• cümə axşamı, 28 mart, 19:46
  • Baku Bakı 13°C

Bacalarımızı kim təmizləsin?

10.12.13 09:24 1365
Bacalarımızı kim təmizləsin?
“Bir neçə gün əvvəl qonşumuz ailəlikcə dəm qazından zəhərləndi. Az qalmışdı ki, 5 nəfərlik ailə üzvlərinin hamısı həlak olsun. Belə təhlükə hər birimizi gözləyir. Hamısının da səbəbkarı 112 saylı JEK-dir”. Bunu Buzovna qəsəbəsində yaşayan Füruzə xala deyir. Onun sözlərinə görə, köhnə 3 mərtəbəli binalarda yaşayırlar.
Havalar soyuyandan bəri dəfələrlə 112 saylı mənzil-istismar sahəsinə (JEK) müraciət etsələr də, gəlib damda tüstü bacalarını təmizləməyiblər: “İstilik sistemi bizdə yaranışdan yoxdur. Mənzillərimiz kaminlərlə qızır. Binalar tikiləndə istilik üçün kaminlər quraşdırılıb. Əvvəllər hər il payız aylarında bacalar təmizlənirdi. İndi sakinlər güc-bəla ilə buna nail olurlar. Bu il isə nə qədər müraciət etsək də, reaksiya yoxdur. Bir balaca güclü külək əsən kimi, qazın tininin hamısı evlərimizdədir. JEK-ə müraciət etdik, bizə dedilər ki, 30 nəfər yığılın, müraciət edin, hər ev də 7 manatdan yığıb versin, gəlib təmizləyək. Bəs bizim verdiyimiz mənzil haqları hara gedir, nəyə xərclənir? Hərənin öz işi-gücü, evinin, ailəsinin dərdi, problemi var, kim qabağa düşüb bunları etməlidir?”
Füruzə xala suallarında kifayət qədər haqlıdır. Əslində bu sualların cavabı da var: qanunvericilikdə JEK-lər artıq bir qurum kimi yoxdurlar. 2009-cu ildən qüvvəyə minən yeni Mənzil Məcəlləsinin 141-ci maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın üç idarə edilməsi üsullarından birini seçməyə borcludur:
- binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilməsi;
- mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilməsi;
- idarəedici təşkilat tərəfindən idarə edilmə.
Göründüyü kimi, mənzil fondunun hər üç (dövlət, bələdiyyə və özəl) mülkiyyət formasında MİS-lərin xidməti barədə heç nə deyilmir. Birinci variantda “JEK”lər ləğv edilir və vətəndaşlar ayrı-ayrı xidmət dairələri ilə birbaşa müqavilə bağlayırlar. İkinci variantda, çoxmərtəbəli binalarda yaşayan vətəndaşlar birləşərək qeyri-kommersiya təyinatlı hüquqi birliklər yaradırlar. Yəni onlar özlərinə öz aralarından birlik sədri seçirlər, maliyyə-təftiş komissiyası formalaşdırırlar. Daha sonra müxtəlif kommunal xidmət təşkilatları ilə birlik adından müqavilələr bağlayırlar. Üçüncü halda isə bina sakinləri yığışaraq özlərinə idarə edən şirkət seçmək üçün müsabiqə elan edirlər. Bu halda hansısa özəl təşkilatlar ortaya çıxaraq binanı idarə edəcəyi barədə təkliflər irəli sürürlər.
İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin eksperti Samir Əliyev deyir ki, MİS-lərin ən azı özəl mənzil fonduna xidmət göstərməsi qanunsuzdur: “MİS-lərin fəaliyyəti 1982-ci ildən qüvvəyə minmiş və ömrünü 2009-cu ildə başa vurmuş Azərbaycan SSR Mənzil Məcəlləsi ilə tənzimlənirdi. Keçmiş SSRİ-nin digər respublikalarında olduğu kimi, Azərbaycan da mənzil təsərrüfatının sovet idarəetmə üsulundan imtina yolunu tutdu. Təəssüf ki, bu imtina hələ ki kağız üzərində qalıb, reallıqda işləmir. Yeni Məcəllə MİS-lərin ləğvini tələb edir. Ancaq MİS-lər mənzil sahiblərinin iradəsinin ziddinə olaraq onlara xidmət göstərirlər. Bu isə mənzil mülkiyyətçilərinin konstitusion hüquqlarını pozur”.
Qeyd edək ki, bəzən müzakirələrdə MİS-lərin fəaliyyətinə hüquqi don geyindirmək üçün Mənzil Məcəlləsinin icrası ilə bağlı ölkə prezidentinin 24 may 2010-cu il tarixli fərmanına istinad edilir. Həmin fərmana əsasən, Mənzil Məcəlləsinin 143-cü maddəsində (dövlət və ya bələdiyyə mülkiyyətində olan çoxmənzilli binanın idarə edilməsi) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları və ya müvafiq mənzil fondunun idarəetməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanları həyata keçirir. Halbuki 143-cü maddədə müvafiq icra hakimiyyəti orqanına binanın (yalnız dövlət mülkiyyətində olan) idarə edilməsi üçün açıq müsabiqələrin keçirilməsi və seçilmiş idarəedici təşkilatla müqavilənin bağlanmasını təşkil etmək tapşırılır.
