AzTU-nun Milli Qəhrəman adına layiq görülən doqquzuncu məzunu
Prezident, Ali Baş Komandan, cənab İlham Əliyev Azərbaycan
Texniki Universitetinin (AzTU) "Xüsusi texnika və texnologiya” fakültəsinin məzunu
Çingiz Salman oğlu Qurbanova "Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi
haqqında sərəncam imzalayıb.
Çingiz Qurbanova "Azərbaycanın
Milli Qəhrəmanı” adı Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub
saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi
şəxsi igidliyə görə verilib.
2012-ci ildə tələbə adını qazanan Çingizin
universitetə gəlişi Milli Qəhrəman Mübariz İbrahimovun məzarını ziyarət etməklə
başlayır. Silah mütəxəssisləri
hazırlayan "Xüsusi texnika və texnologiya” fakültəsinin ənənəsinə uyğun olaraq
Çingiz dərslərə başlamazdan əvvəl digər tələbə yoldaşları və müəllimləri ilə
birgə Milli Qəhrəman Mübariz İbrahimovun, eləcə də Şəhidlər Xiyabanında uyuyan
digər qəhrəmanlarımızın, şəhidlərimizin məzarını ziyarət edir.
Fakültədə "Optotexnika” ixtisası üzrə təhsil alan və
optik, elektron cihazlar üzrə mühəndis adını qazanan Çingiz hələ tələbəlik illərində
müdafiə qurğuları, hərbi silah-sursat haqqında geniş biliklər əldə edir.
Universitet müəllimlərinin tələbələrlə apardığı hərbi-vətənpərvərliklə bağlı
söhbətlər, Azərbaycanın həqiqətləri və mənfur qonşularımızın xalqımıza qarşı
uzun illərdən bəri həyata keçirdiyi düşmənçilik siyasəti ilə barışmayan silah
mühəndisi ilk fürsətdə qəsbkarlara qarşı əsl igidlik nümayiş etdirir.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə
Müdafiə Komplekslərimizin milli kadrlarla təmin olunması üçün yaradılan "Xüsusi
texnika və texnologiya” fakültəsinin tələbəsinin hansı yolla olursa olsun
torpaqlarımızın qorunması və azad olunması üçün bütün səylərini səfərbər edəcəyi
heç şübhə doğurmur.
Qəhrəman şəhidimiz igidliyi ilə bütün gənclərə örnək
olduğu kimi AzTU tələbələri üçün də daima örnək olacaq və qəhrəmanlığı ilə
anılacaq. Təsadüfü deyil ki, universitetdə Qəhrəmanımızın şərəfinə yaradılan
anım guşəsi tələbələr üçün bir ziyarətgaha çevrilib.
AzTU rəhbərliyi, professor-müəllim heyəti və tələbələri,
ələlxüsus Milli Qəhrəmanımızın oxuduğu fakültənin müəllimləri, Prezident, Ali
Baş Komandan, cənab İlham Əliyevə dərin təşəkkürünü bildirərək bəyan edir ki,
bundan sonra da torpaqlarımızın bütövlüyü uğrunda canını fəda etməyə hazır olan
və yüksək biliyə, bacarığa sahib olan Çingizlər yetişdirməyə davam edəcək!
Qeyd edək ki, Azərbaycan Texniki Universitetinin tələbələri,
məzunları, əməkdaşları ölkəmizin müstəqilliyi, mənfur düşməndən qorunması işində
öz fəaliyyətləri ilə fərqləniblər. 90-cı illərin əvvəllərində yüzlərlə tələbə,
məzun, əməkdaş könüllü olaraq torpaqlarımızın qorunmasında iştirak edərək qəhrəmancasına
şəhid olublar. Onlardan 8 nəfəri Milli Qəhrəman adına layiq görülüb. Çingiz
Salman oğlu Qurbanov bu sayı doqquza yüksəldib.
Ötən ilin aprel ayında erməni təxribatı ilə
başladılan "Aprel” döyüşlərində də AzTU-nun məzunları böyük qəhrəmanlıq göstərib.
"Aprel” döyüşləri zamanı universitetin 4 məzunu- Axundov Əbdülməcid Nadirşah oğlu, Mirzəyev Elvin Azadxan oğlu, Orucov Müşfiq
Arif oğlu və Quliyev Mahir Qadir oğlu düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına
şəhid olub.