• çərşənbə axşamı, 23 aprel, 21:42
  • Baku Bakı 20°C

Bahalı maşın almaq övladı sevmək göstəricisi deyil

24.04.14 08:51 1598
Bahalı maşın almaq övladı sevmək göstəricisi deyil
“Ölkədə baş verən yol-nəqliyyat hadisələrinin 25 faizi sürücülük vəsiqəsi olmayan şəxslər tərəfindən törədilir. Ötən il 18 yaşı tamam olmamış, özünü sürücü adlandıran, lakin sürücülük hüququ olmayan şəxslər tərəfindən törədilən hadisələr nəticəsində 21 nəfər ölüb. Valideynlər buna diqqəti artırmalıdırlar. Gənc övladına avtomobil alırlar. Övlad gecə saat 3-4-ə kimi evə gəlmir. Bu valideyn düşünmürmü ki, oğlum indiyədək haradadır? Bu insanlar gedib ötüşmə ilə məşğuldurlar, avtoxuliqanlıq edirlər, sərxoşluq edirlər”. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəisi, polis general-mayoru Ramiz Zeynalovun mətbuata səsləndirdiyi bu fikirlər xüsusən son aylar ölkədə yol hərəkəti qaydalarının kobud şəkildə pozulması, ölümlə nəticələnən qəzaların baş verməsi, bir qrup məmur övladının avtoxuliqanlığı ilə bağlı mənzərəni real əks etdirib. BDYPİ rəisi bu məsələdə övladlarına avtomobil hədiyyə edən valideynləri məsuliyyətli olmağa çağıraraq “Yollarda ötüşmə ilə məşğul olan, avtoxuliqanlıq edən gənclərin məsuliyyətsiz hərəkətləri ictimaiyyətin qınağına çevrilməlidir. Belə olmasa, təkcə polislə bunun öhdəsindən gəlmək, onları tənzimləmək olmaz”- deyə bildirib.
Qeyd edək ki, Bakıda bəzi məmur və imkanlı şəxslərin övladlarının “avtoş”luğu hobbiyə çevirərək bədbəxt hadisələrlə nəticələnən qəzalar törətmələri, insanlara faciəli anlar yaşatmalarının acı nəticəsi keçən ay özünü Xalq artisti Ağasəlim Abdullayevin ailəsinin başına gələn faciədə bir daha göstərdi. Belə ki, Suraxanı rayonu Zığ şosesində Xalid Mədətovun törətdiyi qəza nəticəsində Xalq artistinin həyat yoldaşı və azyaşlı nəvəsi hadisə yerində faciəli şəkildə həlak oldu. Ağasəlim Abdullayev və gəlini Səadət Abdullayeva isə xəstəxanaya yerləşdirildi. Qəzanın səbəbkarı - sərxoş sürücü Xalid Mədətov həbs edildi, atası - Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin sədr müavini Mübariz Mədətov da vəzifəsini itirdi.
Bu yaxınlarda polis əməkdaşı Tural Həsənovun “BMW X6” avtomobili ilə Zığ şossesində avtoxuliqanlıq etdiyinə görə 20 sutka azadlıqdan məhrum edilməsi və polis orqanlarından azad edilməsi ilə bağlı məlumatlar yayıldı. Onun yarışdığı digər avtoxuliqan, dostu Rahib Abdulbağırov isə 15 sutkalıq həbs edildi. O cümlədən, T.Həsənovun atası Dövlət Gömrük Komitəsinin (DGK) Yevlax Gömrük İdarəsinin rəisi Əliməmməd Həsənov vəzifəsindən azad edildi.
Ölkə başçısı İlham Əliyevin avtoxuliqanlara qarşı ciddi ölçü götürülməsi barədə tapşırığı cəzaların və nəzarətin daha da sərtləşdirilməsini tələb edir. Ancaq avtoxuliqanlıq edənlərin, müşahidə kameraları qarşısında sürət həddini aşanların, insanlara faciə yaşadanların və bəzən özləri də bu faciələrin qurbanı olanların törətdikləri hadisələr tez-tez təkrarlanır.