JEK-lərin əhalidən əlavə pul yığmasına gəlincə, S.Əliyev bildirir ki, bu qurumlar iki mənbədən maliyyələşir: “Bu mənbələrdən biri vətəndaşlardan toplanan mənzil haqqıdır. Nazirlər Kabinetinin 2000-ci il 40 saylı qərarı ilə vətəndaşlar hər kvadrata 1,5 qəpik mənzil haqqı ödəyirlər. Üstəlik, lift pulu, qaraj pulu kimi ödənişlər də var. İkinci maliyyə mənbəyi isə dövlət büdcəsindən ayrılan vəsaitlərdir. Hazırda ölkədə 300-ə yaxın JEK fəaliyyət göstərir. Dövlət büdcəsindən isə mənzil təsərrüfatına 16-17 milyon manat pul ayrılır. JEK-lər deyəndə ki, pulumuz yoxdur, dövlət büdcəsindən ayrılan vəsait olmasa, bununla razılaşmaq olar. Amma büdcədən vəsait ayrılır axı. Sakinlər “bu pul hara gedir” deyə sual edəndə tamamilə haqlıdırlar”.
Qeyd edək ki, S.Əliyev qanunvericilikdə nəzərdə tutulan çoxmərtəbəli binaların mənzil mülkiyyətçilərinin müştərək birlikləri - kondominimumların yaradılması ilə bağlı Binəqədi rayonunda reallaşdırılan layihədə ekspert qismində iştirak edir. Maraqlıdır, sakinlərin bu mexanizmə münasibəti necədir? Həmsöhbətimiz bildirdi ki, insanların bu məsələyə münasibəti birmənalı deyil: “Sakinlərdə məlumatsızlıq var. JEK-lər də bundan istifadə edib təbliğat aparırlar ki, sabah biz bağlananda sizə heç kim xidmət göstərməyəcək. Hətta belə bir söhbət də edirlər ki, biz sizdən mənzilhaqqını 1,5 qəpikdən yığırıq, onlar 20 qəpik alacaq. Camaat düşünmür ki, 1,5 qəpik özünə qayıtmır, binada hər hansı bir problem olanda da özləri pul yığıb həll etməli olurlar. Halbuki 20-30 qəpik verib daha rahat xidmət ala bilərlər. Maarifləndirmənin olmaması çətinlik yaradır, müqavimət var. Amma hər bir halda qərar kollegial verilir. Yığılıb qərar qəbul edirlər ki, hər kvadrata görə nə qədər pul yığaq. Heç kim kənardan müdaxilə etmir.
Digər tərəfdən, güzəşt qrupları olur. Tutaq ki, hamı bilir ki, bir binada 5 ailənin maddi durumu pisdir. Onlara güzəşt edilir, ya az pul verir, ya heç vermirlər. Yəni əsas odur ki, birgə qərar qəbul edirlər, heç kim mane olmur. Ən əsas isə, öz əmlakı olan evi üzərində insanlar özləri müstəqil qərar qəbul edir. İstəsən özün idarə edirsən, istəsən idarəedici şirkətə verirsən, bu şirkəti də özün seçirsən”.
Füruzə xala da deyir ki, JEK-lərin qorxan yeri var – dövlət: “Bəs yeni yaranan o birliklər kimdən qorxacaq? Hərə ağzını bir tərəfə tutacaq, problem yenə olacaq”. Bu variantın fəlsəfəsi odur ki, binanı üçüncü bir şəxs yox, sakinlərin özü idarə edir. Gürcüstanda, Moldovada və Rusiyada bu sahədə xeyli dərəcədə irəliləmələr baş verib. Keçmiş SSRİ ölkələrindən yalnız Azərbaycanla Türkmənistanda çoxmərtəbəli binaların idarə edilməsi sahəsində islahat aparılmayıb və “JEK”lər qalmaqdadır. Hətta Tacikistanda və Özbəkistanda da artıq “JEK”lər ləğv edilib və kondominimumlar, yəni çoxmərtəbəli binaların mənzil mülkiyyətçilərinin müştərək birlikləri yaradılıb. Bu zaman dövlətdən mənzil-istismar sahəsinə ayrılan vəsaitlərin də xərclənməsinin üzərində nəzarət təşkil etmək mümkünləşir. Kondominimumların olduğu bütün ölkələrdə də dövlət büdcəsindən binaların təmiri üçün vəsait ayrılır. İndi həmin vəsaitin “JEK”lər tərəfindən xərclənməsi üzərində heç bir ictimai nəzarət yoxdur. Burada fəlsəfə odur ki, vətəndaş idarəetməyə nəzarət edə bilsin. Hazırda icra hakimiyyətləri tərəfindən təyin edilən “JEK” rəislərinə heç bir nəzarət yoxdur. Bütün bunları Füruzə xalaya dedikdən sonra cavabı bu oldu: “Nə bilim, vallah”...
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər