• çərşənbə, 24 Aprel, 09:48
  • Baku Bakı 13°C

Azyaşlılardan qazanılan reytinq

02.07.15 11:21 2376
Azyaşlılardan qazanılan reytinq
Mütəxəssislər bildirir ki, uşaqları verilişlərə çıxararkən həssas davranılmalı, reytinq onların üzərində qurulmamalıdır

Televiziyaların reytinq qazanmaq üçün heç də hər kəsə xoş olmayan müxtəlif üsullardan istifadə etdiyinin hamımız şahidiyik. Onların birincilik iddiası bəzən insanların hissiyatı ilə oynamalarına gətirib çıxarır. Son illər isə bəzi reytinq iddiasında olan verilişlərin qəhrəmanları kimi azyaşlıları da görmək olur. Müxtəlif mövzulu verilişlərdə qonaq olan uşaqları bəzən insanlara təsir etmək üçün danışdırırlar.
Uşaq isə bəlkə də heç dediklərinin fərqində belə olmur. Sadəcə olaraq hansısa situasiyada işlətdikləri bir kəlməni “Televiziya mütəxəssisləri” efirə verib reytinq yığırlar. Onların dedikləri bir kəlmənin reklam edilməsi isə həmin verilişə minlərlə izləyici cəlb edə bilir. Bəs dediklərinin fərqində olmayan azyaşlılardan bu cür istifadə etmək nə dərəcədə düzgündür? Psixoloq Vəfa Rəşidova qəzetimizə açıqlamasında bildirdi ki, Azərbaycanda uşaqların çoxu onsuz da özlərinə inamsızdırlar. Bu cür uşaqlar isə həssas və müəyyən stresslərə davamsız olurlar. Onlar insanların çox olduğu yerlərdə özlərini itirirlər, yaxud da onlara verilən suallara məcburiyyətdən cavab verirlər: “Bəzən hər hansı sual veriləndə uşaq kövrəlir, danışa bilmir. Bəzi məqamlarda isə özünü təsdiq etmək üçün ya sual verənin fikrini təkrarlayır, ya da şüuraltı hansı sözü dediyi halda pərt olmayacağını düşünüb, cavab verir. Bu da uşağın özünə olan inamını aşağı salır”.
Uşaqların günahkarlıq hissi

Psixoloq deyir ki, sonradan həmin kadrlarla qarşılaşdıqları zaman uşaqlarda günahkarlıq hissi baş qaldırır. “Mən belə demək istəmirdim” kimi düşünürlər. Bu cür uşaqlar isə aqressiv olurlar, valideynlərlə münasibətlərində də anlaşılmazlıqlar baş qaldıra bilir.
Psixoloq deyir ki, uşağın 3 yaşında heç nə anlamadığını düşünmək yanlış fikirdir: “Bəzən deyirlər ki, 2-3 yaşı var, o heç nə başa düşmür. Amma 3 yaşında uşaq fərddir, onun da düşüncələri, duyğuları, stressə davamiyyətsizliyi var. 2-3 yaşdan yeniyetməlik dövrünə qədər həssas yanaşma tələb edilir. Bəzən verilişlərdə hansısa məsələ ilə bağlı yeniyetmələrin üstünə gedildiyi hallar da olur. Orada elə davranmaq lazımdır ki, travma almasın. Onsuz da o özünə güvənsizdir, hansısa travma yaşayır. Bir az da üstünə gedəndə, artıq özgüvənləri daha da alt-üst olur. Ona görə də bu məqamlarda diqqətli olmaq lazımdır. Çünki baş verən hər şey onların şüuraltında qalır”.
Uşaqlardan istifadə etmək olmaz

