəllərində almış olduğu royalda ifa etməyi müstəqil şəkildə öyrənmiş, o zamanlar Şəkidəki göstərilən səssiz filimləri canlı şəkildə müşayət etmişdir.

Sonradan həyatını Bakı ilə bağlayan Sabit müəllim burada, dövründə elitar dairələrdə “Böyük xan” kimi tanınan - sonuncu İrəvan xanı Abbasqulu xanın qızı Əfşan xanım və Çar Rusiyasının Sankt-Peterbur Universitetinin “Dəmiryol mühəndisliyi” fakultəsinin ilk azərbaycanlı məzunu Mahmud bəy Mahmudbəyovun qızı - Azərbaycan Dövlət Universitetinin “Kimya” fakultəsinin məzunu İsmət xanımla ailə həyatı qurmuş, bu cütlüyün Emin (1937), Gültəkin (1939) və Afət (1941) adlı üç övladları olmuşdur.
HAŞİYƏ: - Sabit Rəhmanın atasından qalmış mülkündəki evin “Sabit Rəhmanın ev muzeyi” qismində fəaliyyət göstərməsi üçün bu mülkün hüquqi varisləri - yazıçının bacı və qardaşları bu evi natarial qaydada rəsmiləşdirərık Mədəniyyət Nazirliyinin balansına verilməsini təmin etmişlər ki, yuxarıda xatırlatdığım royal da həmin ev muzeyin eksponatları sırasındadır.

Ata babanız, tanınmış yazıçı-dramaturq Sabit Rəhmanı necə xatırlayırsınız, və ümumiyyətlə onun haqqında nə deyə bilərsiniz? - sualımı Ceyran xanım belə cavablandırdı.
Babam 1970-ci ilin sentyabr ayının 23-də (60 yaşında) dünyasını dəyişəndə mənim cəmi 6 yaşım var idi. Mənim uşaq yaddaşımda qaldığı qədər, babam haqqında təkcə onu deyə bilərəm ki, o tanınmış yazıçı olmaqla yanaşı, o, həm də evə-ocağa bağlı, gözəl ailə başçısı, isti-qanlı, mülayim və mehriban, nəvələrini sonsuz məhəbbətlə sevən, hər işində şəffaf bir adam idi.

Ceyran xanım, daşıdığınız ad nəslinizdə kiminsə adının əbədilışdirilməsi məqsədilə Sizə verilib, yoxsa...
Yox, bu ad nəsildə heç kimin adı ilə bağlı deyil, xoşuna gəldiyi üçün bu adı mənə babam Sabit Rəhman vermişdir.
Bəs atanız Emin Sabitoğlu haqqında nə deyə bilərsiniz?

Atam haqqında çox danışa bilərəm. Amma ilk növbədə onun 63 illik həyat yoluna qısaca da olsa səyahət etməyi məqsədəuyğun hesab edirəm.
2 noyabr 1937-ci il tarixdə Bakı şəhərində dünyaya göz açmış Emin Sabit oğlu Mahmudovun kiçik yaşlarından musiqiyə həvəs göstərməsi valideynlərinin nəzərini cəlb etmiş və 7 yaşı olanda onu Bülbül adına orta ixtisas musiqi məktəbində professor Kövkəb Səfərəliyevanın fortopiano sinfinə qoymuşlar.

Hələ VIII sinifdə oxuyarkən, kiçik də olsa ilk musiqi əsərini yazan Emin, 1954-cü ildə məktəbi müvəffəq qiymətlərlə bitirdikdən sonra elə həmin il Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası) “Bəstəkarlıq” fakültəsinə daxil olur və 2 il görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin sinfində, sonrakı 3 ili isə Pyotr Çaykovskiy adına Moskva Dövlət Konservatoriyasının “Bəstəkarlıq” fakültəsində - professor Yuriy Şaporinin sinfində davam etdirməklə 1961-ci ildə oranı bitirərək Bakıya dönmüşür.
İlk əmək fəaliyyətinə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında “musiqi redaktoru” vəzifəsində başlayan gənc bəstəkar Emin Mahmudov, sonradan Müslüm Moqamayev adına Azərbaycan Dövlət Filarmoniyasında ”bədii rəhbər” vəzifəsində çalışmış, 1961-2000-ci illərdə isə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında fəaliyyət göstərmişdir.

