AzTU-nun təhsildə fərqlənən tələbələri mükafatlandırılıb

"Azerfon” MMC-nin Tədbirlər və Biznes
İcmaları ilə iş üzrə mütəxəssisi Nuranə Əliyeva Azərbaycan Texniki
Universitetində olub və təhsildə fərqlənən tələbələrlə görüşüb.
Görüşdə AzTU-nun prorektoru İsa Xəlilov "Azerfon”
MMC ilə Universitet arasındakı əməkdaşlıqdan danışaraq bildirib ki, son illər
rabitə, ümumilikdə kommutasiya sistemləri üzrə mütəxəssislərin hazırlanmasında
böyük uğur əldə olunub. Prorektor Azərbaycanın tranzit ölkə olduğunu tələbələrə
xatırladaraq qeyd edib ki, rabitə sahəsində də tranzit ölkə statusu təmin
olunmalı və inkişaf etdirilməlidir.
Daha sonra tələbələrə "Azerfon” MMC-nin xüsusi hədiyyələri
təqdim olunub.
Radiotexnika və rabitə fakültəsinin dekanı Bayram
İbrahimov, həmin fakültənin "Rabitə şəbəkələri və kommutasiya sistemləri”
kafedrasının müdiri Elçin Gözəlov çıxış edərək tələbələrə daha böyük uğurlar
arzulayıblar və Nar mobilə şirkətinin rəhbərliyinə təşəkkür ediblər.
Xatırladaq ki, 2016-cı il aprelin 14-də "Azerfon” MMC və Azərbaycan Texniki
Universiteti arasında imzalanmış birgə fəaliyyət müqaviləsi çərçivəsində təhsildə
fərqlənən tələbələrə müxtəlif mükafatlar, təqaüdlər verilməsi nəzərdə tutulub.
Bu əməkdaşlığa əsasən qış imtahan sessiyasının nəticələrinə
uyğun olaraq ümumi orta müvəffəqiyyət göstəriciləri yüksək olan tələbələr-Məmmədaslan
Quliyev, Xəyalə Həsənli və Günay Abbasova mükafata layiq
görülüblər.
