• cümə axşamı, 28 mart, 20:29
  • Baku Bakı 13°C

Badmintonun Azərbaycandakı gələcəyi sayılan gənc - Portret

27.01.18 09:00 2285
Badmintonun Azərbaycandakı gələcəyi sayılan gənc - Portret
"Həyatda mühüm olan şey qazanmaq yox, yarışmaqdır. Əsas olan qalib gəlmək yox, yaxşı mübarizə aparmaqdır”.
Bu sözlər müasir olimpiya oyunlarının qurucusu Pyer de Kubertenə məxsusdur. Vaxtilə olimpiya oyunları uzun illərdən sonra məhz bu deviz altında bərpa edilsə də, vaxt keçdikcə, qalib gəlmək hirsi bu fikri ikinci plana daşıdı. Kubertenin məşhur sözləri isə nəhəng yarışlarda çox az şansı olanların devizinə çevrildi.

Ancaq istənilən halda, bəzən nəhəng yarışlarda iştirak qələbəyə bərabər olur. Ölkəmizin olimpiya oyunlarında daim medal gözlədiyi güləş, cüdo ilə yanaşı, elə idman növləri də var ki, həmin növdə dünyanın ən mötəbər idman yarışında təmsil olunmağımız belə, qələbəyə bərabər hesab edilir.

Belə idman növlərindən biri də badmintondur. Ölkəmiz 1992-ci ildən Yay Olimpiya Oyunlarının proqramına daxil edilən, tennisə bənzəyən bu idman növündə yüksək nəticələr qazanmayıb. Ancaq badminton Azərbaycanda yaşamağa davam edir. İdmanla peşəkar səviyyədə məşğul olmağı qarşısına məqsəd qoyan azərbaycanlı gənclərin əksəriyyəti nəticə qazanmaq şansı daha çox olan fərdi döyüş idman növlərinə üstünlük verirlər. Ancaq badmintonu seçən, olimpiadalarda məhz bu idman növü üzrə ölkəni təmsil etməyi qarşısına məqsəd qoyan gənclərimiz də var. Bunlardan biri də, Cahiddir.
Məktəbdə başlayan həvəs
Cahid Əlhəsənov 1995-ci il, iyun ayının 24-də Ağsu rayonunun Kəndoba kəndində dünyaya gəlib. O, 9 yaşında olarkən ailəsi ilə Bakıya köçüb. Elə idman karyerası da məhz bundan sonra başlayıb. Cahid bir çox yaşıdları kimi nə futbola, nə də cüdo, güləş kimi döyüş idman növlərinə yazılır. O, ölkədə uşaqların nəinki yazıldığı, hətta bir çoxlarının tanımadığı badmintonu seçir. Bu idman növü kiçik Cahidin marağını məktəbdə çəkir. Belə ki, həmin vaxt onun oxuduğu məktəbdə idman müəllimi olan Cavanşir Əlizadə badminton məşqçisi kimi də çalışırdı. Bir gün Cahidin oxuduğu məktəbin idman zalında badmintonla bağlı tədbir keçirilir. O, idman zalında Əlizadənin yetirmələrinin çıxışını maraqla izləyir. Bu oyundakı texnika, sürət onun diqqətini cəlb edir. Beləcə, Cahiddə bu oyuna maraq yaranır. Onun badmintona yazılmasında isə dostu Teymur Abbasovun da böyük rolu olur. Onu ilk dəfə badminton məşqlərinə məhz Teymur aparır. Evdə badmintona yazılmaq istədiyini deyəndə, ailəsi buna qarşı çıxmır. Atası bir neçə dəfə məşqlərini izləyir və onun badminton istəyi qarşısında "yaşıl işıq” yandırılır. Badmintonla məşğul olmasının dərslərinə maneçilik törətməməsi də ailəsinin qərarına təsir edir.

