• cümə axşamı, 28 mart, 13:00
  • Baku Bakı 16°C

Bağ evlərinin yay mövsümü bazarı

13.06.18 15:30 2402
Bağ evlərinin yay mövsümü bazarı
İsti yay günlərində hər kəs Bakının səs-küyündən uzaqlaşmaq, təbiətin qoynuna gedib onun gözəlliyindən zövq alaraq mənəvi dinclik tapmaq istəyir. Hamı öz cibinə uyğun şəkildə istirahət edir. Bəziləri xaricə gedir, bəziləri isə ya dilbər guşələrimizdən, ya da Bakı ətrafı qəsəbələrdən birinə üz tutur. İstirahət üçün harasa gedəndə ən vacib məsələlərdən biri də "harada qalacağıq” sualına cavab tapmaqdır. Oteldə və ya bağ evində qalanlar olur. Kimisi üçün ev, kimisi üçün isə otel sərf edir. Biz də oxucuları məlumatlandırmaq üçün dəfə yay mövsümündə bağ evlərinin kirayə qiyməti ilə maraqlanıb, bazardakı vəziyyəti öyrənməyə çalışdıq.
"MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sektoru üzrə ekspert Nüsrət İbrahimov qiymətlərdə artım və ya azalmanın müşahidə edilmədiyini deyir: "Bağ evlərinin yox, ümumi olaraq mənzillərin kirayəsində may ayında 6,5 faiz, bağ evlərinin satışında isə 1,4 faiz azalma olub. Lakin bu amil bağ evlərinin kirayə bazarına təsir etməyib. Hazırda əlimizdə kirayə bazarı ilə bağlı konkret rəqəmlər olmasa da, deyə bilərəm ki, qiymətlərdə nə aşağı düşmə, nə də artım müşahidə olunmur. Hələ ki, bağ evlərinin kirayə bazarında stabillikdir. 2015-2016-cı illərdə 2013-2014-cü illərlə müqayisədə bağ evlərinin kirayə qiyməti düşmüşdü. Məsələn, əvvəllər 3000 manata olan ev, həmin dövrdə 1200-1300 manata verilirdi. Qiymətin bu qədər aşağı düşməsinin səbəbi isə bu cür evləri az adamın kirayəyə götürməsidir. İndi əksəriyyət insanın özünün bağ evi var. Kirayə götürən isə ucuz qiymətə götürür. Bahalı evlərə elə də ciddi tələbat olmur”.

Ekspertdən bağ evlərinin hansı ərazilərdə daha çox olduğunu və qiymətin nədən asılı olaraq dəyişdiyini soruşduq: "Bağ evləri əvvəllər Novxanı istiqamətində daha çox olurdu. Amma yollar təmir olunduqdan sonra, yəni 5-6 ildir ki, Mərdəkan, Buzovna, Şağan, Şüvəlan, Bilgəh tərəflərdə evlər artıb. Evlərin kirayə qiyməti əsas olaraq infrastrukturdan asılıdır. Yerləşdiyi yer, yol, kommunal şəraiti, dənizə yaxınlığı, həyətində hovuzun, avtomobili saxlamaq üçün yerin olması qiymətə təsir edən amillərdir. Daha sonra evin daxilindəki şərait əsas götürülür”.

Həmsöhbətimiz qeyd etdi ki, bu cür evlərə yerli turistlər daha çox gəlir. Bağ evləri xarici turistlərin marağını cəlb etmir: "Turistlərin kirayə bağ götürməsi əvvəllər olurdu, amma indi elə də maraq yoxdur. Çünki turist bir neçə günlük gəlir, onda da oteldə qalır. Ucuz qiymətə olan bağ evlərini onlar istəmir, baha qiymətə olanlar da turistlər üçün sərfəli olmur”.
Maraqlıdır, görəsən bağ evlərinin kirayə haqqı nə qədərdir? Yay mövsümündə bağ evlərinin qiymətini öyrənmək üçün internetdə araşdırma apardıq. Araşdırma nəticəsində həm bölgələrdəki, həm də Bakı ətrafı ərazilərdəki bağ evlərinin kirayə qiymətini öyrəndik. Qiymətlər həm günlük, həm də aylıqdır.

Qəbələ 30-250 manat (1 günü)
Quba 30-140
Xaçmaz 25-70
Xudat 20-70
Qusar 50-150
İsmayıllı 40-100
Nabran 60-80
Mərdəkan 450-7000 manat (1 aylıq)
Şüvəlan 600-5500
Novxanı 1000-7500
Buzovna 1000-8000
Bilgəh 1000-7000
Pirşağı 700-2500

Qiymətlər göstərilən bu rəqəmlər aralığında dəyişir. Günlük qiymətləri qeyd olunan evlərdə çox qaldığınız zaman endirimlər edilir. Həmçinin onu da bildirək ki, bu qiymətlər sadəcə, internetdə olanlardır. Bəlkə də real axtarışda bu qiymətlərdən həm ucuz, həm də bahalısına rast gəlmək mümkündür. Qiymətləri nəzərdən keçirdikdə hər büdcəyə uyğun bağ evlərinin olduğunu demək olar. Yəni il ərzində işləyib, yayda bir neçə günlük istirahət etmək üçün bir az kənara pul qoyan hər kəs, dincəlmək üçün regionlarımıza üz tuta bilər.

Mövzu ilə bağlı Qəbələdə bağ evlərin kirayə verilməsi ilə məşğul olan, uzun müddətdir bu sahədə fəaliyyət göstərən Emin Həsənovla həmsöhbət olduq. Müsahibimizdən həm yerli, həm xarici turistlərin bağ evinə marağını soruşduq. Emin bəy deyir ki, açığı turistlərdə maraq az olduğu kimi, ev sahibləri də evlərini turistlərə kirayəyə vermək istəmir: "Xaricdən gələn turistlər daha çox bahalı villalar kirayə götürürlər. Həmin villaların da qiyməti şəraitindən asılı olaraq dəyişir. Günü 250 manatdan başlayan qiymətlərlə təklif edirik. Hovuzu olan evlər xüsusilə baha olur. Belə evlərə maraq göstərənlər isə əsasən, ərəblərdir. Amma bəzi ev sahibləri də mənzillərini onlara kirayəyə vermək istəmir. Çünki çox dağıdıb tökürlər, pintiliklər edirlər. Evini ərəblərə bir dəfə kirayəyə verən, artıq ikinci dəfə vermək istəmir. Onlar evdən çıxandan sonra oranın təmizliyi çox çətin olur. Belə ki, evin təmizliyi baha başa gəlir, həm də bir-iki gün çəkir”.

"Amma öz vətəndaşlarımızla bağlı problem yaşanmır” deyən həmsöhbətimiz bildirir ki, hər büdcəyə uyğun evlər var: "Özümüzünkülər elə də baha evlərə üstünlük vermirlər. Günlüyü 100 manata qədər olan evlər daha çox kirayəyə götürülür. Gün sayı çox olanda qiymətdə endirimlər edirik. Qiyməti aşağı olan evlər o demək deyil ki, pisdir. Sadəcə olaraq, bəzi şəraitinə görə bir-birindən fərqlənir. İlk dəfə gələn qonaqlarımız da olur, xidmətimizdən, evlərimizdən məmnun qalıb, hər mövsüm bizi seçənlər də var. Yay başlayandan zəng vurub evləri istədikləri tarixə bron edən müştərilərimiz çoxdur”.
Günel Azadə

banner

Oxşar Xəbərlər