• cümə, 29 Mart, 18:12
  • Baku Bakı 14°C

Bağçaların müştərək maliyyələşməsi hansı perspektiv vəd edir?

03.12.16 10:15 1184
Bağçaların müştərək maliyyələşməsi hansı perspektiv vəd edir?
Azərbaycanda uşaq bağçaları və musiqi məktəblərində müştərək maliyyələşmə prinsipinin tətbiq olunacağı gözlənilir. Bu barədə cümə axşamı Milli Məclisin komitə iclasında 2017-ci ilin dövlət büdcəsi zərfinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov məlumat verib. Nazirin sözlərinə görə, məktəbəqədər uşaq bağçalarında müştərək maliyyələşmə mexanizmi tətbiq oluna bilər. "Biz artıq bazar iqtisadiyyatına keçmişik. Dövlət üzərinə sosial yükü götürüb. Bu da prezidentin apardığı siyasətdir. Sosialyönümlü siyasət üstünlük təşkil edəcək. Lakin bəzi xərclərin dövlətlə əhali arasında bölüşdürülməsi, həmin xərclərin düzgün, səmərəli həyata keçirilməsinə ictimai nəzarətin tətbiqinə gətirib çıxarır”. Hazırda pullu və dövlət büdcəsi hesabına maliyyələşən bağçaların olduğunu deyən nazirin sözlərinə görə, burada müştərək maliyyələşmə prinsipləri də tətbiq oluna bilər.
Nazir bildirib ki, hazırda musiqi məktəblərinin müştərək maliyyələşmə prinsiplərinə də baxılır: "Mədəniyyət və Turizm Nazirliyi ilə məsləhətləşmələrə başlamışıq. Musiqi məktəblərində də müştərək maliyyələşmə prinsipləri tətbiq oluna bilər. Bir hissəsi dövlət və bir hissəsi maraqlı valideynlər tərəfindən ola bilər. Valideynə maraqlıdırsa ki, uşaq bu sahədə oxusun, yəqin, cüzi də olsa, bu prosesdə iştirak etməlidir”.
Bəs görəsən, müştərək maliyyələşmənin reallaşması hansı perspektiv vəd edir? Mövzu ilə bağlı suallarımızı ekspertlər cavablandırdı.
İqtisadçı-alim Vüqar Bayramov qəzetimizə açıqlamasında bildirdi ki, burada əsasən adıçəkilən müəssisələrin büdcədənkənar mənbələrin hesabına maliyyələşməyə cəlb edilməsi nəzərdə tutulub: "Burada söhbət dövlət büdcəsi ilə yanaşı, qeyd edilən müəssisələrin öz maliyyə vəsaiti hesabına maliyyələşdirilməsinin həyata keçirilməsindən gedir. Bu həm də bəzi ödənişli xidmətlərin göstərilməsi ilə bağlı digər mənbələrdən vəsaitin cəlb edilməsi formasında həyata keçirilə bilər. Beləliklə, büdcədən həmin istiqamətə ayrılan vəsaitlərin azalmasına imkan yaranır və vəsaitlərə qənaət edilməsinə kömək edir. Nəticədə büdcədən sözügedən müəssisələrin saxlanılması üçün daha az vəsait xərclənəcək. Lakin büdcə vəsaitlərinə qənaət burada fiskal əhəmiyyət daşıyır. Digər tərəfdən, həmin müəssisələrə büdcədənkənar vəsaitin cəlb edilməsi maliyyə muxtariyyətinin formalaşmasına səbəb olacaq. Bu da imkan verəcək ki, büdcədənkənar vəsaitlər cəlb etməklə öz daxili maliyyə imkanlar hesabına maliyyə müstəqilliyini mərhələli şəkildə təmin edə bilsin. Lakin burada heç də büdcədən asılılığın tamamilə aradan qaldırılmasından söhbət getmir. Bu qədər qısa zamanda praktiki olaraq bu, ümumiyyətlə mümkün deyil”.