Atası - görkəmli yazıçı-dramaturq Sabit Rəhman dünyasını dəyişdikdən sonra atasının xatirəsini əbədiləşdirmək məqsədilə “Mahmudov” soyadını “Sabitoğlu” təxəllüsü ilə əvəzləyən bəstəkar, musiqinin əsasən üç janrında yaddaqalan əsərlər yaratmağa müvəffəq olmuşdur.

Emin Sabitoğlu teatr sahəsində ilk olaraq özünü Sabit Rəhmanın librettosu əsasında səhnə həyatını tapmış “Hicran” komediyasına musiqi bəstələməklə sınamış, sonrakı dövrlərdə isə “Nəğməli könül”, “Hələlik”, “Bir dəfə Bağdadda”, “Bankir adaxlı” və bu kimi musiqili komediya janrındakı 9 tamaşaya da musiqi həyatı vermişdir.

Bəstəkar, respublikamızın bir çox teatr kollektivləri üçün - Şixəli Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrının, Məşədi Əzizbəyov adına Azərbaycan Akademik Dram Teatrının, eləcə də Naxçıvan, Sumqayıt, Mingəçevir, Şəki və Lənkaran teatrlarının aktyor kollektivləri üçün M.F.Axundovun “Lənkəran xanının vəziri”, Səməd Vurğunun “Fərhad və Şirin”, İlyas Əfəndiyevin “Məhv olmuş gündəliklər”, Bəxtiyar Vahabzadənin “Yağışdan sonra”, Anarın:- “Təhminə və Zaur”, “Şəhərin yay günləri” və “Adamım adamı” kimi bir sıra tamaşalara musiqi bəstələmişdir.
Emin Sabitoğlu “Bizim Cəbiş müəllim”, “Gün keçdi”, “Dədə Qorqud”, “Təhminə”, “Həm ziyarət, həm ticarət”, “Ad günü”, “İstintaq”, “Yaramaz”, “Bəyin oğurlanması”, “Onun bəlalı sevgisi” və bu kimi 22 tammetrajlı bədii filmin, 40-a yaxın qısametrajlı mənzərə və sənədli filmin də musiqi müəllifidir.

Bəstəkar kino rejissorlarından əsasən Həsən Seyidbəli, Şamil Mahmudbəyov, Arif Babayev, Tofiq Tağızadə, Rasim Ocaqov və Vaqif Mustafayevlə əməkdaşlıq etmiş, onların çəkdikləri filmlərə yaddaqalan musiqi bəstələmişdir.

Emin Sabitoğlu şəxsi dostluq münasibətində olduğu kinorejissor Rasim Ocaqovun çəkdiyi filmlərin hamısının musiqi müəllifidir.
Emin Sabitoğlunun yaradıcılığının böyük hissəsini mahnı janrı təşkil edir.
Onun bir sıra Azərbaycan şairlərinin şeirlərinə yazdığı mahnılarının çoxsaylı ifaçıları olmuşdur.

Bəstəkarın Əhməd Cavadın sözlərinə yazdığı “Şükriyyə” mahnısını Xalq artisti Azər Rzayev, Xalq şairləri:- Rəsul Rzanın sözlərinə yazdığı “Dağları duman alanda” mahnısını Xalq artisti Zeynəb Xanlarova, Fikrət Qocanın sözlərinə yazdığı “Payız gəldi” mahnısını Xədicə Abbasova, Vaqif Səmədoğlunun sözlərinə yazdığı “Uzaq yaşıl ada” mahnısını Xalq artisti Flora Kərimova, Bəxtiyar Vahabzadənin sözlərinə yazdığı “Azərbaycan”, Nəbi Xəzrinin sözlərinə yazdığı “Dərələr” və şair Zeynal Cabbarzadənin sözlərinə yazdığı “Çay” mahnılarını Xalq artisti Şövkət Ələkbərova, şairlərdən Gəray Fəzlinin sözlərinə yazdığı “Sən olmuşam”, Zeynal Xəlilin sözlərinə yazdığı “Bu gecə” mahnılarını Hüseynağa Hadıyev ifa etməklə, onun bir çox başqa şairlərin sözlərinə bəstələdiyi yüzlərlə həmişəyaşar mahnılar sağlığında olduğu kimi, indi də müğənnilərin repertuarının ön sıralarında yer alır.