Uşaq Hüquqlarını Müdafiə Liqasının rəhbəri Yusif Bəkirov deyir ki, uşaqların efirlərə çıxarılmasında, verilişlərdə iştirak etməsində heç bir problem yoxdur. Əksinə, onların danışıq qabiliyyətinə, cəmiyyətdə inkişafına kömək edə bilər: “Bəzən elə məsələlər olur ki, uşağın fikri önəmlidir. Məhkəmədə də ata və ya anası ilə qalmaqla bağlı məqamlarda uşaqların fikrinə önəm verilir. Uşağın öz fikrini söyləməsi müsbət haldır, onlara da şəxsiyyət kimi yanaşmaq lazımdır. Uşaqlara verilən suallar normal və onların seçim hüququ ilə bağlı olarsa, verilişlərə çıxarılmasında heç bir qəbahət yoxdur. Uşaqlarla bağlı efirdə hansısa arzuolunmaz məqam göstərilirsə, uşaq hüquqları ilə əlaqəli qurumlar məsələyə münasibət bildirməlidir”.
Y.Bəkirov deyir ki, efirə çıxarılan uşaqların yaş həddi və kiminlə gəlməsi də önəmlidir: “Uşağın efirə kiminlə gəlməsi önəmlidir. Məhkəmədə belə, uşağın valideyni olmadıqda ona hər hansı sual vermək düzgün deyil. 10 yaşında uşaq verilişə gəlibsə, ata-anası yanında deyilsə, kim ondan müsahibə alırsa, məsuliyyət daşıyır. Valideynsiz, qəyyumu olmadan uşaq verilişə çıxmamalıdır. Onu efirə çıxaran, gətirən, müsahibə alan uşaq hüquqlarını pozur. Uşaqlardan istifadə etmək olmaz”.
Bəzən qanunvericiliyin tələbləri pozulur

Milli Televiziya və Radio Şurasının Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov qəzetimizə açıqlamasında bildirdi ki, uşaqlarla bağlı hazırlanan proqramlarda televiziya yayımçıları ehtiyatlı olmalı, onların hüquqlarının pozulması hallarına yol verməməlidirlər: “2006-cı ildə Teleredio Şurası uşaqların və yetkinlik yaşına çatmayanların əqli, mənəvi və fiziki inkişafına ziyan vurulmasının qarşısını almaq məqsədilə xüsusi qaydalar qəbul edib. O qaydalarda efirlərdə uşaqların mənafelərinə zidd olan hallara yol verilməməsilə bağlı bir sıra məqamlar öz əksini tapıb. Onlar uşaqların baxa biləcəyi saatlarda zorakılıq səhnələri olan filmlərin, proqramların, hipnoz, sui-qəsd, erotik səhnələrin və s. efirə verilməsinin qarşısının alınması ilə bağlıdır. Kanallar demək olar ki, bu qaydalara maksimum dərəcədə riayət etməyə çalışırlar. Amma yüz faizli nəticə əldə edildiyini demək də olmaz. Bəzi hallarda qanunvericiliyin tələbləri pozulur və Şura tərəfindən müvafiq tədbirlər görülür. Ötən ilin sonlarında “Lider” və “Space” televiziyalarında azyaşlı uşaqlara qarşı zorakılıq səhnələri nümayiş etdirilmişdi. Bununla bağlı yayımçılara inzibati tənbeh tədbiri görüldü”.
Uşaq hüquqlarını müdafiə edən qurumlar aktiv olmalıdır

T.Dadaşov deyir ki, uşaqların hansı hallarda efirə çıxarılması və onlardan istifadə olunması məsələsi kimi xırdalıqlar televiziya yayımı haqqında qanunvericilikdə öz əksini tapmayıb. Amma uşaqlarla bağlı hüquqi sənədlər, konvensiyalarda onların hüquqlarının qorunması ilə bağlı çoxlu sayda məsələlər var: “Uşaqların bütün sahələrdə, eyni zamanda teleradio yayımı sahəsində hüquqlarının müdafiəsi məsələsində uşaqların hüquqları ilə müvafiq dövlət orqanları, xüsusilə Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsi məşğul olmalıdır. Hansı məqamlarda uşaqların hüquqlarının pozulduğunu müəyyənləşdirməlidirlər. Bununla bağlı Teleradio Şurası ilə Komitə arasında müəyyən əməkdaşlıq var. Müvafiq dövlət qurumları təşəbbüskar olsalar, Teleradio Şurası hərəkət edə bilər. Şura üzərinə düşən vəzifələri yerinə yetirir”.
Hüquqları pozulmuş vətəndaşlar və azyaşlıların yaxınları haqlarını tələb etməlidir

