• çərşənbə, 24 Aprel, 10:36
  • Baku Bakı 13°C

Bacımın səsinə həmişə qibtə etmişəm Müsahibə

26.09.13 11:22 4399
Bacımın səsinə həmişə qibtə etmişəm Müsahibə
Bu gün gündəmdə olmaq şou-biznes nümayəndələri üçün çox aktual və önəmli məsələlərdən birinə çevrilib. Ancaq bir çox ifaçılar var ki, onlar efirlərdə çox az görünsələr də, hər zaman xalqın qəlbində öz layiqli yerlərini tuturlar. Müsahibim əməkdar artist, Prezident mükafatçısı Gülyaz Məmmədova da o ifaçılar sırasındadır. Gülyaz xanım bizimlə söhbəti zamanı yaradıcılığından və keçdiyi sənət yolundan söhbət açdı. İfaçının sözlərinə görə, o, bu sənətə heç də asan gəlməyib, gənclik dövrü Qarabağ müharibəsi, “20 Yanvar” hadisələrinə təsadüf edib.
Onlarla fəxr edirəm
- Gülyaz xanım, siz hər zaman öz ifa tərzinizlə seçilmisiniz. Srağagün tamaşaçılara təqdim etdiyiniz “Şabran” klipiniz bölgələrimizin birinə həsr olunub. Bu ideya sizdə necə yarandı?
- Ötən ay Şabranda Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi tədbirə getmişdik. Orada biz Mahnı Teatrının solistləri kimi çıxış edirdik. Tədbirə gedəndə elə bildim ki, açıq havada, fonoqram oxuyacağam. Mən də getdiyim məkanda gördüm ki, canlı ansambl var. Canlı ansambl olan yerdə nə üçün canlı oxumayım deyib, diski qoydum qırağa. Düşündüm ki, fonoqram oxumağım ayıb olar (ifaçı bu yerdə mahnını canlı şəkildə ifa edir - müəllif). Tədbirdə canlı olaraq xalq mahnıları, muğamlar oxudum. Ondan bir müddət sonra Tahir Əkbərovla Novruz Novruzov mənə belə bu mahnını oxumağı təklif etdilər. Mən də böyük məmnuniyyətlə qəbul etdim. Mahnı milli üslubda yazılıb. Sonra təklif olundu ki, bu mahnıya klip çəkdirək. Əslində bu gözəl bir layihədir ki, bölgələrimiz haqqında mahnılar yazılır, kliplər çəkilir. Klip Şabranın ən gözəl yerlərində çəkildi. Hamısı bir yana, Şabranda Qalaltı qayasına çıxartdılar məni. Çox çətinliklə o qayaya çıxa bildik, anamı ağlatdılar (gülür). Qayaya alpinistlər kimi daşlardan tuta-tuta çıxırdıq. Çıxandan sonra da düşə bilmirdik. Klip çətinliklə çəkildi, sonda isə gözəl nəticə əldə etdik. Klipdə Şabranın gözəlliyi, tarixi abidələri təbliğ olunur. Şükürlər olsun ki, bölgələrimiz də günü-gündən gözəlləşir, abadlaşma işləri gedir. Bu, çox sevindirici haldır.
- İstərdim ki, yeni layihələrinizdən danışasınız.
- Biz daima yeni layihələr üzərində işləyirik. Gülyanaq “Kürdü-Şahnaz” muğamını ritmik üslubda oxudu. Bu da ustadımız Kamil Vəzirovun ideyası idi. Həmin mahnı efirdə də yayımlandı. Mən də “Çahargah” muğamını ritmik üslubda hazırlayıram. Bundan başqa, “Heyratı” muğamını ritmik formada ifa edəcəyəm. Hər kəs bilir ki, bu dəsgahlar ritmik üslubda deyil. Biz muğamı bu üslubda oxumaqla ona heç bir xələl gətirmirik.
- Gülyaz xanım, IV Beynəlxalq Muğam müsabiqəsində tələbələriniz çıxış edir. Onların ifası sizi qane edirmi?
-Əlbəttə. Ayşən Mehdiyeva və Sərxan Bünyadzadə mənim tələbəmdir. Hər ikisindən çox razıyam, hər ikisi də istedadlıdır. Hiss edirəm ki, onlar tamaşaçı istəyi qazanıblar. Bunu deməyimə ehtiyac yoxdur, çünki onların ifası göz qabağındadır. Əlimdən gələni onlar üçün etməyə çalışıram ki, yaxşı nəticəyə nail olsunlar. Mən onlarla fəxr edirəm, qürur duyuram ki, əziyyətimi yerə vurmurlar.