Ceyran xanımın söylədiklərinə görə Emin Sabitoğlu mütaliəni çox sevər, Azərbaycan ədəbiyyatına aid olan yeni nəşrlər onun diqqətindən kənarda qalmaz, teatr tamaşalarını və yeni kino-filmləri seyr etməkdən də zövq alarmış. Xüsusilə də uşaqlıq dostları - Xalq yazıçıları Anar, Vaqif Səmədoğlu, filologiya elmləri doktoru Araz Dadaşzadə, fəlsəfə elmləri doktoru Rəhman Bədəlovla tez-tez görüşər, oxuduqları yeni nəşrləri, baxdıqları yeni tamaşaları və kinofilmləri müzakirə etməyi xoşlayarmış.
Belə görüşlərdə o, müxtəlif bəstəkarların, əsasən də çox sevdiyi Üzeyir Hacıbəylinin və müəllimi Qara Qarayevin əsərlərindən nümunələri ifa etməkdən özü zövq aldığı kimi, dostlarına da zövq verərmiş.
Emin Sabitoğlunun Qara Qarayevə, onun musiqisinə olan tükənməz sevgisinin bariz nümunəsi olaraq, bəstəkarın 1959-cu ildə Leninqrad şəhərində (indiki Sankt-Peterburq) “İldırımlı yollarla” baletinin primyerasında şəxsən iştirak etməyi özü üçün zəruri hesab etmişdir.
Atam qapalı, öz daxili aləminə varmağa üstünlük verən adam idi.
O, sənətilə bağlı mütəmadi olaraq Azərbaycan Yazıçılar İttifaqına, Azərbaycan Bəstəkarlar İttifaqına, Kinostudiyaya, Azdramaya, Musiqili Komediya Teatrına, Bədii Şuraya, Musiqiyazma studiyalarına və digər bu kimi yerlərə getdiyindən, yaradıcı adamlarda olduğu kimi onun da rejimini bilmək olmazı. Şəxsi sualları sevməzdi, verilən sualları lokanik şəkildə cavablandırardı. Bunlarla yanaşı bir anın içərisində yaddaqalan mahnılar yarada bilən bir sənət adamı idi - deyə Ceyran xanım söhbətinə davam edir.

Ceyran xanım, Emin Sabitoğlu Sizin üçün kimdir?
Birincisi Siz onun övladı olaraq: - Emin Sabitoğlu təbii ki, ilk növbədə mənim atamdır.

O, anam Cəmilə xanımla Bülbül adına orta ixtisas musiqi məktəbdə on il bir sinifdə oxuyublar.

O, yaxşı - qayğıkeş ata idi, ailəsini çox istəyirdi. Harada olmasından asılı olmayaraq gün ərzində 5-6 dəfə evə zəng vurar, hal-əhval tutar, mənim dərslərimlə, işlərimlə maraqlanardı.

Yadımdadır ki, Sovetlər dönəmində Monqolstanda və İsveçrədə ezamiyyətdə olduğu zamanlar, rabitə xərcləri baha olmasına baxmayaraq, hər gün evə zəng vurar, ailənin gündəlik qayğıları ilə maraqlanar, öz tövsiyyələrini verərdi.

