• cümə, 29 Mart, 09:00
  • Baku Bakı 5°C

AzTU-nun əlaçı tələbələrinə Fəxri Fərman təqdim edilib

16.03.18 17:40 1538
AzTU-nun əlaçı tələbələrinə Fəxri Fərman təqdim edilib
Azərbaycan Texniki Universitetində (AzTU) Qış semestrində əlaçı olan və eyni zamanda öz fakültəsi və kursu üzrə ən yüksək ortalama bal yığan tələbələrlə rektor əvəzi, professor Xalıq Yahudovun görüşü keçirilib.
Görüşdə rektor əvəzi Azərbaycanda təhsilə göstərilən dövlət qayğısına diqqət çəkərək bildirib ki, AzTU-da yüksək səviyyəli mütəxəssis kimi yetişmək üçün hər cür şərait yaradılıb. Bunun əyani sübutu olaraq Qış semestrini ən yüksək ortalama balla başa vuran tələbələri göstərən Xalıq Yahudov deyib ki, əlaçıların təbliği universitetdə bir ənənə olaraq davam etdiriləcək. Rektor əvəzi qeyd edib ki, hər fakültə və həmin fakültənin hər kursu üzrə ən yüksək ortalama bal yığan tələbələr 1 ay boyunca ictimai müzakirələrə də təqdim olunublar. Belə ki, tələbələrin bal göstəricisi və foto şəkilləri universitetin 21 minlik feysbuk səhifəsində (https://www.facebook.com/AzTUFAN/) yayımlanaraq ictimai müzakirəyə buraxılıblar.
Xalıq Yahudov vurğulayıb ki, AzTU-da, ümumiyyətlə Azərbaycan ali təhsil müəssisələrində ilk dəfə olaraq keçirilən bu bilik yarışmasının qalibləri gələcəkdə Fəxri Fərmanla yanaşı pul mükafatı ilə də mükafatlandırılacaqlar.
Görüşdə çıxış edən fakültə dekanları 9 min tələbənin arasından hər fakültə üzrə 4 tələbənin seçilərək ictimaiyyətə təqdim olunmasını və bu yolla sağlam rəqabətin formalaşdırılmasını, eləcə də bilikli, savadlı gənclərin dövlət siyasətinə uyğun şəkildə irəli çəkilməsini çox müsbət hal kimi qiymətləndiriblər. Qeyd olunub ki, imtahan nəticələri yüksək olanların təbliği digər tələbələri də təhsilə sövq edəcək.
Tədbirdə tələbələrə Fəxri Fərmanlar təqdim edildikdən sonra universitetin həyətində xatirə fotosu çəkilib.
banner

Oxşar Xəbərlər