İqtisadçı deyir ki, əsas məqsəd mərhələli şəkildə maliyyələşməni təmin etməkdir: "Güman edirəm ki, bu, sözügedən müəssisələrin idarə edilməsində yeni bir mərhələ olacaq. Mühüm əhəmiyyətli məqamlardan biri də adıçəkilən müəssisələrin həssas və sosial baxımdan vacib müəssisələrin olmasıdır. Ona görə də çalışmaq lazımdır ki, bu müəssisələrdə pullu xidmətlərin sayı çox olmasın və xidmətlə bağlı ciddi qiymət artımının da qarşısı alınsın. Maliyyə muxtariyyətinin formalaşması heç də pullu xidmətlərin sayının artmasına və xidmətlərin qiymətinin yüksəlməsinə səbəb olmamalıdır. O baxımdan, büdcə vəsaitlərinə qənaət vacibdir. Amma bu proses, qeyd etdiyim kimi, xidmətlərin qiymətinin artmasına səbəb olmamalıdır. Ona görə də hesab edirəm ki, burada nəzarətin gücləndirilməsinə ciddi ehtiyac var. Nəticə etibarı ilə çalışmaq lazımdır ki, maliyyə muxtariyyəti sosial ədalətin pozulmasına gətirib çıxarmasın”.
Təhsil eksperti Kamran Əsədovisə müştərək maliyyələşmədən sonra musiqi məktəblərinə gedənlərin sayında azalma olacağından narahatdır: "Düzdür, kapitalizm dövründə özünümaliyyələşdirmə qaçılmazdır. Ancaq mən bundan sonra musiqi məktəbinə gedən uşaqların sayında azalmanın olacağından narahatam. Çünki musiqi məktəbinə getməyin ali məktəbə qəbul zamanı hər hansı bir üstünlüyü yoxdur. Hər bir valideyn bundan sonra musiqi təhsilini bir kənara qoyub, övladını yalnız qəbul imtahanı istiqamətinə yönəldəcək. Bu isə nəticədə mədəni enişə gətirib çıxara bilər. Ona görə də özünümaliyyələşdirmə prosesində qiymətlər tənzimlənməlidir ki, süni bahalaşma yaradılmasın. Əlbəttə, büdcə gəlirlərinin aşağı düşməsindən sonra itkiləri kompensasiya etmək anlaşılandır. Amma buna baxmayaraq, hesab edirəm ki, dövlət bu sahədə əvvəlki konsepsiyasını bacardıqca qorumalıdır. Yeni yanaşma bu sahəyə cəlb olunanların sayında ciddi azalmaya səbəb olmamalıdır”.
Ekspert deyir ki, hazırda məktəbəqədər təhsil müəssisələrinə gedən şagirdlərin sayı ümumilikdə bu yaş kateqoriyasına daxil olanların 27 faizini təşkil edir: "Əgər bu gün, dövlət bağçalarına gedənlərin sayı yüz on min nəfərdirsə, özəl bağçalara gedənlərin sayı 3500 nəfərdir. Valideynlərin büdcəsi hesabına gedilən bağçalarla dövlət bağçası arasındakı fərq açıq-aşkar görünür. Onsuz da valideynlər qeyri-rəsmi olaraq məktəbəqədər təhsil müəssisələrində müəyyən məbləğ ödəyirlər. Əlbəttə, dövlət təhsil müəssisələrindəki təhsillə özəl təhsil müəssisələrinin keyfiyyət fərqi çox böyükdür. Hər kəs istəyər ki, övladını özəl təhsil müəssisəsinə göndərsin. Lakin valideynlər məcburdurlar ki, övladlarını ödənişsiz dövlət bağçalarına göndərsinlər. Bu, onların gəlirləri ilə bağlı olan bir şeydir”.
Şəbnəm
banner

Oxşar Xəbərlər