Hətta ikinci həyat yoldaşı ilə Türkiyədə yaşadığı son 6 ildə (1994-2000) hər bazar günü saat 12-də (Türkiyə vaxtilə səhər saat 10-00-da) bizə zəng vurmasına elə alışmışdıq ki, onun zəngi bir az yubananda ailəliklə narahatlıq keçirirdik, çünki onun qanının arterial təzyiqi həmişə yüksək, civə sütununun 180-200 millimetr səviyyəsindən aşağı olmurdu və bu onuçun “işçi qan təzyiq səviyyəsi” sayılırdı.

Siz bir peşəkar musiqişünas olaraq: - Emin Sabitoğlu Azərbaycan musiqisinin 3 istiqamətdə daha da inkişaf etməsində danılmaz, fərqli əməyi vardır - mahnı janrı, tamaşalara və kinofilmlərə musiqi bəstələməsi.
Siz tamamilə kənar şəxs (fərd) qismində olaraq: - Emin Sabitoğlu haqqında çəkilən “Gün keçdi” adlı sənədli filmin ssenarisin həmmüəlliflərindən biri olaraq mən orada özümü kənar şəxs kimi təqdim etməyə çalışmışam.

Emin Sabitoğlu əsasən hansı şairlərlə işləyirdi? Onun musiqisi yarandıqdan sonra (balvanka) söz axtarırdı, yoxsa xoşuna gələn, ruhunu oxşayan sözlərə mahnı yazırdı?

Düzdür, atamın sözsüz yaranan melodyaları olurdu, ancaq bu çox az hallarda olardı. O, adətən şeiri seçər, onu ruhundan keçirər, sonra isə melodiyası meydana gələrdi. Gözümü açandan atamı mətnlə işləyən görmüşəm. Vurğusu düzgün olmayan mahnısı yoxdur atamın. O, sözləri, hecaları, şeirin intonasiyasını yazdığı melodiyanın qəlibinə çox məharətlə otuzdurardı.

Emin Sabitoğlunun mahnılarının ən yaxşı ifaçıları - onun özünə görə hansı müğənnilər sayılırdılar?

O, heç vaxt bu barədə danışmazdı. Amma onu bilirəm ki, o peşəkar olmayanlara mahnı verməzdi. Əsasən yazdığı mahnıları konkret müğənnilər üçün yazırdı və mahnının ifasını özü onlara tam mükəmməl öyrətmədən mahnılarının efirdə, elə lap hansısa tədbirdə səslənməsinə icazə verməzdi. O, müğənniləri evimizə gətirməyi xoşlamazdı. Onlarla babamın evində, studiyalada ya da iş yerində məşğul olardı.

Atam Xalq artistləri Zeynəb xanım Xanlarova, İlahəmə xanım Quliyeva ilə xoş münasibətdə, Mirzə Babayev və Yalçın Rzazadə ilə dost olsa da, aralarında 20 il yaş fərqi olmasına baxmayaraq Mirzə əmi ilə (1917) daha yaxın idi. Onlar bir-birilərini daha yaxşı duyurdular.
Emin Sabitoğlu üçün mahnı üzərində işləmək, ümumiyyətlə bu janr nə demək idi? Onun neçə mahnısı var?

Onun üçün musiqinin bütün janrları əziz idi, amma mahnı yazmaqdan xüsusi zövq alardı. Əslidə o mahnı yazmaq üçün fikirləşmirdi, sadəcə olaraq xoşuna gələn, ruhunu oxşayan, təbii ki, mənası, məzmunu və şeiriyyəti olan sözləri zümzümə edə-edə melodiyanı yaradırdı.
HAŞİYƏ:-Emin Sabitoğlunun mahnılarının potensial ifaçılarından olan, Azərbaycan respublikasın Xalq artisti Yalçın Rzazadə söyləyir ki, bir şair tərəfindən ona verilmiş yeni şeirin mətnini elə həmin axşam telefon vasitəsilə bəstəkara oxuyarkən, o mətni yazmış və az sonra zəng edərək mahnının hazır olduğunu bildirmişdir.

Atamın mahnılarının sayı 600-dən çoxdur. Buraya kinofilmlərə və tamaşalara yazdığı mahnılar da daxildir.
Təkcə Azərbaycanın Xalq şairi Vaqif Səmədoğlunun sözlərinə yazdığı mahnıların sayı 100-dən çoxdur.

Mənim müşahidəmə görə Emin Sabitoğlu pianonu çox mükəmməl və həm də heç bir gərginlik keçirmədən ifa edirdi. O, elə bil ifa eləmirdi, sadəcə olaraq barmaqlarını çox yumşaq və kövrək şəkildə pianonun dilləri üzərində gəzdirərək onları sığallayır və bununla da zövq verməyi bacardığı kimi, elə özü də zövq alırdı. Bütün bunlar onun canından-qanından gələn idi, yoxsa sonradan mənimsəmə?

Yuxarıda qeyd edildiyi kimi, atam ilk musiqi təhsilini Bülbül adına orta ixtisas musiqi məktəbində, piano sinfində alıb, sonra isə Bakı və Moskva Konservatoriyalarında təhsilini davam elətdirib. Təbii ki, belə ifa onun peşəkarlığından irəli gəlirdi.
Siz bir peşəkar musiqişünas olaraq, Emin Sabitoğlunun yerini bugünkü “Şou-biznes” deyilən məkanda görürsünüzmü?

Xeyir, görmürəm və atamın yaradıcılığını heç cürə “şou-biznes”ə aid edə bilmərəm, o klassik musiqi yaradıcılarının nümayəndəsi olaraq qalır.
Atam siqaret çəkən idi. Özü də filterli, dəbli siqaretlərdən çəkməzdi. Onun sevimli “marka”sı əvvəllər “Avrora”, sonradan isə onu əvəzləyən “Prima” idi. Ev arxivində onun adını çəkdiyim siqaret qutularının qapaq hissələrini cıraraq üzərində yazmış olduğu notlar hələ də saxlanılmaqdadır.

Hər həftənin çərşənbə günləri, axşam saat 19.15-də efir həyatını yaşayan, AzTv-nin “Mədəniyyət” kanalında apardığınız “Musiqi xəzinəsi” proqramının bir nömrəsini Emin Sabitoğlunun yaradıcılığına həsr etmişdiniz. Siz bu proqramı hazırlayarkən və eləcə də apararkən hansı hissləri keçirdiyiniz barədə danışa bilərsinizmi?

Əlbəttə ki, bir övlad olaraq, dünyamızı erkən tərk etmiş atam haqqında verliş hazırlamaq mənim üçün çətin oldu. Onun musiqisindən danışmaq, bu musiqi nümunələrini ayrı-ayrı musiqiçilərin ifasında eşitmək bir başqa şeydirsə, proqramı hazırlayan zaman və eləcə də onu aparanda, təbii ki, verliş efirə gedəndə keçirdiyim hissləri sözlə ifadə etmək qabiliyyətində deyiləm. Bütün bu proseslər zamanı kadrlarda atamın canlı hərəkətlərini, danışığını, bəstələdiyi musiqini pianoda ifa edərək onun sözlərini özü səsləndirməyi mənim üçün çox ağır keçirdi, elə bilirdim ki, o sağdır və elə indicə mənimlə söhbətləşəcək, mənə xoş nəvaziş göstərəcək, həmişə-sağlığında olduğu kimi...

Sizin musiqişünas kimi yetişməyinizdə atanızın rolu və ya təsiri olubmu? Musiqi duyumunuzda eynilik və ya oxşarlıq varmı, yoxsa fərqlər mövcuddur?

Mənim musiqişünas kimi formalaşmağımda, hazırda pensiyada olan və uzun illər Bülbül adına orta ixtisas musiqi məktəbində musiqi nəzəriyyəsi üzrə müəllim işləmiş anam Cəmilə xanımın rolu daha çıx olmuşdur desəm, bu düz olardı. Mən əslində atam kimi bəstəkar olmaq istəyində idim. Ancaq anam musiqişünaslığın əsl qadın sənəti olduğunu mənə təqlid etdikdən sonra, mən bu yolu seçməyə şüurlu şəkildə qərar verdim.

