• çərşənbə, 24 Aprel, 18:57
  • Baku Bakı 23°C

Baham adalarında Azərbaycanın cüdo tarixinə düşən gənc - Portret

05.01.19 10:30 3200
Baham adalarında Azərbaycanın cüdo tarixinə düşən gənc - Portret
Parlaq səhifələrlə zəngin olan Azərbaycan cüdosunun tarixinə, ötən ilin oktyabr ayında daha bir əlamətdar hadisə yazıldı. Belə ki, Baham adalarının paytaxtı Nassauda baş tutan dünya birinciliyində bir çəki dərəcəsinin həm qızıl, həm də gümüş medala həmyerlilərimiz sahib çıxdılar. 55 kq-da mübarizə aparan Rövşən Əliyev və Balabəy Ağayev ölkə cüdosunda bir ilkə imza atıb, tatamidəki gücümüzü növbəti dəfə dünyaya nümayiş etdirdilər.

Bu yazıda sizi, dünya çempionu Rövşənlə yaxından tanış edəcəyik.
"Olimpiya çempionu olacağam"
Rövşən Kamil oğlu Əliyev 13 fevral 1999-cu ildə Sumqayıtda dünyaya göz açıb. Ziyalı ailənin ən kiçik üzvü olan Rövşən, anasının təhsillə bağlı təkidlərinə rəğmən, atasının dəstəyi ilə lap kiçik yaşlarından idmana meyllənib. Bu həvəs də sırf cüdo növü ilə bağlı olub. Onun cüdo sevgisinin nədən qaynaqlandığını anlamaq çətin deyil. Məşhur Rəcəblilər nəslinin, ikiqat paralimpiya çempionu İlham Zəkiyevin, o cümlədən ölkə idmanında müəyyən iz qoymuş digər tatami ustalarının yetişdiyi "gənclik şəhəri"ndə, sirr deyil ki, cüdo ən populyar növlərdən biridir.

Elnur Məmmədlinin Pekin olimpiadasındakı fantastik çempionluğu, o dövrdə cüdo zallarına qədəm qoyan bütün uşaqlar kimi, onun da stimulunu birə yüz yüksəldib. Hətta Rövşənə "böyüyəndə kim olacaqsan" sualını verənlər, "Elnur Məmmədli kimi olimpiya çempionu olacağam" cavabını eşidiblər.

9 yaşından Emin Mütəllimovun rəhbərliyi altında hazırlıqlara başlayan Əliyev, açıqlamaq istəmədiyi səbəblərə görə, il yarım sonra məşqçisini dəyişməli olub. İlham Məmmədovun yanında məşqlərini davam etdirən qəhrəmanımız, bu günədək onunla birgə çalışır.

İlk illərdə çəki azlığından əziyyət çəkib. Fiziki cəhətdən zəif təsir bağışladığından, İlham Məmmədov onu bir ara üzgüçülüyə də göndərib.
Zaman keçdikcə, minimal çəki dərəcəsinə uyğunlaşan Rövşən, çox keçmir ki, ölkədaxili yarışlarda nəticələr göstərməyə başlayır. 2014-cü ildə yeniyetmələrin respublika birinciliyində 46 kq-da qızıl, bir il sonra isə 50 kq-da gümüş medalı boynundan asır.

Avropa fatehi
2016-cı ildə də ölkə birinciliyində baş mükafatın bir addımlığında dayanır. Bununla belə, qitə arenalarında öz çəkisində yer alan bütün yerli cüdoçuları geridə qoyur. Fevralda İspaniyada, martda Türkiyədə, mayda isə Polşada baş tutan Avropa kuboku yarışlarında heç bir rəqibinə seçim yeri buraxmır.
Zəfər yürüşünün davamı isə Finlandiyada gəlir. Vantaa şəhərində keçirilən qitə birinciliyində o, əvvəlcə ermənistanlı Qaspar Hayrapetyanı, ardınca rumıniyalı Paul Onofreyi yolundan uzaqlaşdırmaqla, yarımfinala adlayır. Komanda yoldaşı Rəşxan Baxşəliyevin də müqavimətini qıran Əliyev, macarıstanlı Çanad Feçko ilə final görüşündə də sayıqlığı əldən vermir.

Bunu da vurğulayaq ki, onun nəticəsi oğlanlardan ibarət millimizin sonda ilk "üçlük"də qərarlaşmasında həlledici rol oynayır.
Növbəti ildən gənclər kateqoriyasında çıxış etməyə başlayan Əliyev, çıxış etdiyi ilk yarışda - ölkə birinciliyində çempion olmaqla, iddiasını ortaya qoyur. Lakin iki ay sonra Sankt-Peterburda baş tutan ilk Avropa kuboku yarışında mükafatçılar sırasına düşə bilmir. İyunda Almaniyada keçirilən analoji yarış da uğursuz alınır. Cəmi bir ay sonra isə gənclərin sözügedən turnirində medal hesabını açır. Çexiyada təşkil olunan Avropa kubokunda finaladək irəliləyən Əliyev, Rəşxan Baxşəliyev səddinə "ilişir".

Ümumilikdə, il beynəlxalq arenada yalnız bu nailiyyətlə yadda qalır, nəticədə, Avropa və dünya birinciliklərinə gedən yol üzünə bağlanır.

Yuxu kimi il
2018-ci il uğurlu start götürməsə də, hadisələr fərqli məcrada cərəyan edir. Ölkə birinciliyinin finalında Balabəy Ağayevə yenilən Rövşən, apreldə İtaliyada baş tutan Avropa kubokunda Rəşxan Baxşəliyevə məğlub olmaqla, sonda üçüncü olur. Cəmi bir həftə sonra isə Rusiyada keçirilən analoji yarışın həlledici görüşünə vəsiqə qazanan Əliyev, Balabəydən revanş alaraq, gənclər arasında ilk dəfə Avropa kubokunun "qızıl"ına sahib çıxır.

İl sadəcə, mükəmməldir, uğurların ardı-arası kəsilmir. Rövşən, Avstriyada təşkil edilən qitə kubokunda ikinci olur, Praqada isə yenidən finalda Balabəyi üstələyərək, ikinci qızıl medalı kolleksiyasına daxil edir. Berlində üçüncü nəticə göstərən qəhrəmanımız, sentyabrda Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında gümüş medal qazanır.

Belədə, Əliyev, Baham adalarına çəkisinin əsas favoritlərindən biri kimi yola düşür. Əsas maneəsi isə şübhəsiz ki, son Yaponiya çempionu Handa Hayate idi. Yaponiya cüdo məktəbinin qüdrətindən əlavə, heç vaxt üz-üzə gəlmədiyi rəqibinə nabələd olması da yığmamızın məşqçilərini qayğılandırırdı.
İlk mərhələdə Macarıstan cüdoçusunu üstələyən Rövşənin, Hayate ilə 1/4 final görüşü gözlənildiyi kimi, olduqca gərgin alınır. İki "şido" cərimə xalı ilə geri düşən Əliyev, bununla belə, soyuqqanlılığını əldən vermir. Nəticədə, qarşılaşmanın sonlarına yaxın, rəqibini qəfil əks-hücumda yaxalayaraq, kürəyini tatamiyə vurur. Yarımfinalda qırğız rəqibini də yolundan uzaqlaşdıran Rövşən, yuxarıda qeyd etdiyimiz kimi, gərgin mübarizə şəraitində keçən tarixi Azərbaycan finalından da qalib ayrılan tərəf olur.

Azərbaycan cüdosu tarixinə gənclər arasında dünya çempionatının dördüncü qalibi kimi düşən Əliyev, həm də öz çəkisində bu titula sahib çıxan ilk tatami ustasıdır.

Hədəf böyükdür...
Ötən ilin son yarışı isə böyüklərin Azərbaycan çempionatı idi. Gərgin rəqabət olan 60 kiloqram çəkidə debüt edən Rövşən, yekunda üçüncü nəticə göstərdi. Bununla da o, cari ildən əsas yığmanın heyətinə cəlb olunub. Qarşısına Tokio olimpiadasına lisenziya qazanmaq vəzifəsi qoyan qəhrəmanımız, ilk fürsəti - fevralda İsraildə təşkil olunacaq Qran-pri yarışını lazımınca dəyərləndirməlidir. Mükafatçılar sırasında yer alacağı təqdirdə, yığmanın heyətində möhkəmlənib, növbəti yarışlarda xallarının sayını artıracağı gözləniləndir.

Yaşı, cari ildə də gənclərdə çıxış etməyə imkan versə də, o, bütün diqqətini böyüklərin yarışına yönəltmək istəyir. Həm özü, həm də şəxsi məşqçisi hesab edir ki, iki cəbhədə döyüşmək, istənilən effekti verməyəcək.

Döyüş tərzi
Solaxay döyüş tərzi ilə seçilən Rövşənin, hər bir cüdoçu kimi "kral" fəndləri var. Bunlar "osoto qari" - arxaya badalaq və "uçi mata" - içəridən tutmadır. Soyuqqanlılıq isə əsas silahıdır. Karyerasına nəzər saldıqda, görürük ki, dəfələrlə görüşün gedişində geri düşsə də, sonradan vəziyyəti xeyrinə dəyişməyi bacarıb.

Tadahiro Nomura, Şohey Ono, Naohisa Takato kimi dünya şöhrətli yaponiyalı cüdoçuları örnək seçən Əliyev, tez-tez onların döyüşlərinin videoyazılarını izləyir, özü üçün qeydlər götürür. İdmandankənar maraqları olmadığından, bunu onun əsas hobbisi də adlandıra bilərik.

2016-2017-ci illərdə "Qəbələ" klubunun şərəfini qoruyan qəhrəmanımız, bir ildir ki, "Gömrükçü"nün üzvüdür.

Valideynləri və böyük bacıları ali təhsilli olan Rövşən, ailədəki bu ənənəni də davam etdirir. Belə ki, o hazırda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının üçüncü kursunda təhsil alır.

Portret

Qərara gəldik ki, portretini, uğurlarının əsas memarının mövqeyi ilə müəyyənləşdirək. Həm də gənclərdən ibarət yığmamızın məşqçilər korpusunda yer alan İlham Məmmədovun fikirlərini təqdim edirik: "Fiziki cəhətdən elə də güclü deyil. Texnikası, cəldliyi də ideal səviyyədən uzaqdır. Amma olduqca ağıllı, soyuqqanlıdır. Tələsmir, atacağı addımı ətraflı götür-qoy edir. Mən döyüş tərzinə görə, onu, yeganə dünya çempionumuz Elxan Məmmədova bənzədirəm.

Məsuliyyətli idmançıdır. Rejiminə diqqət edir, məşqlərdən heç vaxt yayınmır. Yüksək templə irəliləməsi də məhz bu xüsusiyyətlərinə görədir. Böyüklərin yarışında yeni olsa da, onu Tokio olimpiadasına lisenziya uğrunda mübarizədə hesabdan silmək olmaz. Hər an hər şey edə biləcək potensiala sahibdir".

Sahib

banner

Oxşar Xəbərlər