• çərşənbə axşamı, 16 aprel, 18:44
  • Baku Bakı 18°C

AzTU tələbələri IV İslam Həmrəyliyi Oyunlarına hazırlaşır

17.11.16 12:26 1071
AzTU tələbələri IV İslam Həmrəyliyi Oyunlarına hazırlaşır
Azərbaycan Texniki Universitetində (AzTU) Bakı 2017 IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin nümayəndələri ilə tələbələrin görüşü keçirilib.

Universitetin mətbuat xidmətindən "Kaspi"yə bildirilib ki, görüşü giriş sözü ilə açan AzTU-nun prorektoru, professor İsa Xəlilov çıxışında bildirib ki, ölkəmizin dünyada təqdimatı və sağlam cəmiyyətin inkişafı baxımından bu yarışlar müstəsna xidmətə malikdi. Prorektor Ulu Öndər Heydər Əliyevin qurduğu inkişaf strategiyasının bu gün prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edərək idmana göstərilən dövlət qayğısından danışıb. O, bildirib ki, Azərbaycan dünyada idman ölkəsi kimi də tanınır. Bu adı qoruyub saxlamaq hər vətəndaşın borcudu. İsa Xəlilov bildirib ki, artıq AzTU-nun 400-də çox tələbəsi Bakı 2017 IV İslam Həmrəyliyi Oyunlarının dinamik inkişafını təmin etmək üçün könüllü olaraq qeydiyyatdan keçib.

Əməliyyat Komitəsinin nümayəndələri də çıxışlarında AzTU-nun tələbələrinin aktivliyindən danışıblar. Nümayəndələr Bakı 2017 IV İslam Həmrəyliyi Oyunlarına hazırlıqlar haqqında danışaraq möhtəşəm və yaddaqalan olimpiada keçiriləcəyini qeyd ediblər. Olimpiadada 18 idman növü üzrə yarışlar 16 məkanda keçiriləcək.

Daha sonra nümayəndələr Bakı 2017 IV İslam Həmrəyliyi Oyunlarının tarixindən və bu günündən danışıblar. Qeyd olunub ki, belə böyük ölçülü və irihəcmli bir tədbirin həyata keçirilməsi zamanı qonaqların qəbul olunması, idman sahəsində işlərin görülməsi və fəxri qonaqlara köməklik göstərilməsi kimi müxtəlif vəzifələri icra etmək üçün səmimi, mehriban könüllü tələbələrə ehtiyac var.

Seçilmiş bu gənclər oyunların güzgüsü olacaq və Bakı şəhərinə gələn qonaqlar üçün fərqli bir mühitin yaradılmasına kömək edəcəklər.

Bakı 2017 IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin nümayəndələri mehriban və xeyirxah, yaxşı ünsiyyət qurmağı bacaran, məsuliyyətli, xarici dilləri bilən, komandada işləməyi bacaran tələbələri bu seçimdə iştirak etməyə səsləyiblər.
Sonda nümayəndələr tələbələri maraqlandıran sualları cavablandırıblar.
Aygün Asimqızı




banner

Oxşar Xəbərlər