O ki, qaldı istedada, atam məndən çox istedadlı idi, bu mənim səmimi sözümdür.

Həm bəstəkar qızı olaraq, həm də əvvəllər bəstəkar olmaq istəyində olan Ceyran xanım qabiliyyətini bəstəkar qismində heç sınamayıb ki?
Heç vaxt sınamamışam və ümumiyyətlə bu barədə fikirləşməmişəm də? Babab yazıçı-dramaturq, atam bəstəkar, anam musiqi nəzərriyəçisi, mən musiqişünas, ailə səcərəmizdə ikinci Əfşan-qızım isə “İdarəetmə Akademiyası”nın məzunu olaraq beynəlxalq münasibətlər üzrə mütəxəssisdir. Tək-tək hallarda ata (ana) və övlad eyni sahənin mütəxəssisləri olurlar - mən musiqi aləmini nəzərdə tuturam - necə ki, ata-oğul ŞTRAUS bəstəkarlıq sənətini seçmişdilər.

Emin Sabitoğlunun elə bir əsəri (mahnısı) varmı ki, o əsər hələ də səslənməmiş qalmışdır?

Bu mənə məlum deyil. Yuxarıda qeyd edildiyi kimi, onun dünyasını dəyişməmişdən əvvəlki son altı illik həyatı bizim ailədən kənar, Türkiyədə keçmişdir. O, ildə cəmi iki dəfə Bakıya gəlirdi. Ona görə də onun səslənməmiş əsərlərinin olub-olmaması barədə ancaq onun ikinci həyat yoldaşı məlumatlı ola bilər.

Təkcə onu deyə bilərəm ki, atam Cəfər Cabbarlının sözlərinə bəstələdiyi “Olmazdı” adlı mahnısını muğənni Azər Zeynalova təqdim etsə də, bu mahnı onun ifasında atam dünyasını dəyişdikdən sonra səslənmişdir.
Emin Sabitoğlunun əsərlərinin təsnifatını tərtib etmək, onun əsərlərinin bir külliyat halında nəşr olunaraq işıq üzü görməsi, onun haqqında elmi monoqrafiya yazmaq sahəsində səyləriniz varmı?

Düzünü deyim ki, belə bir təsnifat yoxdur və onun əsərlərinin külliyyatının nəşri ətrafında da hələlik bir iş getmir. Mənə belə gəlir ki, bütün bunlar təkcə mənə aid deyil. Emin Sabitoğlu kimi sənət adamlarına diqqət, qayğı və əlbəttə ki, onların əsərlərinin təbliğ olunması və gələcək nəslə çatdırılması istiqamətində aparıla biləcək işlər müvafiq dövlət qurumlarının imkan və səlahiyyətlərinə aiddir.

O ki, qaldı yazıya, hələ sağlığında atam özü məndən onun haqqında elmi tədqiqat yönümlü bir kitab yazmağımı istəmişdi. Mən bu monoqrafiyanı yazmaq üçün hazırda müxtəlif arxivlərdə işləyir, lazımı materialları toplayıram. Yəqin ki, yaxın gələcəkdə bu yazını Enin Sabitoğlusevərlərə təqdim edə biləcəyəm.

Ceyran xanıma ünvanladığım növbəti - “Bir musiqişünas olaraq Emin Sabitoğlunun yaradıcılığını (stilini) həmkarlarından kiminləsə müqayisəyə gətirə bilərdinizmi?” - sualıma, onun Emin Sabitoğlunu korifey sənətkarımız, bəstəkar Tofiq Quliyevlə müqayisə edə biləcəyini deyərkən, dəftərimdə əvvəlcədən yazdığım eyni cavabı ona göstərəndə, gülərək başı ilə bir daha eyni cavabımızı təsdiq etdi.

Ceyran xanım davam edərək onu da dedi ki, atamla Tofiq Quliyev (1917) arasında iyirmi ilə qədər yaş fərqi olsa da, onlar çox yaxın, səmimi dost idilər. Tofiq əmi atamın 60 illik yubileyində (1997) çıxış edərək dedi ki, “Emin, bu yaxınlarda mənim mahnını sənin adınla elan etdilər, mən bununla fəxr edirəm”.

Tofiq əmi ilə atam bir-birilərinə çox bağlı adamlar idilər. Onlar bir-birilərini çox istəyirdilər. Hətta dünyalarını da 50-60 gün fərqi ilə dəyişdilər - əvvəlcə Tofiq əmi, sonra isə atam.

Emin Sabitoğlu elə bənzərsiz bəstəkarlardandır ki, onun qələmindən notlara hopmuş hər mahnı tez bir zamanda populyarlıq qazanırdı və hətta çox muğənnilərin repertuarının böyük hissəsini təşkil edirdi.

Bugünkü “mahnı bolluğu” məkanında, Emin Sabitoğlunun mahnıları yəqin ki, - zövqümüzün korlanmasından - küçə mahnılarının “kölgəsində” qalır.
Emin Sabitoğlunun irsinin, onun əsərlərinin təbliği ilə bağlı bir mərkəzin yaradılmasına ehtiyac dumursunuz və onun mahnılarının davamlı şəkildə efir dövriyyəsində olması üçün hansı işləri görmək lazımdır?

Bilirsinizmi, bizim çox böyük, korifey bəstəkarlarımız, o cümlədən də Fikrət Əmirov, Qara Qarayev, Cahangir Cahangirov, Oqtay Kazımov, Hacı Xanməmmədov,.. olub və bu gün də var. Mən hesab edirəm ki, bu bəstəkarların hamısının belə diqqətə ehtiyacları var və onlar bu diqqətə layiqdilər, təbii ki, Emin Sabitoğlu da bu sıradan.

Atanızı xatırlayarkən ən çox onun hansı mahnısını züm-zümə edirsiniz?

Əhvalımdan asılı olaraq, onun müxtəlif çalarlı mahnıları dilimə gəlir.

Emin Sabitoğlunun ev muzeyi təşkil olunubmu?

Xeyir, hələ təşkil olunmayıbdır.

Emin Sabitoğlunun həyat və yaradıcılığı gənc alimlər, ümumiyyətlə elmi ictimaiyyət tərəfindən tədqiqat obyektinə cevrilibmi, kimsə bu barədə elmi iş yazıbmı və ya yazırmı?

Xeyir, bu istiqamətdə hələ ki, iş getmir, bu məsələnin gələcəkdə gündəmə gələcəyinə isə inanıram.

Yuxarıda qeyd etdiyim kimi, mən onun həyat və yaradıcılığı barədə monoqrafiyanın üzərində işləyirəm. Bundan başqa, bu ilin (2012) mart ayinda müdafiə etdiyim doktorluq işimin bir bölməsini Emin Sabitoğlunun yaradıcılığına həsr etmişəm.

02 noyabr 2012-ci il - Emin Sabitoğlunun 75 illik yubileyi. Bu tarixi günün keçirilməsi ilə bağlı nə deyə bilərsiniz? Yubiley tədbirləri gözlənilirmi?
Emin Sabitoğlunun 75 illik yubileyi ilə bağlı Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Azərbaycan Respublikasının Xalq artisti Firəngiz xanım Əlizadənin təşəbbüsiyə noyabrın birinci ongülüyündə adı çəkilən qurumun konsert zalında tədbir keçirilməsi nəzərdə tutulur ki, elə Sizi də bu başdan həmin tədbirdə iştirak etməyə dəvət edirəm.

Ceyran xanım, son olaraq, yazacağım bu yazıda Emin Sabitoğlu ilə bağlı hansı məqamların daha çox işıqlandırılmasını tövsiyyə edərdiniz?
Yeganə olaraq, onun yaxın dostları - Anarın, Vaqif Səmədoğlunun, dünyalarını dəyişmişlərdən Tofiq Quliyevin, Tofiq Kazımovun, Rasim Ocaqovun, Rüfət Əhmədzadənin, Araz Dadaşzadənin,.. adlarını qeyd eləsəydiniz mənim ürəyimcə, atamın isə ruhu şad olardı...