Səbəb nədir? Bu sualla müraciət etdiyimiz ekspertlərin fikirlərini mövcud problemin həlli istiqamətində cəmiyyətə önəmli ismarıc kimi də dəyərləndirmək olar.
Millət vəkili Çingiz Qənizadə məsələ ilə bağlı “Kaspi”yə açıqlamasında bu cür hadisələrin baş verməsini insanların harınlığı ilə əlaqələndirib: “Özünü başqalarına göstərmək, digərləri ilə müqayisədə avtomobilinin daha bahalı olması ilə üstünlük əldə etməyə çalışmaq, başqa imkanlı şəxslərlə bəhs edərək özünü onlardan fərqləndirmək - hamısı tərbiyədən irəli gəlir. Düzdür, elə məmurlar var ki, biz onların övladlarının adını ehtiramla çəkə bilərik. Amma bəzən hansısa bir yerdə pul qazanan biznesmen, ev tikən, haradasa rəis işləyən və ya nazir müavini olan bir şəxsin öz övladı ilə arasındakı münasibət, onların kifayət qədər tərbiyələnməməsi bu cür hallara gətirib çıxarır. Valideyn övladının könlünü xoş etmək üçün bahalı maşın alıb və ya dəblə geyindirib küçəyə buraxmaqla vəzifəsini yerinə yetirmiş hesab edir. Əslində bu, onun tərbiyəsinin pozulmasının göstəricisidir”. Millət vəkili qeyd edib ki, hər bir valideyn övladına gözəl savad verməli, onu daima nəzarətdə saxlamalıdır: “Məsələn, gecə saat 2 və ya 3-də kiminsə oğlu maşınla küçələrdə xuliqanlıq edir, gününü barlarda keçirir və valideyn də evində rahat yata bilir. Bunların hamısı tərbiyədən irəli gəlir. Övladı və ya nəvəni sevmək ona bahalı maşın almaq demək deyil. Uşağa tərbiyə, təhsil vermək, onu vətənə layiqli övlad kimi yetişdirmək, ətrafında gözəl insanların olmasına çalışmaq lazımdır. Yoxsa hərəsi 150 min manatlıq maşınla aeroport yolunda və digər prospektlərdə ötüşür, avtoxuliqanlıq edirlər». Hüquq müdafiəçisi problemin həll olunmamasında cəzasızlıq amilinin də rol oynadığını bildirib: “Amma artıq məsələ ilə bağlı ölkə rəhbərinin mövqeyi də bəllidir. Xalq artisti Ağasəlim Abdullayevin ailəsinin başına gələn hadisədə məmur övladının hərəkəti cəzasız qalmadı. Özü həbs edildi, atası da vəzifədən götürüldü. Bununla belə cəzasızlıq var. Bunlar aydınlaşmalı və hadisəni törədən avtoxuliqandırsa cəzalanmalıdır”. Millət vəkili qeyd edib ki, Milli Məclisin İnzibati Xətalar Məcəlləsində etdiyi dəyişikliyə görə, qaydaları pozan şəxslər il ərzində təkrar avtoxuliqanlıq edirlərsə, iki aya qədər həbs cəzasına məhkum olunmalıdırlar. “Onlar sürücülük hüququndan məhrum edilməlidirlər. Çox istərdim ki, bu cür adamlar saxlanılarkən polis əməkdaşları hansısa “zəng” əsasında onlara güzəşt etməsinlər. Çünki bu məsələdə səlahiyyətli orqanların və ölkə prezidentinin mövqeyi məlumdur. Qoy başqaları bunu görsün və cəzasızlığın olmadığına əmin olsunlar və öz hərəkətlərini tənzimləsinlər». Millət vəkili hesab edir ki, məsələnin həllində ictimaiyyətin qınağının da böyük rolu ola bilər. “Bizdə ictimai etiraz yoxdur. İnsanlar laqeydlik edirlər. Lap elə kameralar baş verənləri çəkmir, ancaq hər kəs bu cür hadisələrlə qarşılaşırsa, özləri kameranın yaddaşına almalı, avtomaşınların nömrələrini götürməli, DYP-nə zəng edərək məlumat verməlidirlər. Çünki heç kim zamin dura bilməz ki, bu cür məsuliyyətsizliyin sonu başqa bir insanın həyatını məhv etməklə və ya kiminsə mülkiyyətinə zərər vurmaqla nəticələnməyəcək. Bu cür hallara qarşı insanlar etiraz etməlidirlər. Ona görə inzibati metodlarla bərabər ictimai qınaq olmalıdır”. Millət vəkili hesab edir ki, problemin həllində KİV-in də üzərinə məsuliyyət düşür: “Çox istərdim ki, telekanallar səviyyəsiz proqramlarından birini ixtisara salıb əvəzində maarifləndirici verilişlərə yer versinlər».
Xalq şairi Fikrət Qocanın fikirləri də hüquq müdafiəçisinin düşündükləri ilə üst-üstə düşür: “Avtoxuliqanlıq hadisələrinin hamısı harınlıqdan baş verir”. Xalq şairi hesab edir ki, hər şey ailə tərbiyəsindən asılıdır: “Dərin su sakit olur. İnsanın da dərinliyi keçdiyi yoldadır. Cavanlığın özü bir az qəza vəziyyətində yaşamaqdır. Yəni onun enerjisi içinə sığmır. Tutaq ki, cavandır, ağlı kəsmir. Bəs nə üçün valideyn həmin uşaq üçün bahalı avtomobil alır? Bu hadisələrin ən böyük səbəbkarı elə valideynin özüdür. Çünki o, övladını nəzarətdə saxlamır. Uşağı üçün bahalı maşın alıb onları “yarışa” buraxır. Həm öz uşaqlarını ölümlə oynadır, həm də başqalarının taleyinə bais olurlar. Dövlət hər bir uşağa nəzarət etməyə bir polis işçisi ayıra bilməz. Valideyn həm öz övladını qorumalıdır, həm də başqalarının taleyini. Övladı dünyaya gətirmək işin bir tərəfidir. Bundan sonra isə cavabdehlik başlayır. Uşağı böyütmək, nəzarətdə saxlamaq, düzgün tərbiyə etmək lazımdır. Amma valideynlər sanki bəhsə girirlər: «Qoy görsünlər ki, mənim uşağım hansı maşını sürür» - deyə övladları üçün ən bahalı avtomobili alırlar. Bu, dünyagörüşünün aşağı səviyyəsi olmasından irəli gəlir”.
Xalq şairi qeyd edib ki, baş verən hər bir qəzada yalnız bir tərəf ziyan çəkmir. Belə ki, insanlar yaralanır, həlak olur... “Bahalı maşınlarda avtoxuliqanlıq edənlər çörək qazanmaq dalıyca gedən hansısa bir kasıbın maşınını əzir, onu bədbəxt edir”.
Xalq şairi hesab edir ki, avtoxuliqanlıq hadisələrinin təkcə ictimaiyyətin qınağına çevrilməsi ilə bu olayların qarşısını tam almaq mümkün deyil. Belə ki, inzibati metodlara və təlim-tərbiyəyə üstünlük verilməlidir: “Daxili tərbiyəyə heç kəsin əli çatmır. Dövlət də cəzalandıra bilər. Ancaq bu da tərbiyə etmək deyil. Onlar qanundan qorxub dayana bilərlər. Amma bu qadağanı öz daxillərində yaratsalar daha yaxşı olar. Ətrafda, qohum-qonşular, tanış-bilişlər də «Uşağın həyatı bu maşından daha qiymətlidir» - deyə can yanğısı ilə onların valideynlərinə təsir etməyə çalışmalıdırlar. İnsanlar arasında münasibət də düz qurulmayıb. Birisi, avtomaşını ilə qəza törədən kimi, gedib ondan da bahalısını alır. Əgər əllərində imkan varsa, hansısa avtomobili alırlarsa, bu o demək deyil ki, başqalarının həyatına qəsd etməli, öz həyat tərzlərini başqalarına reklam etməlisən. Hər kəs özünü tərbiyə etsə, onda cəmiyyət çox yaxşı olar».
Ekspertlərin səsləndirdiyi fikirlər əslində, inzibati metodlara dəstək mahiyyəti daşıyır. Əlbəttə, valideynlər bunu qulaqardına vurmasalar!
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər