Bahar kitabları
Bu yaz nəşri gözlənilən debüt əsərlər artıq rəflərdə
yerini alıb. "Guardian”ın ədəbiyyat redaktorları bu yaz oxucuları
həyəcanlandırmağı hədəfləyən imzaları araşdırıb. Roman, siyasi nəsr, elmi
hekayə, qrafik hekayə və digər janrlar üzrə iddialı yazarların geniş analiz
edildiyi məqalənin orijinal versiyasını dərginin elektron səhifəsindən "Fresh
voices” sərlövhəsi ilə axtara bilərsiniz. Biz isə sizə bu siyahını qısa formada
təqdim edəcəyik.
Bu yaz bədii nəsrin iddialı əsərlərindən
"Dostlarla söhbət”in ("Conversations with friends”) müəllifi Selli Runinin yeni
romanı yüksək satış göstəriciləri vəd edir. İrlandiyalı gənc yazarın "dünyanın
iddialı yeni imzaları” siyahısında Qay Qunaratne kimi video-reportyor-yazar
rəqibi var. Bu janr üzrə uğurlu müəlliflər arasında kanadalı yazar Devid
Çariandi, amerikalı Cessi Qrinqras və britaniyalı Eli Vilyamsın da adı çəkilir.
"Robot olmaq” ("To be a machine”)
romanı ilə ötən ilin ən yaxşı "siyasi roman” yazarlarından biri kimi
dəyərləndirilən Mark O’Konel bu il də elə həmin janr üzrə iddialı
yazarlardandır. Əsərlərinin satışından həmişə gözlənilməz yüksək məbləğlər
qazanan Vilyam Devis də bu siyahıdadır. Bu il debüt əsəri ilə britaniyalı yazar
Reni Eddo-Locun performansı maraqla gözlənilir. Bu siyahıda Reninin həm
rəfiqəsi, həm rəqibi Suzi Hansen də var.
Dünya poeziyasında bu il "ilin
çoxsatılanı” siyahısına liderliyə zimbabveli şair Kayo Çinqonyi və Hannah
Sullivanın debüt topluları iddialıdır. Bu siyahıda Riçard Osmond, Tara Bergin,
Oşn Vunq kimi peşəkarlar da yer alıb.
Qrafik hekayə janrında bu il debüt
əsərlər arasında diqqət çəkəni olmasa da, uğurlu müəlliflər siyahısında yer
alanların hamısı demək olar ki, gənc nəslin nümayəndələridir – Kirsten Radke,
Hamiş Stil, Nik Drnaso, Emil Ferris və s.
Ən yaxşı triller müəllifləri siyahısına
isə ötən il "Təbiətin gücü” ("Force of nature”) romanı ilə dəfələrlə tirajlanan
milyonlarla dollar gəlir götürən Ceyn Harper başçılıq edir. Bu siyahıda da
Cozef Noks, Co İd, Sabri Lutah kimi uğurlu gənc yazarlar yer alıb.