Yarım il çəkən hazırlıq
Badminton kənardan göründüyü qədər də asan idman növü deyil. Bu idman növü tamaşaçılar üçün çox rahat görünsə də, adi raketkanı saxlamaqdan tutmuş, digər xırda qaydaları da mənimsəmək üçün kifayət qədər vaxt sərf edilməlidir. Cahiddə də belə olur. O, 6 ay ancaq məşqlə kifayətlənir. Yarım il sonra isə ilk yarışına çıxır. Ancaq badmintonda onun yaşıdları olmadığına görə, Cahid ilk yarışında özündən yaşca böyüklərlə, daha uzun müddət bu idman növü ilə məşğul olanlarla mübarizə aparır və 7-ci olur. Cəmi bir il sonra keçirilən yarışı isə 5-ci pillədə başa vurur. Get-gedə irəliləməsi onda bu idman növünə marağı daha da gücləndirir. Hər gün məşqlərə bir az da can yandırır, var qüvvəsi ilə çalışırdı. İdmanda məşqlərdə tökülən tər, çəkilən əziyyət mütləq meydanda öz bəhrəsini verir. Cahid də məşqlərdə çəkdiyi əziyyətin bəhrəsini meydançada görür. O, gənclər arasında Azərbaycan çempionu olur. Məşqçisi Cavanşir bəy ondakı əzmkarlığı, çalışma həvəsini dəyərləndirir və cəmi 16 yaşında olanda böyüklərin yarışına qatılmasına icazə verir. Düzü, bu qərar onun müsbət nəticələr qazanmasına mane olsa da, bir idmançı kimi möhkəmlənməsində böyük rol oynayır. Bir sözlə, uduza-uduza "bərkiyir”. Çox çəkmir ki, Cahid özündən böyüklərin yarışlarında onlarla başa-baş mübarizə aparmağa başlayır. Əvvəlcə, ilk "səkkizliy”ə düşən, gənc badmintonçu, daha sonra çempionatı "dördlük”də başa vurur. Bundan əlavə, cütlüklərin yarışında Bakı və respublika çempionatında finalda oynayır.
Danimarka təcrübəsi
Gənclər arasında ölkə çempionluğu, vaxtından 2 il öncə - 16 yaşından böyüklərin yarışında iştirak haqqı qazanması onda bu idman növündə irəliləyə biləcəyinə dair inam yaradır. Və gələcəyi ilə bağlı qəti qərar verir - badmintonçu olacağam. O, bu qərarı verən zaman orta məktəbdə son siniflərdə oxuyurdu. İdmanda qalmaq qərarı onun təhsillə bağlı da fikrini qətiləşdirir. Cahid Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olur.

Keçən il gənc badmintonçu üçün yaddaqalan oldu. Belə ki, Cahid özünü inkişaf etdirmək üçün Danimarkada fəaliyyət gösərən "BEC Mükəmməllik Mərkəzi”nə göndərilir. Azərbaycan Badminton Federasiyası yerli gənclərdən ən çox perspektiv gördüyü iki nəfəri - Cahid Əlhəsənovu və Murad Bayramovu badminton vərdişlərini inkişaf etdirmək üçün bura ezam edir. Cahid iki ay - ötən ilin noyabr və dekabr aylarında bu ölkədə hazırlıq keçir. O, Skandinaviya ölkəsinə yollandığı ilk vaxtlarda dillə bağlı müəyyən problem yaşasa da, qısa müddətdə ora alışır. Burda olan şəraitlə tanış olduqdan sonra o, badmintona bir də vurulur.
"BEC Mükəmməllik Mərkəzi” Avropa Badminton Yüksək Performans Komissiyası tərəfindən yaradılıb. Danimarkanın Holberk şəhərində yerləşən İdman Mərkəzində təşkil edilən layihənin əsas məqsədi Avropada gənclərə badmintonun sirlərini öyrətmək, onları gələcəyin ulduzuna çevirməkdir. Avropanın bir çox ölkəsindən olan gənclər müəyyən müddət ərzində bu mərkəzdə qərarlaşır və peşəkar məşqçilərin hazırladığı plan, qrafik əsasında badminton vərdişlərini daha da inkişaf etdirirlər. Əsas məqsəd isə Tokioda keçiriləcək Olimpiya Oyunlarına Avropadan daha çox istedadlı badmintonçu göndərməkdir.

Cahid iki ay bu layihənin bir parçası olur. Daha sonra ölkəmizə qayıdan Əlhəsənov, tezliklə Danimarkada öyrəndiklərinin bəhrəsini görür. Belə ki, ötən ilin sonlarında federasiya, bu ilin fevralında Rusiyanın Kazan şəhərində keçiriləcək Avropa çempionatında ölkəmiz adından yarışacaq idmançıları müəyyənləşdirmək üçün qapalı şəkildə daxili yarış keçirir. Burda 4 rəqiblə görüşün 3-də qalib gələn Cahid, Kazana yollanmağa haqq qazanan 6 badmintonçumuzdan biri olur. Fevralın 13-də başlayacaq Avropa çempionatı Əlhəsənovun bu günə kimi qatıldığı ən nüfuzlu turnir olacaq. Qitə birinciliyində 3-cü qrupda qərarlaşan komandamızın rəqibləri Lüksemburq, İslandiya və Almaniya milliləri olacaq. Ancaq bundan öncə badmintonçularımızı daha bir sınaq gözləyir. Belə ki, onlar qitə birinciliyindən öncə İranda keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər.

Əsas hədəf Olimpiadadır
Hər bir idmançının seçdiyi sahə üzrə sevdiyi, simpatiya bəslədiyi biri - kumiri olur. Cahidin kumiri isə çinli badmintonçu Çonq Lonqdur. Əlhəsənovun badmintondan başqa maraq göstərdiyi idman növü isə futboldur. O, bu yaxınlarda futbolçu karyerasını bitirən braziliyalı əfsanə Ronaldinyonun pərəstişkarıdır. Düzdü, Ronaldinyo badminton yox, futbol ulduzudur, ancaq bu amil onun Cahidin kumiri olmasına mane olmayıb. Braziliyalı futbolçudan başqa, amerikalı üzgüçü Maykl Felps də Əlhəsənovun kumirləri arasındadır.

Futbolu sevən gənc badmintonçumuzun sevimli klubu isə Ronaldinyonun uzun müddət şərəfini qoruduğu "Barselona” yox, "Bavariya”dır. Cahid vaxt tapdıqca yerli komandalarımızın oyunlarını da stadiondan izləməyə çalışır. O, futbolu təkcə izləməyi yox, oynamağı da sevir. Onun digər məşğuliyyəti isə rəsm çəkməkdir.
Gələcəklə bağlı əsas hədəfi Olimpiya Oyunlarının iştirakçısı olmaqdır.
Portret
Bəlkə də, Cahid ilk dəfə badmintonla məşğul olmağa başlayanda bu idman növündə daimi qalmağı ağlına belə gətirmirdi. Sadəcə, uşaq həvəsi onu bu idman növünün ardınca aparmışdı. Bu gün isə o, Avropa çempionatında çıxış edəcək badmintonçularımız arasında yer alacaq. Uşaq vaxtı yaşıdlarından fərqli olaraq, ölkəmizdə daha məşhur olan güləş, cüdo, futbol kimi idman növlərini yox, badmintonu seçdi. "Bu idman növünü seçməyinə peşman deyilsən ki” sualına gənc idmançının cavabı qısa oldu - qətiyyən! Bu da onun sabit və qətiyyətli olmasından xəbər verir. İdmanda xarakterin sabitliyi və qətiyyət isə vacib amil hesab olunur. Cahid bu xüsusiyyətlərini daha da cilalaya bilsə badmintonu Azərbaycanda populyarlaşdıra, bu idman növünün ulduzu ola bilər.
Elnur

banner

Oxşar Xəbərlər