• cümə axşamı, 28 mart, 19:42
  • Baku Bakı 13°C

AzTU-da məktəblilər üçün Açıq Qapı Günü keçirilib

17.05.18 17:37 858
AzTU-da məktəblilər üçün Açıq Qapı Günü keçirilib
Azərbaycan Texniki Universitetində (AzTU) Bakı şəhəri məktəbliləri üçün Açıq Qapı Günü keçirilib. Açıq Qapı Günündə Bakının 2 və 16 saylı Texniki-Humanitar liseylərinin, eləcə də 5, 53 və 225 saylı tam orta məktəblərinin XI sinif şagirdləri iştirak edib. Şagirdlərlə birlikdə adı çəkilən məktəblərin direktorları və fizika, kimya, riyaziyyat müəllimləri də Açıq Qapı Gününə qatılıblar.
Qonaqlarla görüşdə AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov universitet haqqında ətraflı məlumat verib. Bildirilib ki, yaranma tarixi 1950-ci ildən hesablanan Azərbaycan Texniki Universitetinin formalaşması daha əvvəllər başlayıb. Belə ki, XX əsrin əvvəllərindən Azərbaycanda texniki ali təhsillə bağlı bir sıra işlər görülüb və bunun nəticəsi olaraq 1920-ci ildə ölkəmizdə ilk texniki ali məktəb – Bakı Politexnik İnstitutu yaradılıb. Azərbaycan Texniki Universitetinin məhz Bakı Politexnik İnstitutu əsasında formalaşdığını bildirən rektor əvəzi deyib ki, ötən 100 ilə yaxın müddətdə Azərbaycanda, o cümlədən Azərbaycan Texniki Universitetində texniki ali təhsilin demək olar ki, bütün istiqamətlərində elmi potensial yaradılıb və kadr hazırlığı həyata keçirilir.
Xalıq Yahudov inkişaf etməkdə olan sənayemizdə yüksəkbilikli mühəndis kadrlara böyük ehtiyac olduğuna diqqət çəkərək məktəbliləri texniki ixtisaslara yönəlməyə çağırıb.
Daha sonra məktəblilərin və onları müşayət edən müəllimlərin universitetə ekskursiyası başlayıb. Burada onlar Azərbaycan Texniki Universitetinin laboratoriyaları, elmi-tədqiqat mərkəzləri, tamamilə kompüterləşdirilmiş imtahan mərkəzləri, kitabxanası, müxtəlif auditoriyaları və muzeyləri ilə tanış ediliblər.
Əsasən I və II ixtisas qrupları üzrə ali məktəbə hazırlaşan məktəblilərin iştirak etdiyi Açıq Qapı Günündə bəzi tədqiqat işləri, eləcə də avadanlıqların işə salınması elə məktəblilərin iştirakı ilə həyata keçirilib. Gəzinti zamanı kafedra və laboratoriya müdirləri ilə aparılan danışıqlarda qərara alınıb ki, müxtəlif fənlər üzrə bəzi laboratoriya işlərinin yerinə yetirilməsində Azərbaycan Texniki Universitetinin alimlərinin iştirakı da təmin olunsun və tədris ili boyunca şagirdlərin universitetə gəliş-gedişi təşkil edilsin.
Universitetlə ətraflı tanışlıqdan sonra AzTU-nun Heydər Əliyev Mərkəzində toplantı keçirilib. Toplantıda məktəblilər və müəllimlər AzTU haqqında öz təəssüratlarını bölüşüblər.
Açıq Qapı Gününün sonunda Azərbaycan Texniki Universitetinin tələbələri məktəblilər üçün konsert proqramı təşkil ediblər.
banner

Oxşar Xəbərlər