Bacımın fanatıyam
- Müsabiqədə tələbələrinizin ifasına münasibətdə haqsız qiymətləndirmə, ya da qınaq olubmu?
- Ümumiyyətlə, həmin müsabiqədə münsif kürsüsündə əyləşən bütün münsiflər heyətinə böyük məhəbbətim və hörmətim var. Onlar qiymətləndirmə zamanı tələbələrimə az bal veriblərsə, yəqin ki, onlarda bəyənmədikləri nə isə olub. Mən müəllimlik borcumdan çıxmışam. Ola bilər ki, canlı ifa zamanı ürəyini, səsini göstərə bilməyiblər. Mən gənclərə olan qınaqlara qarşı çıxmıram, bu, mübarizədir. Qoy münsiflər onları danlansınlar ki, həyatda öz yollarını tapsınlar. Biz də müsabiqələrdə müəllimlərimizdən danlaq götürmüşük. Səhnədə olan ifaçı daima yeni nəsə öyrənməlidir. Mən özüm indi də öyrənirəm.
- Olubmu ki, bacınız Gülyanaq xanıma qısqanclıqla yanaşmısınız?
- Olmayıb. Hər zaman Gülyanağın səsinə qibtə etmişəm. Onun gözəl səsi var. O da mənə deyir ki, sənin bəmindən yoxdur. Mən onun zənguləsinin heyranıyam. Gülyanaq oxuyan zaman sanki cəh-cəh vurur. Səsi bulaq kimidir. Ümumiyyətlə, mən Alim Qasımovun və Gülyanağın səslərinin heyranıyam. Onlarda yorulmayan, axıcı, yırtıcı bir tərz var. Onlarda olan o qırtlaq tamam başqadır. Xanəndələrimizin hamısının səsi var. Ancaq onların səsinin mənim aləmimdə yeri ayrıdır.
- Mətbuatda sizin bacınızla dalaşmağınız haqqında söz-söhbətlər gəzir. Bu doğrudurmu?
- Elə bir şey heç zaman olmayıb. Bu yaxınlarda eşitdim, deyirlər ki, bacılar saçyolduya çıxıblar. Amma qətiyyən olmayıb. Mübahisəmiz olanda da 2 dəqiqədən sonra barışırıq. Demirəm mübahisə etmirik, edirik, ancaq adi bir şeyin üsdündə. O da hamıda olur. Misal üçün, o mənə deyir ki, paltarının aşağısı batıb, gərək yuyardın, yaxud da deyir televiziyada geydiyin paltar sənə yaraşmır. Mən də zarafatla deyirəm ki, onlar özləri məni yaxşı çəkməyiblər. Eləcə, özümü təmizə çıxarıram. Yıxıram rejissorun boynuna ki, guya rejissor məni yaxşı çəkmədi (gülür).
- Gülyaz xanım, neçə illərdir sənətdəsiniz, nə üçün prodüseriniz yoxdur?
- Prodüserlə işləyəndə müğənni də rahat olur. O, pis şey deyil. Biz dövlət teatrında çalışan işçilərik. İşimiz hər zaman öz axarında gedib. Misal üçün, “Apar məni” klipimin hər şeyini özləri etdilər. “Şabran” klipi də mənə hədiyyə olundu. Amma şəxsi işləyən müğənnilər üçün konsertlər təşkil edən, onlara kömək olan biri lazımdır. Onu da prodüserlər həyata keçirir. Bizdə qastrollar olur, ona görə prodüserə elə də çox ehtiyac olmur. Prodüser lazımdır toylar üçün. Şükürlər olsun ki, toylara da dəvət alırıq. Prodüserin əleyhinə deyiləm. Dünyanın hər yerində ifaçılar prodüserlə işləyir. Müğənninin prodüseri olanda, onun bütün işlərini görür. Mənim isə hələ ki ciddi şəkildə prodüserə ehtiyacım yoxdur, hələlik hər şey öz axarında gedir.
Köhnə müsahibələrimi oxuyanda gülürəm
- Siz ən çox qastrolda olan ifaçılar sırasındasınız. Yeni səfərləriniz gözlənilirmi?
- Bəli. Qəribəsi də odur ki, səfərlərimiz çox zaman toylarımızla üst-üstə düşür. Bu, dəfələrlə baş verib. Həmin anda toylarımızı təxirə salmışıq, çünki dövlət tədbirləri mənim üçün daha önəmli olub. Bunu reklam üçün demirəm. Dövlət tədbirinə hər zaman önəm vermişik. O qədər tədbirlərə gedirdik, amma heç zaman reklam eləmirdik. Qarşıda yenə səfərlərimiz var. Zamanı gələndə mətbuata bu barədə açıqlama verəcəyik.
- Bu qədər səfərdə olursunuz, xaricdə bir çox incəsənət nümayəndələri ilə tanış olursunuz. Nə üçün əcnəbi rejissorlara klip çəkdirmirsiniz?
- Ölkəmizin çox gözəl rejissorları var. Mən onların işlərində heç bir qüsur görməmişəm. Burada yaxşı rejissor olmasa, gedib xaricdə çəkdirsəm, gəlib Azərbaycanda sübut edərəm ki, belə bir şey var. O zaman xarici rejissora klip çəkdirərəm ki, onu vətənimdə çəkə bilməsinlər. Burada yaxşı rejissor olduğu halda, nə üçün əcnəbi rejissorlara müraciət edək ki?
- Heç olubmu ki, köhnə kadrlara baxanda gülmüsünüz?
- (Gülür) Olub, niyə olmayıb ki? Köhnə kadrlara baxanda deyirəm ki, kaş bunu geyinməzdim, saçımı belə etməzdim. Ancaq o dövrdə həmin geyimlər, saç düzümləri dəbdə idi. O da olub ki, köhnə müsahibələrimi oxuyanda gülmüşəm.
Oxumağıma isə heç zaman kənardan qulaq asıb gülməmişəm. Çünki ustadımdan hər şeyi xırdalığına qədər öyrənmişəm. Ümumiyyətlə, insan özü-özünü dinləməyi bacarmalıdır. Mən yolda gedəndə özüm-özümü dinləyirəm. Səsyazma studiyasında da mahnını 4 dəfə dəyişirəm, mahnını dinləyərkən görürəm ki, burda söz vurğusu yaxşı deyil, o zaman yenidən oxuyuram. Xanəndə bunlara diqqət etməlidir. Əgər ifaçı ifa etdiyi mahnını özü bəyənməsə, kənardakı necə bəyənəcək? Mən özümü sevməsəm, kənar insanlar necə sevə bilər?
- Sizin səhnəyə gəldiyiniz dövrlə müqayisədə bu gün məşhur olmaq daha asandırmı?
- Təbii ki, indi asandır. İndi gənclərin özünü tanıtmaları üçün hər bir şərait var. Tələbəlik illərim “20 Yanvar”, Qarabağ hadisələrinə təsadüf edib. O qədər çətinlik görmüşəm ki. O zamanlar talonla ət, yağ alırdıq. İndi hər şey daha asandır. Allaha şükürlər olsun, indi müəllimlər də çoxdur. Hazırda biz internet əsrində yaşayırıq. Müasir zəmanədir, hər gün yeni bir şey icad olunur. Misal üçün, indi disklər götürüb istifadə etmək mümkündür və yaxud da gənc ifaçı nəyisə öyrənmək istəyirsə, müəllim olmadan da elə internetdən hər şeyi öyrənə bilir. O zaman belə şeylər yox idi. Maqnitofonu güclə tapıb muğama qulaq asırdıq. İndi hər şey rahatdır. Mən indiki gənclərin səhnəyə yol tapmasında heç bir çətinlik görmürəm.
- Sizcə, bu gün səhnədə kimlərə yer yoxdur?
- İncəsənətdə olan insanlara dedi-qodular, aravurmalar yaraşmır. Hər bir insanın xarakteri bir cürədir. İstəməzdim, ifaçıların ailələrindəki söz-söhbətlər efirlərə yol tapsın. Sənət dostlarımla münasibətim yaxşıdır. Heç kimə də belə halları yaraşdırmıram. İstəmirəm, kiminsə haqqında pis nəsə yayımlansın. Biz ifaçılar xalqın gözündə hər zaman ucada oluruq. İnsanlar bizə sevgi ilə baxırlar. Onlara belə şeyləri göstərmək yaxşı deyil.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər