Babası və nənəsinin qatili məhkəmə qarşısında

Babası və nənəsinin qatili məhkəmə qarşısında

Kriminal
03 Oktyabr 2012, 17:05 1460
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eynulla Vəliyevin sədrliyi ilə qətl törətməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb. Məhkəmə qarşısında paytaxtda yaşlı ər-arvadı qətlə yetirməkdə ittiham olunan Ramil Ələkbərov, Rahib Ağayev, Vüqar Əliyev cavab verib.
İttihama görə, 2011-ci ilin iyulunda paytaxtın Nərimanov rayonu Ağa Nemətulla küçəsi, ev 62, mənzil 16 ünvanında yaşayan 76 yaşlı Cabbar Əkbərov və onun həyat yoldaşı, 78 yaşlı Tellər Əkbərova xüsusi amansızlıqla qətlə yetirilib. Lakin həmin vaxt ər-arvadı qətlə yetirən şəxsləri müəyyən etmək mümkün olmayıb. Təxminən 6 aya yaxın davam edən əməliyyat-istintaq tədbirlərinin nəticəsində mərhumların doğma nəvəsi Ramil Əkbərovun başçılıq etdiyi 3 nəfərdən ibarət dəstə tərəfindən öldürüldüyü müəyyənləşib. Doğma nənə və babasını qətlə yetirməkdə Ramilə dostları Rahib Ağayev və Vüqar Əliyev köməklik göstərib.
İstintaq araşdırması zamanı müəyyən edilib ki, hadisə günü hər üç şəxs Nərimanov parkında görüşüb. Söhbət zamanı Rahib və Vüqar Ramilə hər nə yolla olur olsun, kömək edəcəklərini bildiriblər. Bir qədər götür-qoydan sonra isə Ramilin təklifi ilə dostlar çıxış yolunu Əkbərovun nənə və babasını qətlə yetirərək onların evini qarət etməkdə görürlər. Buna qədər isə Ramil dostlarını nənəsinin evində 30 min manatın olması barədə məlumatlandırır. Ramil dostlarını evə aparandan sonra onları nənəsi Tellər və babası Cabbara təqdim edib. Əvvəldən isə plan belə qurulub ki, Rahib nənəni, Vüqar isə babanı qətlə yetirsin. Amma mənzildə Rahib vəzifəsinin öhdəsindən gəlsə də, Vüqar ona tapşırılan işi sona qədər yerinə yetirə bilməyib. Otağa daxil olarkən babanın sağ olduğunu görən Rahib onu da özü qətlə yetirmək qərarına gəlib. Bir maraqlı məqamı da qeyd edək ki, nənə və babasının qətlə yetirilmə səhnəsini nəvə Ramil Əkbərov soyuqqanlılıqla mənzilin hamam otağından izləyirmiş.
Hadisədən sonra mənzili ələk-vələk edən Ramil və dostları oradan vəd edildiyi kimi 30 min yox, cəmisi 5700 manat pul tapa bilib. Pulların 4000 manatı Ramil Əkbərova çatıb, qalan məbləğ isə Vüqar və Rahib arasında bölünüb.
İş üzrə məhkəmə baxışı oktyabrın 8-də davam etdiriləcək.