Şöbə müdirinin sözlərinə görə, uşaqların hüquqları ilə bağlı efirlərdə baş verən bütün hallara cavabdeh qurum Teleradio Şurası deyil. Uşaqların qanunsuz əməllərdə istifadə olunması efirdə nümayiş etdirilərsə, hüquq mühafizə orqanları, AQUPDK məsələyə müdaxilə etməlidir. T.Dadaşov deyir ki, Teleradio Şurasının uşaq hüquqları ilə bağlı hər bir məsələyə müdaxilə etməyə hüququ yoxdur: “Biz yayımçılara məhdudiyyət qoyuruq ki, uşaqların hüquqlarını pozmasınlar. Teleradio yayımı haqqında qanunvericilikdə teleradio yayımının ümumi prinsipləri müəyyənləşdirilib. Cəmiyyətin bütün sferaları televiziyada əks oluna bilər. Teleradio yayımı haqqında qanunvericiliyə bütün spektrlərin problemlərini salmaq mümkün deyil. Ona görə də sahələr üzrə dövlət qurumları daha aktiv olmalı və problemlərin həlli üçün birgə iş aparılmalıdır”.
T.Dadaşov onu da bildirdi ki, uşaq hüquqları ilə məşğul olan QHT-lər də bəzən efirdə azyaşlıların üzərində öz reklamlarını qururlar: “Bəzən görürsən ki, bu tip QHT-lərdən biri ailəsində problem olan uşağı gətirib çıxarır efirə və ailəsində baş verənlər barədə danışmağa sövq elətdirir. Həmin QHT uşağın hüquqlarını qorumaq əvəzinə, bu halda onun həm özünü, həm də ailəsini efir vasitəsilə biabır elətdirir. Bu halların qarşısının alınmasında yayımçılarla birgə, hüquqları pozulmuş vətəndaşlar və azyaşlıların yaxınları aktiv olmalıdırlar. Əgər belə bir aktivlik olarsa, müvafiq orqanlar, o cümlədən MTRŞ problemə daha aktiv müdaxilə edə bilər”.
Uşaq hüquqlarını pozan bir neçə veriliş bağlanıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyir ki, uşaq hüquqlarının pozulması ilə bağlı komitə hər zaman müşahidələr aparır. Bununla bağlı bir neçə dəfə monitorinqlər də keçirilib. Monitorinqlərin nəticəsinə əsasən, uşaqların hüquqlarını pozan verilişlər bağlanıb: “Artıq verilişlər bağlandığı üçün adlarını çəkmək istəmirəm. Amma bir neçə bu cür qanunsuzluğa yol verən veriliş bağlanıb. Sonradan həmin aparıcıların başqa formatda verilişləri efirdə yayımlanıb. Yeni verilişlərdə onlar proqramlarının məğzini dəyişiblər. Verilişlər hazırlanarkən qanunverclik nəzərə alınmalıdır. Etik qavranış qaydalarına riayət edilməli, verilişlərdə uşaq və qadınların hüquqları pozulmamalıdır. Qadının və ya uşağın gələcəkdə ictimai qınağa məruz qalmaması üçün bunlar nəzərə alınmalıdır. Ona görə də bəzi məqamlarda uşağın, qadının üzü göstərilməməlidir. Qadının üzü yalnız öz razılığı əsasında, uşağın üzü isə valideynin razılığı ilə göstərilə bilər. Əgər uşağın üzü göstərildiyi zaman ona zərər gələrsə, buna görə valideyn və telekanal eyni məsuliyyəti daşıyır. Ona görə də uşaqların üzü göstərilməməlidir”.
E.Səfərov deyir ki, dəyişikliklər aparılsa da, yenə də bugünkü verilişlərin formatı tam qənaətbəxş deyil: “Aparılan verilişlərin formatından narazıyıq. Uşağa zərər gətirən müəyyən hallar yenə də müşahidə olunur. Ona görə də mütəmadi olaraq işlər aparılmalı və monitorinq sistemi daha da güclü işləməlidir. Bu cür proqramlarda olan problemlər təkcə aparıcılardan asılı olmur. Aparıcı orada iştirak edən bir şəxsdir. Bütün proqramın hazırlanması zamanı detallar nəzərə alınmalıdır. Aparıcıların isə peşəkar səviyyələrinin artırılmasına ehtiyac var”.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər