• çərşənbə, 24 Aprel, 15:12
  • Baku Bakı 27°C

Bahar Muradova: “Ceyms Uorlikin yanaşması normaldır”

08.05.14 14:43 1439
Bahar Muradova: “Ceyms Uorlikin yanaşması normaldır”
“Mən düşünürəm ki, Ceyms Uorlikin təklifləri ABŞ-ın münaqişəyə yanaşmasını ortaya qoyur. Ümumilikdə hesab edirəm ki, normal yanaşmadır və bu məsələdə ABŞ-ın mövqeyinin daimi olacağına inanmaq istəyirəm”.
Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Milli Məclisinin sədr müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib.
ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Dağlıq Qarabağ probleminin həlli ilə bağlı açıqladığı 6 prinsipə münasibət bildirən B. Muradova qeyd edib ki, bu məsələlər barədə əlbəttə ki, Azərbaycanın da mövqeyi var və danışıqlar prosesində bunu ortaya qoyur: “Ətraf rayonların Azərbaycana qaytarılması, Laçın dəhlizi barədə onun fikirləri danışıqlar prosesinin nədən ibarət olduğu haqqında ümumi təsəvvür yaratmağa imkan verir. Xüsusilə Ceyms Uorlikin beynəlxalq təhlükəsizlik məsələlərinin təmin olunması barədə fikirləri də var. Biz bilirik ki, ərazi bütövlüyü və millətlərin öz müqəddəratını təyinetmə prinsipinin Helsinki Yekun Aktının prinsipləri içərisində öz ardıcıllığı var. Öz müqəddəratını təyinetmə ərazi bütövlüyünə qarşı yönəlməmək şərti ilə reallaşdırıla bilər. Ona görə də bu balansı gözləməklə, əgər ABŞ bu məsələnin həllində mövqeyini saxlayacaqsa, bundan irəli gələn konkret addımları da bəyan edəcəksə, yalnız onda sülhə yaxınlaşmaq olar. Bu gün əgər Uorlik onun həmsədrliyinə qarşı yönələn tənqidləri aradan qaldırmaq məqsədilə yox, beynəlxalq hüququn təhlükə altında olduğunu nəzərə alaraq ABŞ-ın super dövlət kimi tədbir görmək istiqamətində mövqeyini ortaya qoyursa, bunun müəyyən nəticə verəcəyinə inana bilərik”.
B. Muradova C. Uorlikin bəzi təkliflərinin Ermənistanda etirazla qarşılanacağını vurğulayıb: “Təbii ki, Ermənistanda bir çox məsələlər süngü ilə qarşılanacaq və artıq qarşılanıb. Çünki Laçın dəhlizi ilə bağlı məsələlər, Azərbaycanın müstəqil və suveren hüquqlarının qorunması və ermənilər üçün təhlükəsizlik zolağı sayılan rayonların geri qaytarılması, insanların status həll olunana qədər o əraziyə qaytarılması ermənilər tərəfindən birmənalı olaraq müsbət qarşılanmır. Onlar hər vəchlə danışıqlar prosesini uzatmaqla bunun reallaşmasına mane olurlar. Mən əminəm ki, onlar bununla bağlı etirazlarını bildirəcəklər”.
banner

Oxşar Xəbərlər