Emin Sabitoğlu 1994-cü ildən, ömrünün son günlərinədək İstanbul Texniki Universitetinin “Xalq Musiqisi Konservatoriyası”nda fəaliyyət göstərməklə, tələbələrinə dünya musiqi örnəkləri ilə yanaşı, Azərbaycan bəstəkarlarının da əsərlərini tədris etmiş, onları notlar və disklər vasitəsilə milli musiqimizin ən yüksək bədii keyfiyyətlərə malik nümunələri ilə tanış
etmişdir.

O, 18 noyabr 2000-ci il tarixdə ürək tutmasindan qəflətən Bakida vəfat etmiş və ikinci fəxri xiyabanda dəfn edilmişdir.

Əməkdar incəsənət xadimi, Azərbaycan respublikasının Xalq artisti, professor, Dövlət Mükafatı laureatı, “Şöhrət” ordenli ünlü bəstəkarımız Emin Sabitoğlunun 75 illik yubileyi astanasında onun yeganə övladı, sənətşünaslıq doktoru Ceyran xanım Mahmudova ilə olan söhbətimiz bax beləcə bitdi.

Mən isə sonda gənc bəstəkarlarımızı Emin Sabitoğlu məktəbini, onun irsini dərindən öyrənməklə, sənətlərini daha da mükəmmələşdirməyi, gənc müğənnilərimizə isə daha tez tanınan, sevilənlərdən olmalarını istəyirlərsə Emin Sabitoğlu mahnılarından uzaq düşməməyi tövsiyyə edir və bu yazımı bəstəkara ünvaladığım şeirimlə bitirirəm.

Bir yanın “Böyük bəy”, qanında, qanı,
Olubdur sonuncu İrəvan xanı-
ulu nənən olub qızı - Əfşanı,
Davamlı nəslin var, olasan əmin,
Sabit oğlu Emin.

Sən Sabit Rəhmanın sənət qalası,
Afətlə Gültəkin - cüt qız balası.
Bəy qızı İsmətdir “üç”lük anası-
tapdın musiqidə hər sözün çəmin,
Sabit oğlu Emin.

On il Cəmiylənlə oturdun qoşa,
Kükrədi sevginiz dolduqca yaşa.
Doğuldu tək balan, Ceyran-tamaşa-
qoydun atalığın indi təməlin,
Sabit oğlu Emin.

O Əfşan nənəndən - nəvən Əfşana,
Yol gəlib bir əsr - dönüb zamana.
Ucaldın göylərə, doldun ad-sana-
düşmüsən tarixə, qalıb əməlin,
Sabit oğlu Emin.

Şövkətin səsində dindi “Dərələr”,
“Ağ çiçək” boylandı - açdı səhərlər.
“Ayrılma məndən”i dilnən deyərlər-
dəryada lövbərin salıbdır gəmin,
Sabit oğlu Emin.

“Bağışla”, “Bu gecə”, “Axtar sən məni”,
Yorubdur “Kəpənək” qoca Mirzəni,
Azər haraylayır bax, “Şükriyyə”ni-
“Gəncədən gəlirəm”, hava səp-sərin,
Sabit oğlu Emin.

“Özümdən küsərəm, səndən küsmərəm”,
“Gilavar” “Dağlar”a - deyir əsmərəm.
“Uzaq yaşıl ada”, ümid kəsmərəm-
“Təkçə ümid qalsın”, qalmasın qəmin,
Sabit oğlu Emin.

Olub dil əzbəri “Sən bağışladın”,
“Əlvida” söyləyib, “uydun”, qoşmadın.
75 yaşına şeir başladım-
Fəxrəddin Meydanlı çərtdi qələmin,
Sabit oğlu Emin.

Fəxrəddin MEYDANLI